Əsas İRİ PLANDAMÜSAHİBƏ ƏLİ-SƏTTAR QULİYEV: “MADDİ-MƏNƏVİ İMKANLAR RAHAT KOORDİNASİYA OLUNSA, MÖVZU TAPMAQ ASANLAŞACAQ”

ƏLİ-SƏTTAR QULİYEV: “MADDİ-MƏNƏVİ İMKANLAR RAHAT KOORDİNASİYA OLUNSA, MÖVZU TAPMAQ ASANLAŞACAQ”

by editor

Qısa tanıtma: Əli-Səttar Elxan oğlu Quliyev Bakı şəhərində anadan olub. Əvvəlcə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (1998-2002, 2003-2005) bakalavr və magistr təhsili alıb. Sonra ali təhsilini Azərbaycan İqtisad Universitetində (2004-2006) davam etdirib. Əmək fəaliyyətinə Azercell”in müştəri xidmətləri (2003-2007) şəbəkəsində başlayıb. Sonra “İz Production”da art-direktor (2007-2011), Tonica Production”da menecer (2012-2016) işləyib. 2011-ci ildə Azanfilm” studiyasının direktor müavini təyin edilib. 2015-2023-cü illərdəMozalan” studiyasının direktoru vəzifəsində çalışıb. 2023-cü ildə Gənclər və İdman Nazirliyində rejissor işləyib. 2024-cü ildə Nizami Kino Mərkəzinin direktoru təyin olunub.

2011-2014-cü illərdə Beynəlxalq Kann festivalında Mədəniyyət və Turizm Nazirliyi tərəfindən təşkil olunmuş nümayəndə heyətinin üzvü olub. Filmləri Kann, Tamprera, Kazan, Daşkənd, Düşənbə, Tbilisi beynəlxalq festivallarında iştirak edib. Kinoinfo.az saytı Əli-Səttar müəllimlə görüşüb onu həm yeni təyinatı münasibətilə təbrik edib, həm də tanınmış rejissor kimi kinomuzun hazırkı durumu və perspektivləri barədə fikirlərini öyrənib. Həmsöhbətimizə ilk sualımız indi daha çoxçəkilməsi vacib hesab olunan müştərək film yaradıcılığına münasibət bildirməsi ilə bağlı oldu. Rejissor bu addımları təqdir etdiyini söylədi:

– Ümumiyyətlə, müştərək filmlər çəkmək çox vacibdir. Mənim fikrimcə Cinema Breeze çərçivəsində keçirilən OMarket kimi marketlər bizim üçün çox əhəmiyyətli meydandır. Bu marketdə əsasən Yaxın Şərq və Mərkəzi Asiya ölkələrinin filmlərinin iştirakını görürük. Onların sırasına qatılmaqsa o deməkdir ki, artıq bizim kino bazarımızın çevrəsi təkcə on milyon nəfərlik azərbaycanlıları yox, 50-100 milyonluq əhalinin kino meydanını əhatə edə bilər. Ona görə də tərəddüd etmədən və vaxt itirmədən bu böyük meydana çıxışımızı təmin etməliyik.

– Müştərək filmlərin uğurlu istehsalı üçün mövzu seçimi də  xüsusi əhəmiyyət kəsb edir. Üstəlik prodüserlərin anlaşması və komandaların ortaq məxrəcə gələ bilməsi də önəmlidir…

– Əlbəttə ki, hər şey prodüserlərdən, maddiyyatdan asılıdır. Yəni, maddi və mənəvi imkanlardan. Bu imkanlar rahatca koordinasiya oluna bilsə, o zaman mövzular tapmaq da asan olar. Bir az yaradıcı düşünmək bu addım mövzuların araşdırılıb tapılması işini stimullaşdırar. Məsələn, həm Mərkəzi Asiya ölkələri – Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkmənistanla, həm də təbii ki, Türkiyə ilə adət-ənənələrimiz oxşar, tariximiz uyğundur. Ona görə də ortaq mövzular fikirləşmək mümkündür. Sadəcə bunun üçün maliyyə və prodüserlərin, istehsalçıların yetərincə istəyi olmalıdır.

– Əli-Səttar müəllim, bəs bu filmləri çəkmək üçün ilk addımlar, hərəkətlənmə necə start götürməlidir?

– Təkcə bu coğrafiyada deyil, ümumiyyətlə beynəlxalq festivallarda iştirak etmək üçün başqa ölkələrdə olduğu kimi Azərbaycan tərəfindən də ən azından bir qrup kinematoqrafçı akkreditasiyadan keçib o marketləri gəzərək iştirakçı ölkələrin təcrübəsini, ümumən oradakı ab-havanı öyrənməlidir. O təcrübələri mənimsədikdən sonra vaxt itirmədən işə başlamaq lazımdır. Əlbəttə ki, yaxşı film çəkiləndə yaxşı prodüserlər də, yaxşı distribütorlar da tapmaq olar. Əgər filmin özü yaxşıdırsa, onun taleyi də yaxşı olacaq.

