Əsas FOTOSESİYAAZƏRBAYCAN KİNOSUNUN GÖRÜNMƏYƏN TƏRƏFİ: AKTYORLARIN YAŞADIĞI REAL PROBLEMLƏR

AZƏRBAYCAN KİNOSUNUN GÖRÜNMƏYƏN TƏRƏFİ: AKTYORLARIN YAŞADIĞI REAL PROBLEMLƏR

by editor

Müasir Azərbaycan kinematoqrafiyasında aktyor seçimi üzrə ilk rejissor və aktyor meneceri, 2013-cü ildən fəaliyyət göstərən Azerbaijan Actors Agency”nin təsisçisi Səbuhi Məmmədov, Azərbaycan aktyorlarının həm yerli, həm də beynəlxalq kino sənayesində təmsil olunması istiqamətində aktyorların peşəkar hüquqlarının müdafiəsi, yeni istedadların üzə çıxarılması, kino və serial sektorunda kastinqlərin təşkili, aktyorların təqdimatı, eləcə də, müxtəlif istehsal layihələrinin həyata keçirilməsi ilə məşğuldur.

Səbuhi Məmmədov Kinoinfo.az saytına verdiyi geniş müsahibədə Azərbaycan kino sənayesinin problemlərindən, aktyorların qarşılaşdığı çətinliklərdən, kastinq sistemindəki çatışmazlıqlardan və kino sektorunun gələcək perspektivlərindən ətraflı danışıb.

 – Hazırda Azərbaycanda aktyorluq qonorarları hansı meyarlarla müəyyənləşir? Qonorarlara təsir edən faktorlar hansılardır?

– Hazırda Azərbaycanda aktyor qonorarları, əsasən, layihənin formatına və büdcəsinə görə müəyyənləşdirilir. Serial sektorunda qonorarlar çox vaxt aylıq maaş formasında hesablanır. Yəni çəkiliş günlərinin sayından asılı olmayaraq aktyora sabit məbləğ ödənilir. Nadir hallarda baş rolda oynayan aktyor və ya aktrisalar daha yüksək məbləğ alırlar. Qonaq aktyorların qonorarları isə adətən gündəlik hesablanır.

Bədii film sektorunda vəziyyət seriallardan fərqlidir. Burada qonorar, əsasən, çəkiliş gününə uyğun müəyyən olunur. Aktyorun baş rol, ikinci dərəcəli və ya epizodik obraz canlandırması da məbləğə təsir edən əsas amillərdəndir. Azərbaycanda qonorarların müəyyənləşməsində layihənin büdcəsi əsas rol oynayır. Bundan əlavə, aktyorun məşhurluğu və auditoriyası da nəzərə alınır. Burada fəxri adların olub-olmaması o qədər də həlledici deyil. Elə aktyorlar var ki, heç bir rəsmi statusları yoxdur, amma geniş tamaşaçı auditoriyasına malik olduqları üçün daha yüksək qonorar ala bilirlər. Bununla belə, Azərbaycan kino və serial sektorunda büdcələrin aşağı olması səbəbindən çox vaxt “dostyana dəstək” prinsipi üstünlük təşkil edir. Yəni aktyorlar layihəyə dəstək məqsədilə daha aşağı qonorarlarla razılaşırlar. Yalnız iri layihələrdə Azərbaycan miqyası üçün normal hesab edilə biləcək qonorarlar təklif olunur. Ümumilikdə isə, Azərbaycandakı aktyor qonorarları qonşu ölkələrlə müqayisədə daha aşağıdır. Məsələn, Gürcüstan, Qazaxıstan, Türkiyə və xüsusilə də Rusiya ilə müqayisədə bu fərq daha aydın nəzərə çarpır.

– Aktyor müqavilə bağlayarkən maliyyə və hüquqi baxımdan nələrə diqqət etməlidir ki, sonradan narazılıq yaranmasın?

