İlahə Həsənova 1987-ci ildə Ağsu rayonunda anadan olub. 2003-2007-ci illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Dram-teatr aktyorluğu fakültəsində təhsil alıb. 2007-2008-ci illərdə Bakı Bələdiyyə Teatrında, 2010-2012-ci illərdə YUĞ Teatrında çalışıb. 2010-cu ildən Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında fəaliyyət göstərir.
İlahə Həsənovanın yaradıcılığında “Teleskop”, “Kuraj və uşaqları”, “Şah və şair”, “Don Juan”, “Qanlı Nigar”, “Sərgüzəşti Vəziri xani Lənkəran”, “Qadın məhəbbəti”, “Psix”, “Bir, iki, bizimki” kimi teatr tamaşalarında yaratdığı qadın obrazları ilə yanaşı, kino kariyerasında da əldə etdiyi uğurlarla yadda qalıb. Sənətçinin kino kariyerası rejissor Həbibə Mirzəyevanın “Xəyallar gündəliyi” (qısametrajlı bədii film, 2008) filmi ilə başlayıb. İlahə Həsənova “Bakı, mən səni sevirəm” (kinoalmanax, 2012), Emin Əfəndiyevin “Hədiyyə” (qısametrajlı bədii film, 2016), İlqar Nəcəfin “Nar bağı” (tammetrajlı bədii film, 2017) filmlərində əsas rolları canlandırıb.
“Nar bağı” filmi aktrisaya beynəlxalq kino festivallarda uğur gətirib. Belə ki, sənətçi filmdə canlandırdığı Sara obrazına görə Türkiyədə keçirilən Antakya Beynəlxalq Film Festivalında “Ən yaxşı aktrisa” nominasiyası üzrə baş mükafatın sahibi olub, bununla yanaşı 15-ci Kazan Beynəlxalq Film Festivalında “Ən yaxşı aktrisa” mükafatına layiq görülüb. Bu beynəlxalq uğura kimi “Nar bağı” filmi Minsk (Belarus), Malatya (Türkiyə), Avrasiya (Qazaxıstan), Asya və Sakit okean hövzəsi ölkələrinin Kino Akademiyasının əsas mükafatını qazanıb. İlahə Həsənovanın çəkildiyi son film Elvin Rüstəmzadənin “Dalan” (tammetrajlı bədii, 2019) adlı filmidir.
İlahə Həsənova istər teatr, istərsə də kino təcrübəsində əsasən kompleksiz, təbii və müəyyən qədər cəsur obrazları ilə yadda qalıb. Sənətçi peşəkar yanaşmanın hər şeyin üstündə olmasını vurğulayaraq, istər tamaşaçı, istərsə də sənətçilər arasında hələ də müzakirələrə səbəb olan cəsur və ya intim səhnələrin tabu olmaqdan çıxmasının önəminə diqqət çəkir. Bu məqamda sənətçinin, “əgər sənət reallığı əks etdirən aynadırsa, sənətçi də bu aynanı tamaşaçıya doğru çevirən qüvvədir” metaforasını dəstəklədiyini demək mümkündür.
İlahə Həsənova aktyor və aktrisaların bu missiyanın fərqində olaraq öz peşələrini yerinə yetirməsinin vacibliyini diqqətə çatdırır.