ARKA-nın maliyyələşdirdiyi növbəti film istehsala buraxıldı.
Hadisələr foto studiyada başlayır. Fotoqraf Sona xanımın fotosunu çəkməyə hazırlaşır və bu vaxt küçədə səs-küy düşür. Studiyanın geniş pəncərəsindən küçədəki izdiham görünür. Sona xanım fotonun çəkilməsini gözləmədən yerindən qalxıb küçəyə çıxır. Bunu gözləməyən fotoqraf aparatı işə salır və tüstü ətrafı bürüyür. Kompozisiyada isə boş kətil görünür. Sona xanım həyəcanla limana doğru aparılan türk əsirləri izləyir. Ac-susuz və yaralı durumda olan əsirlərin halın görən izdihamla, yəni Bakı sakinləri ilə rus əsgərləri arasında gərginlik yaranır.
Bu real hadisələr “Nargin” adlı bədii-sənədli filmin süjet xəttinə daxildir. Rejissor Elməddin Alıyev və Xəyyam Abdullazadənin “Nargin” adlı filmi ARKA-dan 350 min manat dəyərində maliyyə qazanıb. 55 dəqiqəlik tarixi dram “Karvan production” tərəfindən istehsal olunur. Filmin ssenarisi Xəyyam Abdullazadəyə məxsusdur.
Filmin süjeti və qəhrəmamları real tarixi hadisələrə və şəxslərə əsaslanır. Birinci Dünya Savaşı zamanı Sarıqamışda ruslara əsir düşən 10 min türk Xəzərdəki “Nargin” adasına yerləşdirilir. Onların bu adadakı faciəvi həyatı azərbaycanlıları narahat edir. Türk əsirlərin Nargin adasından sistemli şəkildə qaçıranlardan biri də Sona xanım Hacıyevadır. Sona xanım Bakıda yaşayan neft milyonçularından birinin həyat yoldaşı, həmçinin “Bakı Müsəlman Xeyriyyə Cəmiyyəti”nin qadınlar bölümünün rəhbəri olub. Sona xanım fədakarlıq göstərərək şəxsi hesabına əsirlərə tibbi, ərzaq yardımı göstərib və yüzlərlə əsirin, əsasən də yüksək rütbəli zabitlərin xilas olunmasına nail olub. Ən əsası isə onların adadan qaçırılması əməliyyatlarında şəxsən iştirak edib. Türk əsirləri Nargin düşərgəsindən xilas etdiyi üçün istintaqa cəlb olunub. İstintaq zamanı rus və erməni müstəntiqlər Sona xanımın şəxsi arxivini məhv ediblər.
Filmin çəkilişləri Bakıda, Nargin adasında və Türkiyədə həyata keçiriləcək.
“Nargin” 2025-ci ildə geniş tamaşaçı auditoriyasına təqdim olunacaq.