Əsas ANALİTİKAFİLMLƏRİN İSTEHSALI ÜÇÜN ÇƏKİLMİŞ XƏRCLƏRİN QİSMƏN GERİ ÖDƏNİLMƏSİ QAYDALARI TƏSDİQLƏNİB

FİLMLƏRİN İSTEHSALI ÜÇÜN ÇƏKİLMİŞ XƏRCLƏRİN QİSMƏN GERİ ÖDƏNİLMƏSİ QAYDALARI TƏSDİQLƏNİB

by editor

“Azərbaycan Respublikasının ərazisində kinematoqrafiya əsərlərinin və digər audiovizual əsərlərin istehsalı ilə bağlı bəzi məsələlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 29 may tarixli 610 nömrəli Sərəncamının 1-ci hissəsinin icrasını təmin etmək məqsədilə Nazirlər Kabineti qaydaları təsdiq edib. Bunlar Filmlərin və digər audiovizual əsərlərin istehsalı üçün çəkilmiş birbaşa məqbul xərclərin dövlət büdcəsindən Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin tabeliyində “Azərbaycan Respublikasının Kino Agentliyi” publik hüquqi şəxsə ayrılan vəsait hesabına qismən geri ödənilmə şəklində maliyyələşdirilməsi və qismən geri ödənilmə ilə bağlı müsabiqələrin təşkili və keçirilməsi qaydalarını müəyyən edir.

Bu Qaydalar Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq xarici və ya birgə istehsal olunan audiovizual əsərlərə şamil edilir. Qismən geri ödənilmə film istehsalı zamanı filmin istehsalçısının birbaşa məqbul xərclərini əhatə edir. Bu Qaydaların məqsədləri üçün film istehsalı dedikdə, filmin çəkilişi (prodakşn) və filmin çəkilişinin tamamlanması (post-prodakşn) mərhələləri başa düşülür. Məqbul və qeyri-məqbul xərclərin siyahısı və xərc elementləri daxilində məhdudiyyətlər bu Qaydaların 1 nömrəli əlavəsi ilə müəyyən olunur.

Bu Qaydalara əsasən filmlərin istehsalı üçün çəkilmiş xərclərin aşağıdakı hissəsi qismən geri ödənilmə qaydasında maliyyələşdirilə bilər:

filmin istehsalı üçün Azərbaycan Respublikasında mal, iş və xidmətlərin alınmasına xarici istehsalçı tərəfindən çəkilmiş xərclərin 25 faizi məbləğində;

Qaydaların 2 nömrəli əlavəsi ilə müəyyən edilmiş əlavə mədəniyyət meyarlarının azı üçünə cavab verdikdə, çəkilmiş xərclərin 15 faizi məbləğində.

Janrından və müddətindən asılı olmayaraq, bir film üzrə təqvim ili ərzində qismən geri ödənilə biləcək məbləğin maksimum həddi 1000000 (bir milyon) ABŞ dolları təşkil edir.

Qismən geri ödənilmə ilə bağlı müraciət edən şəxs xarici filmlər üçün – filmin xarici istehsalçısının Azərbaycan Respublikasında əməkdaşlıq etdiyi, Azərbaycan Respublikasında qeydiyyatdan keçmiş hüquqi şəxs və ya xarici film istehsalı xidməti göstərən hüquqi şəxslərin Azərbaycan Respublikasında qeydiyyatdan keçmiş filialları, birgə istehsal filmləri üçün isə – filmin yerli birgə istehsalçısı olmalıdır.

bədii, sənədli, animasiya və ya çoxseriyalı filmin çəkilişi mərhələsində təqvim ili ərzində azı 5 (beş), reklamın çəkilişi mərhələsində təqvim ili ərzində azı 2 (iki) çəkiliş günü Azərbaycan Respublikasının ərazisində təbii şəraitdə və ya studiyalarda çəkiliş aparılmalı (animasiya filmlərində – animasiya işləri aparılmalı), yaxud filmin çəkilişinin tamamlanması mərhələsinin bir hissəsi Azərbaycan Respublikasının ərazisində həyata keçirilməlidir;

Azərbaycan Respublikasının vətəndaşları aşağıdakı əsas yaradıcı və texniki rollardan azı birində filmin çəkiliş qrupunda iştirak etməlidirlər:

filmin ikinci rejissoru, prodüseri, ikincirol aktyoru (azı bir nəfər), köməkçi operatoru, istehsal səs mikseri ustası, redaktoru, quruluşçu rəssamı, quruluşçu və ya kostyum dizayneri;

ümumi büdcənin ən azı 40 faizi məbləğində vəsait çəkiliş heyətində iştirak edəcək Azərbaycan Respublikası vətəndaşlarının əməyinin və ya xidmətlərinin ödənilməsi ilə bağlı xərclənməlidir.

