HACI SƏFƏROV: “HƏBSDƏN ÇIXMIŞ KİŞİ HƏYAT YOLDAŞINI QAPALI BİR MƏKANA APARIR…”
Niyə “Tərsinə kölgələr”? Kinotənqidçi Hacı Səfərovun bədii film çəkilişindəki debütü filmin adındakı bu qeyri-adiliklə də diqqətləri çəkməmiş deyil. Hər bir yeniliksə istər-istəməz arxasındakı imzaların diqqət mərkəzinə gəlməsini qaçılmaz edir. Hacı Səfərovun bu yeni işi də marağımıza səbəb oldu. Zaman itirmədən kinotənqidçininin debütünü Kinoinfo.az internet portalının oxucularına təqdim etmək üçün ondan müsahibə aldıq.
-Hacı müəllim, bu sizin debüt bədii filminizdir. İlk təcrübəniz ürəyinizcə oldumu?
-Təcrübəm tam təsadüf nəticəsində baş tutdu. Film çəkmək fikrim yox idi. Amma ssenarilər yazırdım. Hazırda filmin quruluşçu operatoru olan yaxın bir dostum film işləmək istədiyini dedi. Əlavə etdi ki, müəyyən qədər vəsait də toplayıb. Əgər məndə də maraqlı ssenari olsa, birlikdə çəkmək istəyər. Beləliklə, ssenarini göndərdim ona. Oxudu, bəyəndi və dedi ki, bunu çəkə bilərik. Amma ssenari mənim bir o qədər də xoşuma gəlmirdi. Ona görə də başladım onu inkişaf etdirmək üçün müxtəlif insanlara oxutdurmağa. Açığı, bu işi başlamaq mənim üçün ilk növbədə çox stressli, yeniliklər, yeni şeylər öyrəndiyim bir mərhələ idi. Çünki filmin nəzəri tərəfini bilmək ayrı, praktik tərəfini bilmək tamam ayrı məsələlərdir. Bu baxımdan mənim üçün film çəkmək çox çətin idi. Bəs niyə görə stress yaşayırdım? Çünki, biz bu işin üstündə bir növ zamanla yarışırdıq. Axı bizim elə böyük büdcəmiz də yox idi. Amma mən istəyirdim ki, biz buna zaman ayırırıqsa, öz əməyimizi sərf ediriksə, maksimum dərəcədə çox çalışaq və ortaya daha yaxşı məhsul qoya bilək. Ona görə əsas problemlərdən biri olan maddi məsələlərin axtarışlarına başladım. Bu əsnada bir məsələni də etiraf edim ki, maddiyyat axtarışlarına çıxmamış filmin xətt prodüseri Ülviyyə Məmmədova ilə görüşüb onun müvafiq təcrübəsindən faydalandım. O bildirdi ki, mən mütləq ikinci rejissor da tapmalıyam. Bu isə təbii ki, əlavə xərclərə ehtiyacımızı bir qədər də artırmış olurdu. Ona görə də tanıdığım, mənə inanan insanlara maddi yardım üçün müraciətlər etdim. Mən onlara filmin layihəsini təqdim etdim və sağ olsunlar ki, az da olsa yardımlarını əsigəmədilər. Beləliklə, filmi çəkib bitirdik. Amma umumi nəticə baxımından çox maraqlı bir təcrübə ortaya qoyuldu. Yəni bəlli oldu ki, filmi nəzəri olaraq bilmək hələ işin hamısı deyil. Bəzi şeyləri dəyərincə anlamaq və yeri gəldikcə dəyərləndirmək üçün əvvəlcə özünün film çəkməklə məşğul olmağına ehtiyac var. Belə bir ifadə də var ki, kinotənqidçilər ən azı bir film çəkməlidirlər. Mən həmin o bir dəfəni istifadə etdim. Məncə, filmim də yaxşı alınıb.
