Azərbaycan Respublikasının Kino Agentliyinin (ARKA) dəstəyi və “Mozg Media Group”un istehsalı ilə ərsəyə gələn “Qeyb olma” tammetrajlı bədii filminin çəkilişlərinə başlanılıb. Psixoloji dram janrında ekranlaşdırılan filmin 80-85 dəqiqə xronometraja malik olması planlaşdırılır. Çəkiliş prosesinin isə 25-30 gün davam edəcəyi nəzərdə tutulur. Filmin mərkəzində 35 yaşlı bank əməkdaşı Fərhadın hekayəsi dayanır. Həyat yoldaşı İlahənin müəmmalı şəkildə yoxa çıxması onun həyatını alt-üst edir. Fərhad axtarışlarını davam etdirdikcə yalnız İlahənin deyil, həm də öz daxili aləminin indiyədək üzə çıxmamış tərəfləri ilə qarşılaşır. Beləliklə, “Qeyb olma” bir qadının itkin düşməsi fonunda kişinin psixoloji sarsıntısını, daxili parçalanmasını və sükutun qışqırığa çevrilməsini ailə dramı prizmasından təqdim edir. Ekran əsərinin quruluşçu rejissoru Emin Əfəndiyev, ssenari müəllifləri Nərgiz Bağırzadə və Emin Əfəndiyev, quruluşçu operatoru Daniel Quliyev, prodüseri isə Zaur Mirzəzadədir. Filmdə baş rolları Hikmət Rəhimov və Günəş Tegin canlandırırlar.
Filmin quruluşçu rejissoru Emin Əfəndiyev ekran əsəri barədə Kinoinfo.az-a müsahibə verərək suallarımızı cavablandırıb.
– “Qeyb olma” filmi haqqında oxuyanda istər-istəməz ağlıma həm Gone Girl, həm də Elmar İmanovun Mövsümün sonu filmi gəldi. Hər iki filmdə qadınlar yoxa çıxır. Ssenarini yazarkən hər hansı filmdən ilham almısınızmı? Ümumiyyətlə, bu hekayənin ideyası necə yarandı?
– Bu filmin həmin əhvalatlarla heç bir əlaqəsi yoxdur. Ümumiyyətlə, qadının yoxa çıxması mövzusu dediyiniz filmlərdən əvvəl də dəfələrlə işlənib. Mən heç bir filmdən ilham almamışam. Mən öz qorxularım haqqında film çəkirəm. Bu əhvalat mənim şəxsi həyatımla, sevdiyim bir insanın qəfil ayrılıq qərarı ilə bağlı hisslərimdən doğub. Mən heç vaxt düşünməzdim ki, o məndən ayrılıb gedər. Çünki elə bilirdim münasibətimiz sağlamdır. Onun qəfil getməsi mənə göstərdi ki, əslində onu tanımamışam.
– Diqqətimi çəkən məqamlardan biri odur ki, filmlərinizdə baş qəhrəmanların əksəriyyəti kişilərdir. Bu təsadüfdür, yoxsa kişi psixologiyası sizə daha maraqlıdır? Qadını baş qəhrəman kimi mərkəzə alan film çəkmək və onun daxili dünyasını ekranlaşdırmaq sizin üçün daha çətindirmi?
– Kişi qəhrəmanlar seçməyimin səbəbi odur ki, mənə emosional təsir edən, özümün hiss etdiyim və şəxsi həyatımla bağlı xatirələrdən doğan hekayələri danışıram. Ona görə də bunun belə olması təbiidir. Amma “Qeyb olma”da İlahə ekranda az görünsə də, əslində hər yerdə onun varlığı hiss olunur.
– Onda bu filmi müəyyən mənada avtobioqrafik hesab etmək olar?
– Yox. Çünki burada mənə aid olan yalnız müəyyən hisslərdir. Süjet isə başqa bir insanın həyatı ilə bağlıdır. Sonra Nərgizlə birlikdə həmin hekayəyə əlavələr edib onu ssenariyə çevirmişik.
– Filmoqrafiyanıza baxanda diqqət çəkən məqamlardan biri odur ki, filmlərinizdə hadisələrdən çox insanlar arasındakı münasibətlər ön plana çıxır. “Qeyb olma”da da bir-birini sevən iki insanın münasibəti mərkəzdədir. Bu şüurlu müəllif seçimidir, yoxsa hekayələr sizi təbii olaraq bu münasibətlərə aparır?
