Azərbaycan Kinematoqrafçılar İttifaqının dəstəyi ilə Azərbaycan Ssenaristlər Gildiyası yaradılıb. Gildiyanın sədri Nicat Dadaşov Kinoinfo.az-a açıqlamasında yeni yaradılan qurumun missiyası, ssenaristlərin qarşılaşdığı problemlər və gələcək fəaliyyət istiqamətləri barədə fikirlərini bölüşüb.
– Azərbaycanda Ssenaristlər Gildiyasının əsas missiyası nədir?
– Azərbaycan Ssenaristlər Gildiyasının əsas missiyası təşkilatlanmaq və vahid bir sistem yaratmaqdır. Məqsəd odur ki, bütün ssenaristlər öz təcrübələrini bölüşə, bir-birlərinə töhfə verə bilsinlər. Bundan əlavə, müxtəlif fəaliyyət planları vasitəsilə inkişaf istiqamətində addımlar atılacaq.
– Gənc ssenaristlərin gildiyaya qoşulması onlara hansı imkanları yaradacaq?
– Gənc ssenaristlərin gildiyaya qoşulması onlara bir sıra imkanlar yaradacaq. Bunların içində keçirməyi planlaşdırdığımız ssenari laboratoriyaları və müsabiqələr var. Eyni zamanda, rezidensiya proqramlarına qoşulmaq, ssenari ədəbiyyatına daha rahat çıxış əldə etmək imkanı olacaq. Bundan başqa, düşünürəm ki, ən vacib məqamlardan biri yaradıcı mühitin içində olmaqdır. Həmin mühitdə qaynamaq, təcrübə qazanmaq həm peşəkar, həm də insani baxımdan onların inkişafına çox kömək edəcək.
– Azərbaycanda ssenaristlərin ən böyük problemləri nələrdir?
– Düşünürəm ki, elə bu problemlərə görə belə bir gildiyanın yaranmasına ehtiyac var idi. Əsas məsələ birləşməkdir. Biz “Güc birlikdədir” prinsipini əsas götürərək bu gildiyanı yaratdıq. Məqsədimiz bir-birimizin zəif tərəflərini gücləndirmək, güclü tərəflərimizi isə daha da inkişaf etdirməkdir.
– Bu gün Azərbaycanda hansı mövzular ekranda kifayət qədər təmsil olunmur?
– Azərbaycan kinosu hazırda inkişaf mərhələsindədir. Buna görə də bir çox mövzular hələ ekranda tam şəkildə öz əksini tapmayıb. Son iki-üç ildə istehsalın artdığını nəzərə alsaq, düşünürəm ki, postmüharibə mövzuları, ailə-məişət problemlərindən qaynaqlanan mövzular, eləcə də gənc və yaşlı nəsillər arasındakı münasibətlər və konfliktlərlə bağlı hekayələr hələ kifayət qədər işlənməyib. Düşünürəm ki, zamanla dövlət qurumlarının, Azərbaycan Kinematoqrafçılar İttifaqının və müxtəlif gildiyaların dəstəyi ilə bu mövzular da öz əksini tapacaq.
– Süni intellektin ssenari yazımına təsiri barədə nə düşünürsünüz?
– Mən buna tam qarşıyam. Düşünürəm ki, süni intellekt insanları axtarış və araşdırma prosesindən uzaqlaşdıraraq müəyyən mənada tənbəlləşdirir. İnsan özü prosesin içində olmalıdır. Əgər ssenari başqa bir mənbənin yönləndirməsi ilə formalaşırsa, artıq ortaya çıxan mətn müəllifin öz işi kimi görünmür. Buna görə də düşünürəm ki, süni intellekt ssenari yaradıcılığı prosesindən uzaq olsa daha yaxşıdır.
Aynur Kazımova