Qismən geri ödənilmə şəklində maliyyələşmə illik müsabiqələr əsasında, “ilk müraciət edən ilk maliyyələşir” prinsipi əsasında, yəni təsdiqlənmiş müraciətlərin xronoloji ardıcıllığı ilə, müvafiq il üçün müəyyən olunmuş ümumi büdcə daxilində həyata keçirilir.

Müsabiqəyə təqdim edilmiş layihələrin qiymətləndirilməsi Agentlik tərəfindən bu məqsədlə yaradılmış Film Komissiyası tərəfindən aparılır.

Qismən geri ödənilmə şəklində maliyyələşdirilməsi barədə qərar qəbul edilmiş filmlərlə bağlı Agentlik ilə ərizəçi arasında qərarın verildiyi tarixdən 30 (otuz) gün ərzində qismən geri ödənilmə şəklində maliyyələşmə müqaviləsi bağlanılır.

Filmlərin istehsalı üçün çəkilmiş xərclərin qismən geri ödənilməsinin maliyyələşdirilməsi üçün əlavə mədəniyyət meyarları nəzərdə tutulur:

çəkilmiş xərclərin 2%-i həcmində geri ödənilmə – Azərbaycan Respublikasının vətəndaşı filmin rejissoru kimi filmin çəkiliş qrupunda iştirak etdikdə;

çəkilmiş xərclərin 1%-i həcmində geri ödənilmə (filmin titrlərində ilk 10 şəxsin arasında adı çəkilməklə) – Azərbaycan Respublikasının vətəndaşları filmin aparıcı aktyoru (azı bir nəfər), filmin ssenaristi, filmin operatoru, filmin əsas musiqisinin bəstəkarı kimi filmin çəkiliş qrupunda iştirak etdikdə;

çəkilmiş xərclərin 1%-i həcmində geri ödənilmə (filmin titrlərində ilk 3 şəxsin arasında adı çəkilməklə) – Azərbaycan Respublikasının vətəndaşları filmin aparıcı aktyoru (azı bir nəfər) kimi filmin çəkiliş qrupunda iştirak etdikdə;

çəkilmiş xərclərin 0,5%-i həcmində geri ödənilmə – Azərbaycan Respublikası Dövlət Gerbinin azı 5 saniyə ərzində kadrda aydın şəkildə görünməsi;

çəkilmiş xərclərin 0,5%-i həcmində geri ödənilmə – Azərbaycan Respublikası Dövlət Bayrağının azı 5 saniyə ərzində kadrda aydın şəkildə görünməsi;

çəkilmiş xərclərin 0,5%-i həcmində geri ödənilmə – “Azərbaycan” adının azı 3 saniyə ərzində kadrda aydın şəkildə görünməsi;

aşağıdakılardan hər hansı biri olduqda, çəkilmiş xərclərin 1%-i həcmində geri ödənilmə: adı və Azərbaycanın mədəni irs nümunəsi olması qeyd edilməklə, hər hansı bir Azərbaycan nağılından və ya dastanından parçanın Azərbaycan dilində davamlı olaraq azı 30 saniyə ərzində filmdə səsləndirilməsi; Azərbaycan Respublikasının və Azərbaycan xalqının tarixinə və mədəniyyətinə aid faktın təhrif edilmədən davamlı olaraq azı 20 saniyə ərzində filmdə səsləndirilməsi və ya azı 10 saniyə ərzində filmdə göstərilməsi;

