Rejissor Ələmdar Faiqin “Qara pişik, ağ şanı” sənədli filmi Qırğızıstanda keçirilən 2-ci UmutDoc Beynəlxalq Sənədli Film Festivalının Short Documentary Competition müsabiqə proqramına seçilib. Festival sentyabrın 11-dən 14-dək keçiriləcək. Film UmutDoc festivalında qısametrajlı versiyası (19 dəqiqə) ilə müsabiqədə yarışacaq. Filmin tammetrajlı versiyası isə Monteneqroda keçirilən 39-cu Herceg Novi – Montenegro Film Festivalında dünya premyerasını edəcək. Festivalda nümayiş olunacaq filmlər baş mükafat olan “Qızıl Mimoza” uğrunda mübarizə aparacaqlar.
“Qara pişik, ağ şanı” filmi Bakıdakı bağ evinə köçən Füruzənin və nəvəsi Ələmdarın hekayəsidir. Özünün keçmiş səhvlərindən xilas olmaq üçün bağ evinə köçən Füruzə burada öz üzüm bağında üzümçülüklə məşğul olur və həyətə gələn qara pişiyi bəsləyir. Günlərin birində ordudan yeni qayıtmış nəvəsi Ələmdar onun yanına gəlir və hər ikisi keçmiş ailə səhvləri ilə üzləşirlər.
“Chinar Film” tərəfindən istehsal olunan filmin prodüserləri Türkan Hüseyn və Emil Nəcəfovdur. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən Kino Agentliyi tərəfindən filmə post-prodakşn dəstəyi göstərilib. Filmin ərsəyə gəlməsinə isə Azərbaycan Kinematoqrafçılar İttifaqı maliyyə dəstəyi verib.