-“Tərsinə kölgələr…” Bu ad bir qədər cəlbedici, bir qədər də qeyri-müəyyən görünür… Yeri gəlmişkən, filmin mövzusu barədə də məlumat verməyinizi istərdik…
-“Tərsinə kölgələr”in mövzusu mərhum yazıçımız Rəhim Dünyamalının “Tərsinə addımlayan kölgələr” romanındakı on səhifədən ibarət bir hissədən götürülüb. Biz təbii ki, həmin hissəni istifadə etmək üçün yazarın ailəsindən də icazə aldıq. Mövzu budur ki, həbsxanadan illər sonra çıxan bir şəxs həyat yoldaşı ilə görüşmək istəyir. Amma onunla görüşmək üçün birbaşa evinə getmir. Həyat yoldaşını görüşə çağırır. Qadın isə nə baş verəcəyini bilmir. Kişi onu qapalı bir məkana aparır. Orada onlar bir növ “üzləşirlər”. İdeya orada bundan ibarət idi. Mən isə həmin ideyanı film üçün inkişaf etdirdim. Məsələn, belə bir ardıcıllıqla ki, bir insanı, bir kişini bu qərarı verməyə məcbur edən səbəblər nədir? Film də elə bu haqdadır, yəni iki insan arasında olan münasibət, keçmişdə baş verənlərin onların münasibətlərinə təsiri və bu təsir nəticəsində heç vaxt istədikləri, axtardıqları o ideal şəraiti tapa bilməməkləri. Çünkü onlar müəyyən normalar səbəbindən cəmiyyət içində yaşaya bilmirlər. Eyni zamanda tənhalıqda da onların hiss və düşüncələri bir-biri ilə toqquşur və istər-istəməz ziddiyətlər yaranır…
-Filmin yaradıcı heyəti barədə fikirlərinizi bilmək istərdik…
-Filmin quruluşçu rejissoru, ssenari müəllifi və prodüserlərindən biri mən özüməm. Demək olar istehsal mərhələsinin bütün detalları ilə də özüm məşğul olmuşam. “Tərsinə kölgələr”in digər prodüserləri Emil Nəcəfov və Türkan Hüseyndir. Bildiyiniz kimi, onlar “Chinar film”i təmsil edirlər. Quruluşçu operatoru isə Elvin Məmməd, quruluşçu rəssamları Bahar Dəmir, Pərviz Bayramquliyev və Gülnar Rəhimzadədir. Filmə ikinci rejissorluğu Vəfa Fətullayeva, xətt prodüserliyini Ülviyyə Məmmədova, bəstəkarlığı Nigar Süleyman yerinə yetirib. Montajçılarımız Mətləb Muxtarov və Mirzəli Əlizadədir. Aktyorlardan Zülfiyyə Nəzər Məmmədova Gülşad rolunu, Rasim Cəfər isə Hüseyn rolunu ifa edirlər. Səs rejissoru Sergey Nutrunenko, rəng korreksiyaçısı Etka Kızıltepedir.
-Hacı müəllim, sirr deyilsə filmin çəkilişlərinə kimlər dəstək oldu?
-Əslində filmdə iştirak edən hamı bizə dəstək oldu. Onu deyim ki, cüzi miqdarda qonorar almaqlarına rəğmən, könüllü şəkildə aktyorlar Rasim Cəfər və Zülfiyyə Nəzər Məmmədovadan quruluşçu rəssamlara qədər hamı işimizə dəstək oldu. İstehsal prosesinə qədər isə mən ilk növbədə Emil Nəcəfovdan dəstək gördüm. O, filmin prodüserliyini də etdi.
Eyni zamanda, filmə icazələrin alınması, texniki dəstəklər də göstərildi. Azərbaycan Kinematoqrafçılar İttifaqına (AKİ) müraciət etdim və ittifaq da mikro maliyyələşdirmə vasitəsilə filmə dəstək oldu. Daha sonra isə fərd olaraq mən şəxsən tanıdığm Vüqar Salamlıya, Faiq Əliyevə, Bəhmən Məmmədova müraicət etdim və onlar da maddi dəstəklərini əsirgəmədilər. Digər tərəfdən isə “Azərbaycanfilm” kinostudiyasının əməkdaşları bizə müəyyən paltarların tapılmasında və seçimində kömək etdilər. Ümumilikdə filmin özündə iştirak edən yaradıcı heyət də işimizə qarşılıqsız yardımcı oldu. Film tamamlanandan sonra təsadüfən gördük ki, Azərbaycan Respublikası Kino Agentliyi (ARKA) postprodakşn mərhələsində olan filmlər üçün müsabiqə elan edib. Biz də ARKA-ya müraciət etdik. Orda da bizim layihəmizə – çəkdiyimiz filmə baxıldı və bəyənildi. Beləliklə onlar da bizə dəstək oldular və nəticədə filmi bitirə bildik.
