OD Media Production tərəfindən istehsal olunan “Sərt gözəllik” tammetrajlı sənədli filminin istehsalatı yekunlaşmaq üzrədir. Filmin rejissoru Seyran Mahmudoğlu, ssenari müəllifi Esmira Eyyub, operatoru Elman Əliyev, səs rejissoru Hafiz İbrahimli, baş prodüseri isə Seyran Mahmudoğlu,texnik Ramin Cavadov, işıqçı Samir Bünyadovdur.
“Sərt gözəllik” 2025-ci il üzrə ARKA-nın “Dövlət dəstəyi ilə istehsal ediləcək film layihələri” müsabiqəsinin qalib layihələrindən biridir. Film Azərbaycanın ən yüksək dağ kəndlərindən biri olan Xınalıqda yaşayan köçəri həyat tərzini davam etdirən bir ailənin hekayəsindən bəhs edir. Sənədli filmin əsas mövzusu ailələrin mövsümi köç səbəbindən övladlarından ayrı qalması, internat məktəbində təhsil alan uşaqların gündəlik həyatı, ailə həsrəti və təhsil uğrunda üzləşdikləri çətinliklərdir. Filmin Xınalıqda davam edən çəkilişləri zamanı rejissor Seyran Mahmudoğlu Kinoinfo.az-a müsahibə verərək filmin yaranma ideyası, çəkiliş prosesi və mövzu seçimi barədə danışıb.
– “Sərt gözəllik” filminin ideyası necə yarandı? Xınalıq və bu mövzu sizi niyə cəlb etdi?
“Sərt gözəllik” filminin ideyası bizim Xınalığa səfərlərimizin birində yarandı. Burada diqqətimizi cəlb edən nə idi? Biz fərqli yaşda olan uşaqların eyni sinifdə oxuduğunu gördük. Söhbət ibtidai sinifdən gedir. Eyni sinifdə 7 yaşlı da, 14 yaşlı da şagird var. Bu zaman öyrəndik ki, burada belə bir problem var. Xınalıq əhalisinin çoxu maldarlıqla məşğuldur və köçəri təsərrüfatla məşğul olan ailələr çoxdur. Bir yaylaq var, bir də qışlaq. Valideynlər qışlağa gedəndə uşaqlarını harada saxlayacaqları problemi yaranır. Özləri ilə aparanda uşaqların təhsildən yayınması problemi ortaya çıxır. Burada saxlayanda isə uşaqları kimə əmanət edəcəkləri sualı yaranır. Bəzən valideynlər uşaqları özləri ilə aparırlar və bu da onların təhsildən yayınmasına gətirib çıxarır. Biz burada internat məktəbinin olduğunu öyrəndik. Bu məktəb köçəri təsərrüfatla məşğul olan ailələrin uşaqları üçündür. Həmin məktəbdə qalan uşaqların həyatı bizi cəlb etdi. Ev mövzusu mənim üçün önəmli mövzudur. Bu uşaqların da uzun müddət evdən kənarda qalmaları emosional olaraq mənə təsir etdi. Filmin ssenari müəllifi Esmira xanımla birlikdə bu mövzunu araşdırmağa başladıq və qərara gəldik ki, sənədli film hazırlayaq. Çünki düşündük ki, uşaqların valideynlərindən ayrı yaşaması və gündəlik həyatı sənədli filmdə olduğu kimi təqdim olunsa, tamaşaçıda da bizdə yaranan emosional hissləri oyada bilər.
– Film müxtəlif məkanlarda çəkilib. Çəkiliş prosesi zamanı hansı çətinliklər və maneələrlə qarşılaşdınız?
