MÜŞFİQ HƏTƏMOV: “YARADICILIQ, İSTEHSAL VƏ XİDMƏTİN TƏNZİMLƏNMƏSİ ÜÇÜN NORMATİV SƏNƏDLƏRƏ EHTİYAC VAR”
AZƏR AYDƏMİR: ““CİNEMA TALKS” İDEYA MÜBADİLƏSİNDƏ ƏHƏMİYYƏTLİ PLATFORMADIR“
Artıq məlumdur ki, 10 mart 2025-ci il tarixində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı, kino sənayesi nümayəndələrinin iştirakı ilə Heydər Əliyev Mərkəzində “Cinema Talks” (Kino Müzakirələri) panel-müzakirəsi keçirilib. Azərbaycan kino industriyasının problemləri, özəl studiyalar və kinoya xarici investorların cəlbi kimi vacib problemlərin müzakirəsinə həsr olunmuş tədbirin iştirakçıları – Azərbaycan Prodüserlər Gildiyası İctimai Birliyinin sədri Müşfiq Hətəmov və “Kino Sənayesi İnkişafı” Fondu İctimai Birliyinin sədr müavini Azər Aydəmir kinoinfo.az internet portalının əməkdaşı ilə həmsöhbət olaraq paneldə müzakirə olunan məsələlər və ümumiyyətlə kino sənayemizin durumu barədə sualları cavablandırdılar.
– Azərbaycan kinosunun üç əsas problemi hansıdır?
Müşfiq Hətəmov:
-Azərbaycan kino industriyasında yaradıcılığın, istehsalın və xidmətin tənzimlənməsi üçün normativ sənədlərə ehtiyac var. Bu sənədlər həm şəffaflıq yaradır, həm də asan çəkiliş və yaradıcılıq sistemini formalaşdırır. Mən də çıxışımda vurğuladım ki, daha tez və effektiv nəticə əldə etmək üçün Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikası Kino Agentliyi, Azərbaycanfilm kinostudiyası, özəl studiyaların normal fəaliyyət göstərməsi və xarici şirkətlərin Azərbaycana cəlb edilməsi üçün lazım olan ciddi normativ sənədlər kino sahəsində xaosun qarşısını almaq və sistemli iş qurmaq üçün çox vacibdir. Eyni zamanda, “film komissiyası haqqında qanun layihəsi”nin hazırlanıb qəbul edilməsi də hazırda Azərbaycan kino industriyasının inkişafı üçün çox lazımlı və təqdirəlayiq addım olar.
Azər Aydəmir:
– İlk problemimiz birliyin olmamasıdır. Mənə elə gəlir ki, Azərbaycanda kino pərakəndə deyil, komanda şəklində fəaliyyət göstərməlidir. İkinci məsələ odur ki, Azərbaycan kinosunun istehsalçıları ilk növbədə xalqın istək və marağını rəhbər tutmalı, sonra isə ali sənət meyarlarını və Avropa tənqidçilərinin baxış bucağını nəzərə almalıdır. Üçüncü problem isə korporativ dünyanın kino sektoru ilə əlaqənin tamamilə olmamasıdır. Potensial sponsorlar, investorlar, şirkətlər bir qrup halında, kino camiəsi isə ayrı bir qrup halında fəaliyyət göstərir. Halbuki onlar arasında daim dialoq olmalıdır. Kino sahəsi üçün elə bir platforma yaradılmalıdır ki, müstəqil rejissorlar və prodüserlər öz layihələrini, ideyalarını potensial investorlarla müzakirə edə bilsinlər. Çünki Azərbaycan mədəniyyətinə dəstək vermək istəyən şirkət və holdinqlər hara və necə müraciət etməli olduqlarını bilmirlər. Bu əlaqənin qurulması vacibdir. Belə bir platforma formalaşsa, müstəqil rejissorlarımız və prodüser mərkəzlərimiz daha çox film çəkə biləcəklər.
-Bu problemin həll olunması üçün nələr lazımdır?
Müşfiq Hətəmov:
– Mədəniyyət Nazirliyi və ARKA bu istiqamətdə böyük işlər görür. Lakin sistemin zəifliyi bəzi prosesləri ləngidir. Cənab nazir dekabr ayında çıxışında Mədəniyyət Nazirliyinin bütün strukturunu təhlil etdi. Bu zaman bəlli oldu ki, problemlər uzun illərin nəticəsində yığılıb qalıb və onlar tədricən öz həllini tapmalıdır.
Azər Aydəmir:
-Bilirsiniz, müstəqil kino insanlarının bu istiqamətdə maraqlı ideyaları var. Bu ideyalar səsləndirilməli, müzakirələrə təqdim edilməlidir. Məsələn, bu gün müstəqil kino insanlarının təqdim olunan üç layihəsi Azərbaycan kinosunun qismən inkişafına töhfə verəcək. Əgər kino ictimaiyyəti və cəmiyyət bu təşəbbüsləri dəstəkləsə, deməli belə təşəbbüslər davamlı xarakter almalıdır. Ümumiyyətlə, kino sahəsində çalışan hər kəs təkcə öz işi ilə məşğul olmamalıdır. Kapitalizm dövründə biz dayanıb gözləyə, yerimizdə saya bilmərik. Kino sənayesinin inkişafı üçün kino cameəsinin hər bir peşəkar təmsilçisi təşəbbüslərlə çıxış etməli, ideyalarını bölüşməli və Azərbaycan kinosu üçün aktiv ictimai xadim kimi fəaliyyət göstərməlidir. Elə paneldə də xüsusi vurğulandı ki, kino sahəsində fəaliyyət göstərən rejissorlar, prodüserlər, aktyorlar, ssenaristlər, investorlar və bu sahəyə maraq göstərən hər kəsə yeni əlaqələr qurmaq və ideya mübadiləsi aparmaq üçün “Cinema Talks” əhəmiyyətli bir platformadır.
Söhbətləşdi:
Aynur Kazımova