aşağıdakılardan hər hansı biri olduqda, çəkilmiş xərclərin 1%-i həcmində geri ödənilmə: adı və Azərbaycanın mədəni irs nümunəsi olması qeyd edilməklə, hər hansı bir Azərbaycan muğamından hissənin orijinal şəkildə davamlı olaraq azı 30 saniyə ərzində filmdə vokal, instrumental və ya vokal instrumental şəklində səsləndirilməsi və ya ifa edilməsi; adı və Azərbaycanın mədəni irs nümunəsi olması qeyd edilməklə, hər hansı bir Azərbaycan xalq mahnısının Azərbaycan dilində orijinal versiyada davamlı olaraq azı 20 saniyə ərzində filmdə səsləndirilməsi; adı və Azərbaycanın mədəni irs nümunəsi olması qeyd edilməklə, hər hansı bir Azərbaycan xalq rəqsinin orijinal versiyada davamlı olaraq azı 20 saniyə ərzində filmdə ifa və ya nümayiş edilməsi; adı və müəllifləri (ifaçıları olduqda, habelə ifaçıları) qeyd edilməklə, Azərbaycan müəlliflərinə məxsus mətnli və ya mətnsiz vokal, instrumental və ya vokal instrumental musiqi əsərinin orijinal versiyada davamlı olaraq azı 20 saniyə ərzində filmdə səsləndirilməsi;

aşağıdakılardan hər hansı biri olduqda, çəkilmiş xərclərin 1%-i həcmində geri ödənilmə: adı qeyd edilməklə, Azərbaycanın UNESCO-nun “Qeyri-maddi mədəni irs nümunələrinin Reprezentativ Siyahısı”na və “Təcili qorunmaya ehtiyac olan qeyri-maddi irs nümunələrinin Siyahısı”na daxil edilmiş qeyri-maddi mədəni irs nümunələrindən hər hansı birinin davamlı olaraq azı 10 saniyə kadrda nümayiş etdirilməsi; adı və mənsubiyyəti qeyd edilməklə, UNESCO-nun “Dünya yaddaşı reyestri”nə Azərbaycan üzrə daxil edilmiş aşağıdakı əlyazmalardan hər hansı birinin davamlı olaraq azı 10 saniyə nümayiş etdirilərək kadrda göstərilməsi və ya barəsində mətnin səsləndirilməsi:

aşağıdakılardan hər hansı biri olduqda, çəkilmiş xərclərin 1%-i həcmində geri ödənilmə: adı qeyd edilməklə, Azərbaycanın UNESCO-nun “Dünya İrsi Siyahısı”na daxil edilmiş mədəni və təbii irs yerindən hər hansı birinin davamlı olaraq azı 10 saniyə kadrda nümayiş etdirilməsi; adı (adları) qeyd edilməklə, Azərbaycanın UNESCO-nun “Yaradıcı Şəhərlər Şəbəkəsi”nə daxil edilmiş şəhərlərdən hər hansı birində və ya bir neçəsində azı 3 fərqli nöqtədə çəkilmiş, toplam müddəti 30 saniyə təşkil edən kadrların filmə daxil edilməsi; adı və Azərbaycanda olması qeyd edilməklə, Azərbaycan Respublikasının ərazisində yerləşən hər hansı abidənin və digər mədəniyyət obyektinin, mədəni landşaftın, təbiət ərazisi və obyektinin, flora və fauna nümunəsinin davamlı olaraq azı 10 saniyə ərzində kadrda görünməsi;

çəkilmiş xərclərin 2%-i həcmində geri ödənilmə – filmin çəkilişinin azı 3 (üç) gün Azərbaycan Respublikasının bölgələrində və ya bu əlavədə sadalananlardan başqa digər turizm məkanlarında aparılması;

çəkilmiş xərclərin 1%-i həcmində geri ödənilmə – Azərbaycan istehsalı olan məhsulların filmdə nümayiş etdirilməsi;

çəkilmiş xərclərin 1%-i həcmində geri ödənilmə – Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi ilə razılaşdırılmaqla, Azərbaycan Respublikasının mədəniyyətinə, tarixinə, coğrafiyasına, təbiətinə, elminə və digər sahələrə aid məlumatların filmdə nümayişi;

çəkilmiş xərclərin 1,5%-i həcmində geri ödənilmə – ümumilikdə azı 10 dəqiqə ərzində ədəbi dildə mətnin səsləndirilməsi.

Qaydalarla daha detallı şəkildə tanış olmaq üçün Nazirlər Kabinetinin internet saytındakı orijinal mətnə müraciət edə bilərsiniz.

Əlaqədar Yazılar