EMİL NƏCƏFOV: “EMRAH BƏY BÜDCƏNİN ƏSAS HİSSƏSİNİ TÜRKİYƏ MƏDƏNİYYƏT NAZİRLİYİNDƏN TƏMİN ETDİ”
EMRAH KILIÇ: “FİLM BİR AZ DƏRİNLİYİ OLAN İRONİK HEKAYƏNİ İZAH ETMƏYƏ ÇALIŞIR”
Artıq xəbər verdiyimiz kimi Azərbaycan və Türkiyə kinematoqrafiyasının birgə istehsalı olan “Ölü Həsən” filminin istehsalına başlanılıb. Aldığımız məlumata görə, çəkilişləri respublikamızın ərazisində baş tutan ortaq film-layihənin həyata keçirilməsi işləri uğurla aparılır. Bəs filmin birgə istehsal kimi ərsəyə gəlməsi necə baş tutub? Çəkiliş proseslərini izləyən Kinoinfo.az əməkdaşı bu və digər suallara cavab almaq üçün filmin prodüserləri Emil Nəcəfov və Emrah Kılıçla söhbətləşib:
– Emil bəy, Emrah bəy, “Ölü Həsən” filmində sizi cəlb edən nə oldu ki, bir araya gələrək onun prodüserliyini birgə reallaşdırmağa həvəsləndiniz?
Emil Nəcəfov:
– Filmin ssenari müəllifi və rejissoru Türkan Hüseyn hələ 2021-ci ildə filmin ssenarisini mənə danışanda artıq ideyaya maraq məni çox cəlb etmişdi. Beləcə, birlikdə işləməyə başladıq. Həmin dövrdə Mədəniyyət Nazirliyinin tammetrajlı filmlərə dəstək müsabiqəsi var idi. 2022-ci ildə bu biz də adıçəkilən layihə ilə müsabiqəyə müraciət etdik və qaliblərdən biri olduq. Amma sonradan Mədəniyyət Nazirliyində dəyişikliklər baş verdi, yeni rəhbərlik məsələlərlə tanış olana qədər xeyli vaxt keçdi.
Əvvəllər başqa bir türkiyəli prodüserlə çalışırdıq, kağız üzərində hər şey yaxşı gedirdi. Təəssüf ki, gecikmələr səbəbindən maliyyə ayrılmadı və müqavilə bağlanmadı. Hər iki prodüser kənara çəkildi və onların yerinə Emrah bəy layihəyə qoşuldu. İndi o, bizim türkiyəli ortağımızdır. Ssenariyə gəldikdə isə, məni ən çox cəlb edən onun gündəlik tamaşa etdiyimiz filmlərdən fərqli mövzuda yazılması idi. Türkanla əvvəllər qısametrajlı bir film işləmişdik. İş birliyimiz maraqlı alınmışdı. Bir-birimizi də yaxşı tanıdığımızdan birlikdə tammetrajlı layihəyə başlamağa qərar verdik.
Emrah Kılıç:
– Mən bir prodüser olaraq ilk növbədə çalışacağım insanları yaxından tanımağa çalışıram. Yekunda güvənə biləcəyim və kinoya olan səmimi münasibətinə inandığım insanlarla işləməyə üstünlük verirəm. Emil bəy ilə çoxdan tanışıq, həm də Azərbaycanla qarşılıqlı sevgi münasibətimiz var. Əvvəllər Hilal Baydarovla bir film işləmişdik. Ssenariyə gəlincə, burada rejissora yönəlmək istəyirəm. Film bir az dərinliyi olan, ironik bir hekayəni izah etməyə çalışır. Rus ədəbiyyatının da burada təsiri hiss olunur.
– Maliyyə dəstəyi alarkən hansı çətinliklərlə qarşılaşdınız? Kimlər sizə dəstək oldu?
Emil Nəcəf:
– Əvvəldə adını çəkdiyim müsabiqədə qalib gələn layihələrə müəyyən qədər maliyyə ayrılırdı. Lakin indi bizə ayrılan məbləğ filmin ümumi büdcəsinin yalnız 25 faizini təşkil edir. Qalan hissəsini Emrah bəy Türkiyə Mədəniyyət Nazirliyində keçirilən koproduksiya yarışması vasitəsilə təmin etdi. Film “Ultra Production” və “Poetika Film” (Türkiyə) studiyalarının birgə istehsalıdır. Azərbaycandan isə dəstəyə görə Azərbaycan Kinematoqrafçılar İttifaqının rəhbərliyinə təşəkkür edirəm. Onların dəstəyi əməkdaşlıq formatında oldu və səhv etmirəmsə, bu, AKİ tarixində bir ilk idi. Eyni zamanda İctimai televiziya və Karvan Productiona həm maliyyə, həm də avadanlıq dəstəyinə görə təşəkkür edirik. Filmin prodüserləri mən (Emil Nəcəfov), Pərviz Məmmədov, Əli İsa Cabbarov, ko-prodüserləri Emrah Kılıç və Sevinc Əliyeva, icraçı prodüserlərii Elməddin Alıyev və Duyğu Dəvəlidir. Beləliklə, filmi yavaş-yavaş ərsəyə gətiririk.
– Çəkilişlər başa çatdıqdan sonra filmlə bağlı planlarınızı bilmək tamaşaçılar üçün maraqlı olardı…
Emil Nəcəfov:
– Çəkilişlər bitdikdən sonra film beynəlxalq festivallara göndəriləcək. Daha sonra isə kinoteatrlarda nümayiş olunacaq. Türkiyədən də dəstək aldığımız üçün müqaviləyə əsasən film Türkiyədə ən azı bir həftə kinoteatrlarda göstəriləcək.
– “Ölü Həsən” ortaq layihə olduğundan şübhəsiz ki, ona həm Azərbaycanda, həm də Türkiyədə tamaşaçı reaksiyasıları gözlənilir. Fərqli coğrafiyalar, fərqli tamaşaçılar, amma əksəriyyətin arzuladığı qardaş xalqların, qardaş ölkələrin birgə istehsalı. Bu əsnada sizin də fərqli gözləntiləriniz varmı?
Emil Nəcəfov:
– Əlbəttə ki, var. Düzdür, Azərbaycanda müəllif filmlərinə böyük maraq yoxdur. Amma burada daha çox komediya janrına üstünlük verilir. Amma düşünürəm ki, bu layihə həm hazırlıqlı, həm də hazırlıqsız tamaşaçı üçün maraqlı olacaq. Həmçinin birgə istehsalımız kimi.
Emrah Kılıç:
– Türkiyədə də müstəqil filmlərin geniş bir izləyici kütləsi yoxdur. Amma həm ortaq istehsal olunan, həm də belə mövzulu filmləri izləyən bəlli bir auditoriya var. Bununla yanaşı, bağımsız filmlərin nümayiş olunduğu kinoteatrlar da mövcuddur.
Məsələnin digər tərəfinə gəlincə, “Ölü Həsən” filmi festivallarda uğur qazandıqca tamaşaçılar arasında daha çox tanınacaq, nəticədə öz izləyici auditoriyasını tapacaq və genişləndirəcək.
Həmsöhbət oldu:
Aynur Kazımova