Çəkilişlər əsasən Xınalıqda aparılıb. Bir hissəsi qışlaqda olub. Final çəkilişlərini isə yaylaqda edəcəyik. Ümumilikdə film üç məkanda çəkilir. Böyük məkan dəyişiklikləri müəyyən çətinliklər yaradır. Bizim üçün əsas problem hava şəraiti idi. Xınalığın havası elədir ki, bir gün ərzində, hətta bir saatın içində eyni məkanda çəkilən kadrlar hava şəraitinə görə bir-birindən kəskin şəkildə fərqlənə bilir. Gün çıxır, gün batır, qəfil yağış yağır, sonra yenidən qızmar günəş çıxır. Bu isə montaj və kadrların bir-biri ilə əvəzlənməsi prosesində problemlər yaradır. Əsas çətinlik də budur. Fərqli məkanların olması isə əslində filmə daha çox kolorit verir. Xınalığın özü koloritlidir. Qışlağın özünəməxsus koloriti var. Yaylağın təbii gözəlliyi və öz koloriti də filmə vizual baxımdan daha çox güc verir.
Uşaqlarla işləmək mənim üçün ilk təcrübə deyil. Bundan əvvəl daha çox sosial yönümlü layihələrdə və reklam sahəsində körpə uşaqlarla işləmişik. Sözsüz ki, uşaqlarla işləmək çətindir. Amma bu filmdəki uşaqlar daha çox yeniyetmələrdir. Ümumilikdə 8–14 yaşlı şagirdlərdir. Yaş fərqinin özü onlara fərdi yanaşmağı tələb edir. Hər biri fərqli ailədən gəlir. Qeyd etdiyim kimi, onlar həssasdırlar, valideynlərindən kənarda yaşayırlar. Bu baxımdan onlarla işləmək müəyyən çətinlik yaradır. Bu ilk təcrübə olmadığı üçün düşünürəm ki, biz bunun öhdəsindən gələ bildik.
– Uşaqlarla işləmək və onların gündəlik həyatını kameraya köçürmək prosesi necə keçdi?
Uşaqlarla işləmək ümumiyyətlə həssas məsələdir. Mövzunun özü çox həssas olduğu üçün biz maksimum dərəcədə ehtiyatla yanaşmışıq. Uşaqlarla danışarkən, onları müşahidə edərkən çalışırdıq ki, onların həssas damarına basmayaq. Çünki, yenə deyirəm, mövzu həssasdır. Uzun müddət valideynlərdən kənarda qalmaq özü-özlüyündə çox təsirlidir və bu, uşaqlarda hiss olunur. Bizə ən çox emosional təsir edən də məhz bu idi. Uşaqların uzun müddət valideynlərindən uzaq qalmaları, onlarla uzun müddət danışa bilməmələri, həmin nisgil onların gözlərində hiss olunur.
– Film daha çox hansı mövzuları ön plana çıxarır?
Filmdə əsas mövzular sözsüz ki, ailə və təhsildir. Çünki valideynlərin uşaqlarından ayrı qalması özü-özlüyündə onlar üçün çox çətindir. Amma bu, eyni zamanda böyük bir fədakarlıqdır. Bu fədakarlığın əsas məqsədi isə uşaqların təhsil almasıdır. Çünki valideynlər istəyirlər ki, övladları təhsil alsınlar, tam təhsilə yiyələnsinlər və gələcəkdə hər hansı bir peşə sahibi ola bilsinlər. Bu baxımdan filmdə ailə, təhsil və həsrət əsas üç komponent kimi birləşdirilir və tamaşaçıya təqdim olunur.
– Bu film vasitəsilə tamaşaçıya hansı hissi və ya düşüncəni ötürmək istəyirsiniz?
Düşünürəm ki, bu film vasitəsilə tamaşaçıya ötürmək istədiyimiz əsas fikir ailənin və təhsilin önəmidir. Bəzən uşaqlar valideynlərinin fədakarlığını tam başa düşmürlər. Çünki balaca olduqları üçün bunun mahiyyətini tam anlaya bilmirlər. Lakin valideynlər çox böyük fədakarlıq edirlər. Bu filmdə də bizim ötürmək istədiyimiz məhz valideynlərin övladlarının təhsil alması üçün etdikləri fədakarlıqdır. Əsas mesajımız budur ki, valideyn övladının təhsil alması, cəmiyyətdə yer tutması üçün hər şeyə qadirdir, hətta ondan uzun müddət ayrı qalmağa belə.
Aynur Kazımova















