15 avqust – 15 sentyabr tarixlərində 11 ixtisaslaşma istiqaməti – audiovizual (musiqi, kino-animasiya, videoqrafiya və fotoqrafiya), dəb sənəti, dizayn, kuratorluq, memarlıq, tədbirlərin təşkili, mədəni və yaradıcı sahə üzrə menecment, nəşriyyatlarla işin təşkili, oyun sənayesi, teatr, komediya və performans, yaradıcı texnologiyalar üzrə bakalavriat və magistratura səviyyələrində xaricdə təhsilin maliyyələşdirilməsi ilə bağlı sənəd qəbulu elan edilmişdi. Bu müddət ərzində edu.creative.az saytı üzərindən ümumilikdə 26 namizəd qeydiyyatdan keçib və onlardan 21 nəfər müsahibədə iştirak etmək şansı qazanıb. Müraciət edənlərdən 8 nəfər namizəd bakalavriat, 13 nəfər isə magistratura səviyyəsi üzrə xaricdə təhsil almaq üçün təqaüd proqramına müraciət edib.
Mədəniyyət Nazirliyi “Mədəniyyət və yaradıcı sənayelər üzrə xüsusi Təqaüd Proqramı” çərçivəsində təhsil alacaq şəxslərin siyahısını açıqlayıb.
Müəyyən edilən namizədlərin bir hissəsi kino sahəsini əhatə edir.
Kino ixtisası üzrə qalib təqaüdçülərin siyahısı:
Ayan Məmmədova – Varşava Kino Məktəbi / Kino və multimedia / Kinorejissorluq fakültəsi – Polşa
Ayan Məmmədova 2005-ci ildə Bakı şəhərində anadan olub. 2022-ci ildə Bakı Avropa Liseyını bitirib. 2022-ci ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasına daxıl olub. Atletika üzrə Respublika yarışlarının qalibi olub. Dizayn, video istehsalı dizayn sahəsində bacarıqları var. 2024-cü ildə Polşa Respublikasının Varşava Kino Məktəbinin (Warsaw Film School) “Kino və multimedia / Kinorejissorluq” fakültəsinə qəbul olunub. Hazırda bu ixtisas üzrə təhsilini davam etdirir.
Aynur Abdullayeva – Mançester Universiteti / Kinoşünaslıq və ingilis ədəbiyyatı – Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı
Aynur Abdullayeva 2007-ci ildə Bakı şəhərində anadan olub. 2023-cü ildə Dünya məktəbini bitirib. 23 nömrəli 11 illik musiqi məktəbinin fortopiano ixtisasında təhsil alıb. Bir çox yerli və beynəlxalq olimpiadalarda uğurlu nəticələr əldə edib. 2023-cü ildə öyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Mançester Universitetinin Film təhsili və İngilis ədəbiyyatı ixtisasına qəbul olub. Hazırda bu ixtisas üzrə təhsilini davam etdirir.
Elmira Əzizxanlı – Baden-Vürtemberq Film Akademiyası / Beynəlxalq kino istehsalı – Almaniya Federativ Respublikası
Elmira Əzizxanlı 1993-cü ildə Bakı şəhərində anadan olub. Türkiyə Təqaüd Proqramı çərçivəsində Kino və televiziya ixtisası üzrə Səlcuq Universitetində, eyni ixtisas üzrə Anadolu Universitetinin magistraturasında, Litvadakı Vilnüs Universitetində dəyişim proqramı çərçivəsində (2015) təhsil alıb. Əmək fəaliyyətinə “Azərbaycanfilm” kinostudiyasında Rəqəmsal marketinq mütəxəssisi qismində başlayıb. Sənədli film festivalında layihə meneceri, film çəkilişində ikinci rejissor kimi fəaliyyət göstərib. 2024-cü ildə Almaniya Federativ Respublikasının Baden-Vüttemberq Film Akademiyasında Beynəlxalq kino istehsalatı proqramına qəbul olunub.