PANDEMİYADAN ƏVVƏL İLDƏ 50 FİLM ÇƏKİLİRDİ”

– Aydındı. Bəs yerli film istehsalının hazırkı vəziyyəti necə, qaneedicidirmi?

– Pandemiyadan əvvəl ümumiyyətlə Azərbaycan filmləri, yerli istehsalat bizim bazarımız üçün çox yüksək səviyyədə idi. İldə 40-50 film çəkilirdi. İndi bu filmlər çəkilmir. Mənim fikrimcə, dəstək olmaq lazımdır. Xüsusilə, özəl sektora köməklik göstərmək və dəstək olmaq vacibdir. Az və ya çox pulla fərqi yoxdur. Çünki nə qədər çox film çəkilsə, həm bizim kinematoqrafçılar bundan pul qazana bilər, həm də prodüserlər prokatdan qazanmaqla pullarını geri qaytarıb yenidən öz növbəti filmlərini çəkə bilərlər. Vaxt var idi, yerli istehsal daha çox pul və reytinq gətirirdi, nəinki xarici filmlər.

– Sizcə, filmlər daha çox dövlət büdcəsi hesabına və ya özəl sektorun xəttilə çəkilsə yaxşıdır?

– Mən hər zaman müsahibələrimdə bir məsələni xüsusi vurğulamışam. Yenə də təkrar edirəm: film çəkiləndə fərqi yoxdur bu dövlət tərəfindən çəkilir, yaxud özəl sektor  tərəfindən, bütün hallarda istehsalın tam ərsəyə gətirilməsindən əvvəl filmin büdcəsindən ən azı 20-25 faiz vəsait piara və reklama ayrılmalıdır. Lakin bizdə film bitiriləndən sonra filmin piarına başlanılır. Əslində, bunun üçün heç çəkilişi, montaj dövrünü belə gözləməyə ehtiyac yoxdur. Əgər istehsalçılar öncədən bu layihəyə inanırlarsa, elə öncədən də onun piarına pul xərcləmək lazımdır. Təbii ki, telekanallar da, radio şirkətləri də, sosial şəbəkələr də bunun üçün çox əhəmiyyətli rol oynayır. Amma fikrimcə, bu problemi öncədən, vaxt itirmədən həll etmək lazımdır. Onun effekti çox böyük olacaq.

NİZAMİ KİNO MƏRKƏZİNƏ RƏHBƏRLİK ZAMANIMI ALSA DA, YARADICILIĞI ATMAQ FİKRİNDƏ DEYİLƏM

– Nizami Kino Mərkəzi ilə bağlı planlarınızı eşitmək Kinoinfo.az saytının oxucuları, eləcə də paytaxt sakinləri üçün maraqlıdır…

– Heç bir ay deyil ki, Mədəniyyət Nazirliyi tərəfindən məni Nizami Kino Mərkəzinə direktor təyin ediblər. Hal-hazırda yeni planlar – təbii ki, bəzi islahatları özündə əks etdirəcək planlar üzərində işləyirəm. Bu barədə öz təsəvvürümü, perkspektiv planı necə gördüyümü yaxın zamanda rəhbərliyə təqdim edəcəyəm.

– Əli-Səttar müəllim, siz ölkə tamaşaçıları üçün dəyərli bir sənət adamı, rejissor kimi hər zaman maraq kəsb etmisiniz. Məmurluq yaradıcılıq işlərini arxa planda saxlamayacaq?

– Yox. Qətiyyən. Prodüser kimi 2022-ci ildə çəkilişini etdiyimiz, rejissorluğu Azər Quliyevə məxsus “İkinci planetin qırmızı rəngi” qısametrajlı filmimiz bu ilin mart ayında Tampere festivalında təqdim olunub. Sonra bir neçə dəfə Gürcüstan və Amerika Birləşmiş Ştatlarının kino festivallarında yer alıb. Sonuncu məlumata görə, hazırda bu film Sankt-Peterburq Beynəlxalq Film Festivalında yarışır. Yeri gəlmişkən, Sankt-Peterburqdakı “Poslaniye k Çeloveçestvu” (Bəşəriyyətə çağırış) adlanan film festivalı Rusiyanın ən nüfuzlu festivallarından hesab olunur.

Üstəlik, prodüserlikdən əlavə özümün də bir neçə hekayələrim var ki, hazırda onların üzərində işləyirəm. Düzdür, Nizami Kino Mərkəzində vaxtımı alacaq administrativ işlər daha çoxdur. Buna rəğmən üç tammetrajlı ssenarim var ki, onların da üzərində dayanmadan işləyirəm. Fikrim var ki, yaxın gələcəkdə onları da filmləşdirim. Baxmayaraq ki, indi Nizami Kino Mərkəzinə rəhbərlik etmək xeyli zamanımı alır, amma mən buna görə qətiyyən ürəkdən bağlı olduğum yaradıcılığı atmaq fikrində deyiləm.

Əlaqədar Yazılar