-Debüt film çəkərkən rejissorların qarşılaşdığı əsas çətinlik nə olur?
-Debüt film çəkən rejissorların qarşılaşdığı əsas problem onların filmi nə qədər vaxta çəkəcəklərini konkretləşdirə bilməmələri olur. Çünkü onların zaman anlayışı bir qədər fərqlidir. Xüsusilə mənim üçün belə oldu. Mən elə bilirdim bu filmi bir günə çəkə bilərəm. Sonra gördüm düzdür bir günə çəkə bilərəm, amma işimin keyfiyyəti olmaz. Filmi iki günə çəkdik. Tutalım biz bunu beş, ya altı günə çəksəydik, o zaman daha keyfiyyətli bir iş ortaya qoymuş olardıq. Filmin istehsal mərhələsindəykən hiss edirsən ki, onu gənc də olsa, ən azından müəyyən təcrübəsi olan insanlarla işləmək istehsalçının çox köməyinə gələ bilər. Bu mənada filmin xətt prodüseri Ülviyyə Məmmədovanın mənə çox köməkliyi dəydi. Müəyyən təsəvvürlər yarandı ki, biz bu filmi hansı müddətə çəkə bilərik. Digər tərəfdən ikinci rejissor Vəfa Fətullayeva da mənə zamanın düzgün müəyyən olunması, zamanın düzgün nəzarətdə saxlanılması baxımından kömək etmiş oldu. Ona görə düşünürəm ki, debüt film çəkənlərin əsas üzləşəcəyi çətinliklərdən biri budur. Digər tərəfdən isə filmə başlayarkən çox yaxşı hazırlıq prosesi keçməlisən. Əgər düşünürsənsə ki, sən gedəcəksən setdə bunu çəkməyə başlaycaqsan və hər şey yaxşı alınacaq, o zaman çox yanılacaqsan və böyük ehtimalla ortaya çox da pis iş qoymuş olacaqsan. Ona görə mən filmi çəkməmişdən qabaq aktyorlarla 4-5 dəfə görüşdüm. Onlarla hər görüşümüz məşqlər demək idi. Təbii ki, bu yanaşma Azərbaycanda adətən bir az normal qəbul edilmir. Çünki mənə aktyorlar da dedi ki, onlar film çəkilişi zamanı birbaşa setə gedərək orada danışır və elə orada da çəkilişlərin necə aparılacağına dair qərar verirlər. Fikir verirsinizmi?! Axı bu necə keyfiyyətli bir iş yarada bilər?! Mən düşünürəm ki, bu, qətiyyən düzgün deyil. Çəkilişlərə əvvəlcədən hazırlıqlı olmaq lazımdır. Rejissor ssenarisi yazılanda artıq məkanı və kameranın harada olacağını bilməlisən. O rejissor ssenarisində bütün hər şeyi aydın şəkildə qeyd etməlisən ki, nəyi necə çəkəcəyini aydınlaşdıra biləsən. Əlbəttə, bütün bunları edərkən zamanı nəzərə almaqdan tutmuş işığın quraşdırılması, filmin sonunda da bir bənzər səhnə varsa orada işığın necə quraşdırıılmasına qədər hər şeyi müəyyənləşdirməlisən. Eyni zamanda nəyin əvvəldə, nəyin sonda çəkilməsinin daha məntiqli olacağını aydınlaşdırmalısan. Çünkü bunlar həm keyfiyyətə təsir edəcək amillər, həm də vaxta qənaət deməkdir. Ümumiyyətlə, filmi çəkəndə əsas məsələ maddi resurslarla vaxt resursunu birləşdirməkdən ibarətdir. Çünki əlində müəyyən qədər vəsait olduğundan sən həmin o vəsaitə uyğun şəkildə davranmalısan ki, üzərinə götürdüyün işi məsuliyyətlə və keyfiyyətli şəkildə başa çatdıra biləsən. Bu çətinliklər insanı bir qədər müşkülə salır.
Müsahibəni aldı: Aynur Kazımova