Rejissoru və prodüseri Rafiq Hacıyev, ssenari müəllifləri Kənan Yusifov və Rafiq Hacıyev olan “Oriondan sevgilərlə” filmi bu il Finlandiyada keçirilən Saimaa Beynəlxalq Film Festivalı çərçivəsində “Ən yaxşı vizual konsept” mükafatına layiq görülüb.
“Oriondan sevgilərlə” Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tabeliyində Kino Agentliyinin (ARKA) dəstəyi ilə “ROG VFX STUDİO” tərəfindən istehsal olunub.
Film 15 il əvvəl qızını itirmiş çoban Akifin hekayəsindən bəhs edir. O, qızının yadplanetlilər tərəfindən qaçırıldığına inanır və illərlə astronomiya və fizika ilə məşğul olaraq səmaya siqnallar göndərir. Ümidini itirdiyi anda isə həyatını dəyişəcək gözlənilməz hadisə baş verir.
11-16 avqust tarixlərində Finlandiyada keçirilən və rəsmi proqramında bu filmin də yer aldığı festival çərçivəsində filmin nümayişində rejissor Rafiq Hacıyev də iştirak edib. Kinematoqrafçının festivalda iştirakına ARKA tərəfindən səfər dəstəyi göstərilib.