Rejissor Mətləb Muxtarovun “Yaddaş sarayları” qısametrajlı sənədli filmi Azərbaycan Respublikasının Kino Agentliyinin post-prodakşn mərhələsində olan filmlərə dəstək müsabiqəsində qalib olan layihələrdən biridir. Rental prodakşn tərəfindən istehsal olunan filmin baş prodüseri Emil Nəcəfovdur.
Xronometrajı 27 dəqiqə olan ekran işinin mövzusuna əsasən filmin qəhrəmanı olan rejissor yaddaşının ilk xatirələrini doğulub-böyüdüyü Sumqayıt şəhərində xatırlamağa çalışır.
Kinoinfo.az-ın əməkdaşı artıq ikinci sənədli filminin çəkilişlərini bitirən rejissor Mətləb Muxtarlı ilə həmsöhbət olub.
– Filmin ideası necə yarandı?
– Mən əslində nostalgiya məfhumu üzərindən bir film çəkmək istəyirdim. Zaman və məkan nostalgiyası üzərindən və doğulub böyüdüyüm şəhərdə, hansısa bir məhəllədə hansısa bir binada keçmişə aid elementlər tapıb, onlardan bir film formlaşdırmaq istəyirdim. Buna görə də bütün günü kamera ilə şəhəri gəzirdim. Beləcə ilk xatırladığım yerə gəlib çıxdım. Tərəddüd etdim və məndə avtomatik olaraq belə bir ritorik sual yarandı ki, yaddaşımda qalan ilk yer buradırmı, yoxsa yox?! Ondan sonra film məhz ilk xatirəmin axtarışı üzərində getdi. Filmdə mənim digər qəhrəmanım da anamdır və ona hər dəfə suallar verərək ilk xatirəmi oyatmağa çalışıram.
– Filminizin çəkilişləri neçə gün davam etdi?
– Filmin çəkilişləri hardasa bir il yarım davam edib. O zaman mən tamam başqa bir mövzuda çəkililş etməyə başlamışdım. Hətta filmimin ilk versiyasında üç qəhrəmanım var idi. Sonradan başa düşdüm ki, o üç qəhrəmanın daxili aləmlərini tam aça bilmirəm. Ona görə o gedişatdan imtina etdim və tamamilə öz üzərimə fokuslandım. Film demək olar ki, bir şəhərin dörd fəslini əhatə edir.
– Sənədli film üçün sizə ideya gələndə maliyyə axtarışı zamanı ilk hara üz tutursunuz?
– Bundan əvvəlki sənədli filmim “12/35” adlanır. Onda da doğulub böyüdüyüm binadan çəkmişdim. Onun ideyasını “ChaiKhana” Media Platformasının dəstəyi ilə reallaşdırdım. Ümumiyyətlə son vaxtlarda gəldiyim qənaətə görə, sənədli film rejissorları bizim ölkəmiz kimi yaşayış məskənlərində daha çox özünə vaqeə olan, özünün bildiyi, özünün gücünün daha çox yetdiyi ideyaların üzərindən film çəkməlidir. Ailəsininmi, yaxud tanıdığı adamlarınmı yaşantılarının üzərindən. Bu filmdə də mən daha çox özümə fokuslandığım və tanıdığım adamları çəkdiyim üçün ilk başlayanda heç bir maliyyə və prodüser dəstəyim yox idi. Ancaq öz gücümə başlamışdım. Buna görə kamera da almışdım. Montajımı etmişdim. Bir müddət çəkdikdən sonra başa düşdüm ki, filmdəki bəzi səhnələrə bədiilik qatmaq lazımdır. Buna görə köməyə ehtiyacım oldu və mən Emil Nəcəfovla tanış oldum. Emil filmin ilk versiyasına baxıb bəyəndikdən sonra mənimlə işləmək qərarına gəldi. Filmin sonrakı gedişatında artıq prodüserim Emil Nəcəfov oldu. Onun prodüser kimi mənə çox köməyi dəydi.
– Gələcək planlarınız nələrdir?
– İdeya olaraq dörd tammetrajlı sənədli filmə fokuslanmaq istəyirəm. Bəzən vaxt olmur, bəzən maliyyə çatışmazlığı imkan vermir ki, o ideyalarımı gerçəkləşdirəm. Adətən, maliyyəyə görə düşünməyə başlayırsan ki, hansı filmi çəkim. Sözün düzü dörd ideyamın hamısına güvənirəm və sadəcə birindən başlayıb çəkmək istəyirəm. İnşallah o dörd filmin hər hansı birini, ikisini çəkəndən sonra tammetrajlı bədii film çəkmək istərdim.
– Sənədli film rejissorlarının bədii film rejissorlarına nəzərən qarşılaşdıqları çətinliklər nələrdir?
– Azərbaycanda sənədli film rejissoru üçün çox böyük mövzular var. Sadəcə bu mövzuları çəkməyə maliyyə mane olur. Yəni, hazır rejissorsansa, ideyan varsa, ona görə uyğun yolun varsa, ən əsas resurslardan biri maliyyədir. Çünki filmin inkişaf etməsi üçün maliyyə çox vacib faktordur və bu amil çəkilişlərin keyfiyyətinə də təsir edir.
Aynur Kazımova