Əsas İRİ PLANDA İRİ PLANDA: ORXAN AĞAZADƏ – REJİSSOR / SSENARİST

İRİ PLANDA: ORXAN AĞAZADƏ – REJİSSOR / SSENARİST

by editor

Orxan Ağazadə 1988-ci ildə Lənkəranda anadan olub. 2006-2011-ci illərdə Bakı Slavyan Universitetində jurnalistika üzrə bakalavr təhsili aldıqdan sonra, 2015-2018-ci illərdə Təhsil Nazirliyinin “Xaricdə Təhsil Dövlət Programı” çərçivəsində Böyük Britaniyada “London Film School”da magistratura üzrə təhsil alıb.

Orxanın tələbəlik illərində çəkmiş olduğu “Leninə məktub” (2009, qısametrajlı sənədli film), “Ceyranım” (2017, qısametrajlı sənədli film), “Dəlik” (2017, qısametrajlı bədii film), “Oturacaqlar” (2018, qısametrajlı bədii film) filmləri nüfuzlu festivallarda iştiraf edib.

İlk filmi olan “Leninə məktub”un premyerası Almaniyanın Leipzig İnternatioanl Film Festivalında baş tutub. Diplom işi olan “Oturacaqlar” isə Palm Spring Short FF, Agers Premiers Plans FF, Tampere FF, Brussel FF, Politers FF kimi festivallarda iştirak edərək müxtəlif mükafatlara layiq görülüb.

Orxan Ağazadə 2019-2021-ci illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində və 2021-2022-ci illərdə London Film Schoolda müəllim vəzifəsində çalışıb.

Rejissorun tammetrajlı docu-fiction janrında olan son filmi “Kinomexanikin qayıdışı” Almaniya-Fransa olmaqla iki ölkənin istehsalıdır. Film ARTE ZDF və CNC tərəfindən dəstəklənib.

Tammetrajlı film layihəsi “Məhbus” Kann Film Festivalının “Cinefondation Residency” ssenari inkişafı platformasına Azərbaycandan seçilmiş ilk layihədir. Bu layihə “LA PREVOTE” ssenari inkişaf proqramının namizədi, həmçinin Rotterdam Film Festivalının “Cinemart” kino marketinin iştirakçısı olub.

Üslubunda melanxolik poetiklik və incə yumorun mövcud olduğu müəllifin filmlərində diqqət çəkən bir digər ortaq cəhət, qəhrəmanların tənhalığıdır. Müəllifə görə, hər insanın yer üzündə yaradıcı kimi bir missiyası var; bunlara bənnalıq, müəllimlik və həmçinin rejissorluq kimi bir çox peşə daxildir. Öz missiyasını layiqincə yerinə yetirən hərkəs öz yaradıcılıq yolunda əzab çəkməli olur. Hərçənd ki, əzab bir müddət sona yetir (bu çox qısa müddətdir) və bu məqamda insan artıq müəyyən qədər dəyişmiş olur, lakin dəyişməyən yeganə şey yenə də yaradıcının-insanın mütləq tənhalığıdır. Müəllif üçün kinematoqrafiya həm də bu tənhalıqdan yayınmaq üçün bir vasitədir.

Əlaqədar Yazılar