– Həyatımız münasibətlər üzərində qurulub. Ona görə də məni ən çox insan hekayələri maraqlandırır. İnsanlar arasında yaranan sevgi də, sevgisizlik də, inciklik də, soyuqluq da mənim üçün eyni dərəcədə maraqlıdır. Mən münasibətlərin necə dəyişdiyini, insanların niyə bir-birindən uzaqlaşdığını və ya niyə bir-birinə yaxınlaşa bilmədiyini anlamağa çalışıram. Əslində, çəkdiyim filmlər mənim öz qorxularımdan doğur. “Tənha insanın monoloqu” da, “Qeyb olma” da daxili qorxularımın və narahatlıqlarımın ekran ifadəsidir. Mənim üçün kino yalnız hekayə danışmaq vasitəsi deyil, həm də özümlə dialoq qurmaq, məni narahat edən suallara cavab axtarmaq cəhdidir. Bəlkə də buna görə filmlərimdə hadisələrdən çox insanlar arasındakı münasibətlər ön plana çıxır.
– Əvvəlki filmləriniz beynəlxalq festivallarda nümayiş olunub. “Qeyb olma”nı hazırlayarkən onun beynəlxalq festival potensialını da nəzərə alırsınızmı, yoxsa bu barədə yalnız film tamamlandıqdan sonra düşünəcəksiniz?
– Mən “Tənha insanın monoloqu”nu çəkəndə heç vaxt festival uğuru haqqında düşünmürdüm. Sadəcə məni narahat edən bir hekayəni mümkün qədər səmimi şəkildə danışmağa çalışırdım. Filmin sonradan uğurlu festival taleyi yaşaması, əlbəttə ki, sevindirici oldu. Amma bu, filmin yaranma səbəbi deyildi. “Qeyb olma” ilə bağlı da düşüncəm eynidir. Mən heç vaxt filmi festivallar üçün çəkmirəm. Sadəcə danışmaq istədiyim hekayəni özümə qarşı tam səmimi şəkildə danışmağa çalışıram. Bir filmin taleyini əvvəlcədən planlaşdırmaq mümkün deyil. Onun necə qarşılanacağını, hansı yolu keçəcəyini yalnız zaman göstərəcək.
– İndiyədək çəkdiyiniz səhnələr arasında sizi həm rejissor, həm də emosional baxımdan ən çox çətinliyə salan səhnə hansıdır?
– Düzünü desəm, mənə bütün səhnələr çətin gəlir. Çünki hər səhnəyə eyni məsuliyyətlə yanaşıram. Mənim üçün çətinlik texniki məsələlərdən daha çox emosional tərəfdə olur. Səhnə aktyorun daxilində həqiqətən yaşamırsa, mən də rahat olmuram. Ona görə konkret bir səhnəni ayırmaq mənim üçün çətindir. Hər film, hər səhnə məndən müəyyən emosional enerji aparır. Bəlkə də bu mənim işləmə tərzimdir. Hər səhnəni sanki filmin ən vacib səhnəsi kimi çəkməyə çalışıram.
– Çəkiliş zamanı ssenaridən kənara çıxdığınız, aktyorun və ya məkanın sizi yeni həll tapmağa sövq etdiyi məqamlar olubmu?
– Tam olaraq ssenaridən kənara çıxdığımı deməzdim. Amma çəkiliş zamanı məkanın özü bəzən sənə yeni nələrsə diktə edir. Həmin məkanın atmosferi, enerjisi, personajın oradakı vəziyyəti və hissləri bəzi səhnələrə fərqli yanaşmağa səbəb olur. Belə məqamlarda ssenarinin mahiyyəti dəyişmir. Sadəcə personajın davranışında, səhnənin ritmində və ya səhnə quruluşunda müəyyən dəyişikliklər edirik. Mən düşünürəm ki, kino canlı sənətdir. Bəzən məkan və ya aktyor ssenaridə yazmadığın, amma hekayəyə daha çox xidmət edən bir həll təklif edir. Rejissor da buna açıq olmalıdır.
Aynur Kazımova










