Lətif Lətifsoy – Sorbon Universiteti / Kino və audiovizual fakültəsi – Fransa
Lətif Lətifsoy 1995-ci ildə Azərbaycan Respublikasında anadan olub. O, əmək fəaliyyətinə regional bir televiziya kanalında video montajçı kimi başlayıb, əvvəl müxtəlif studiyalarda, o cümlədən tarixi “Azərbaycanfilm” kinostudiyasında çalışaraq təcrübəsini dərinləşdirib. 2023- cü ildə Sorbonne-da Kino və Audiovizual fakültəsinə qəbul olunaraq, təhsil almaq üçün əsrlərdən bəri dünya sənətinin paytaxtı hesab olunan Parisə köçüb. Orada ikinci bakalavr təhsilini tamamladıqdan sonra, hazırda Fransanın üç major yüksək nüfuzlu ali kino məktəbindən biri olan École nationale supérieure d’audiovisuel-da (ENSAV) rejissorluq üzrə magistr dərəcəsi almaq üçün hazırlaşır. Eyni zamanda film layihələrini inkişaf etdirərək yaradıcı fəaliyyətini də davam etdirir.
Filmoqrafiya:
Anya (2021)
Səlibçi (2024)
Nigar Əsgərova – Musicube Akademiyası / Film, oyun və media üçün bəstəkarlıq – Almaniya Federativ Respublikası
Nigar Əsgərova 2001-ci ildə Bakı şəhərində anadan olub. Bakı Musiqi Akademiyasında skripka ixtisası üzrə təhsili alıb. Bu sahədə yerli və beynəlxalq müsabiqələrdə mükafatlar qazanıb. 2023-cü ildə bir neçə universitetdən film musiqisi bəstəkarlığı üzrə təhsili davam etmək təklifi alıb. Almaniyanın Bonn şəhərində yerləşən “Musicube Academy”də Film Scoring – Musiqi İstehsalı üzrə hazırlıq kursunda bir il ərzində onlayn təhsil alıb. İki qısametrajlı filmə musiqi bəstələyib. 2024-cü ildə Bakıda solo konsert keçirib. 2024-cü ildə Almaniyada yerləşən Musicube Akademiyasının “Film, Oyun və Media üçün Bəstəkarlıq” magistr proqramına qəbul olunub.
Türkay Qasımzadə – London Kino Məktəbi / Filmmaking – Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı
Türkay Qasımzadə 1990-ci ildə Bakı şəhərində anadan olub. Azərbaycan Dövlət İqtisad Universitetinin Beynəlxalq iqtisadi münasibətlər ixtisasında, Böyük Britaniyanın Queen Mary Universitetində Menecment ixtisası üzrə magistr pilləsində təhsil alıb. Kariyerasına Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyində İnvestisiyalar və Layihələrin idarəolunması üzrə Baş məsləhətçi olaraq başlayıb. Sonrakı illərdə müxtəlif dövlət əhəmiyyətli layihələrin araşdırılması və icrasında iştirak edib. Londonun Faber Akademiyasında Yaradıcı Yazarlıq üzrə təhsil həyatından sonra “Ev dustağıyam” və “Oğlum” ronanları nəşr olunub. Azərbaycan Mədəni İrsinin Qorunması və Turizmə Dəstək Assosasiyasının rəhbəri olub. “Ev dustağıyam”, “Şəki”, “Cümhuriyyətin 100 ili”, “Müəllimlər günü” filmləri var. 2024-cü ildə Böyük Britaniyanın London Film Məktəbinin Kinorejissorluq fakültəsinin magistr dərəcəsinə qəbul edilib.
MYS üzrə xaricdə təqaüd proqramı çərçivəsində il ərzində 15 nəfər, 2026-cı ilin sonunadək isə 60 nəfər tələbənin təhsilinin maliyyələşdirilməsi nəzərdə tutulub. Təqaüd proqramında bakalavriat üzrə xaricdə təhsil, magistratura səviyyəsi üzrə xaricdə təhsil, xaricdə keçirilən qısamüddətli təlim, kurs və proqramlar (o cümlədən distant (məsafədən) formada) üzrə təhsil və Azərbaycan Respublikası ərazisində keçirilən qısamüddətli təlim, kurs və proqramlarla bağlı təhsil seçimləri mümkündür.