– Əsas problemlərdən biri müqavilələrin düzgün tərtib olunmamasıdır. Çox vaxt müqavilələrdə yalnız ümumi şəkildə “mənim öhdəliyim”, “sənin öhdəliyin”, “bunu etsən cərimə budur” kimi məqamlar qeyd olunur. Halbuki ən vacib detallara yer verilmir. Mən uzun müddətdir deyirəm ki, bu məsələlər kino qanununda, xüsusilə də onun əlavələrində öz əksini tapmalıdır. Bu, təkcə aktyorlara deyil, ümumilikdə istehsalat prosesində çalışan bütün heyətə aiddir. Ən vacib məsələlərdən biri, iş saatları ilə bağlıdır. Yazılmamış qaydalara görə bir çox ölkələrdə iş saatı müəyyən standartlarla tənzimlənir. Bəzi Avropa ölkələrində iş saatı daha azdır. Postsovet ölkələrində və Türkiyədə isə adətən 12 saatlıq iş rejimi tətbiq olunur. Bu 12 saata nahar fasiləsi də daxildir. Müqavilələrdə iş saatından artıq işləmək məsələsi dəqiq göstərilməlidir. Adətən bu məbləğ danışılmış qonorarın 10 faizi həcmində olur. Məsələn, aktyorun qonorarı 1000 manat və ya dollardırsa, əlavə hər saat üçün onun üzərinə 100 manat əlavə edilir.“Overtime” sistemi hesab olunur və əlavə iş vaxtı  üç saatdan artıq olmamalıdır. Çəkiliş növbələri arasındakı fasilə də 12 saat olmalıdır. Həmçinin, aktyorların çəkiliş meydançasına və gəliş-gedişi sifarişçi tərəfindən təmin edilməlidir. Təəssüf ki, Azərbaycanda, xüsusilə serial sektorunda çəkilişlər bəzən 20–21 saata qədər davam edir. Aktyorlar çəkiliş məkanına öz hesablarına gedib-gəlirlər. Uzun və fasiləsiz iş rejimi ümumilikdə tempi aşağı salır. İstər texniki, istərsə də aktyor heyəti və rejissor qrupu olsun — heç kim robot deyil. Uzun müddətli iş rejimi həm keyfiyyətə, həm motivasiyaya, həm də ümumi istehsal prosesinə mənfi təsir edir.

– Kastinq sisteminin bundan savayı hansı problemləri mövcuddur?

– Sistem tam qurulmadığı üçün onun problemləri də daha çox struktur çatışmazlıqları ilə bağlıdır. Son dövrlərdə isə müəyyən müsbət dəyişikliklər müşahidə olunur. Xüsusilə də Kino Agentliyinin keçirdiyi pitçinqlərdə və Mədəniyyət Nazirliyinə təqdim olunan layihələrdə artıq kastinq üzrə ayrıca məsul şəxsin və bunun üçün hesablanmış büdcənin göstərilməsi sevindirici haldır. Təəssüf ki, bu sahədə peşəkar təcrübəyə malik insanların sayı çox azdır. Dünyada bu istiqamət üzrə ayrıca fakültə olmasa da, formalaşmış peşə sistemi mövcuddur. Azərbaycanda isə kastinq sahəsində fəaliyyət göstərən menecerlər, daha çox, kütləvi səhnə iştirakçıları olan həvəskarlarla işi əhatə edir. Halbuki, peşəkar kastinq prosesi daha geniş və mərhələli şəkildə həyata keçirilməlidir. Bu baxımdan, böyük layihələrdə müəyyən irəliləyişlər görünür. Məsələn, Tağıyev filmi üçün aparılan kastinq prosesi digər layihələrdən daha fərqli idi və beynəlxalq kastinq sisteminə daha yaxın şəkildə təşkil olunmuşdu. Layihənin kastinqinə mənim həmkarım Reyhan Cəfər rəhbərlik edirdi.

Kastinq direktoru ssenarini və rejissorun tapşırıqlarını əsas götürərək uyğun aktyorları müəyyənləşdirir. Yəni kastinq direktoru aktyoru təsdiqləmir, yalnız seçim prosesini idarə edir. Bu proses adətən bir neçə mərhələdən ibarət olur. Öncə, sınaq görüşünə dəvət olunur. Görüşdən sonra aktyorun tipaj baxımından obraza uyğunluğu dəyərləndirilir. Vizual uyğunluq film və serial sektorunda çox vacib amildir. Daha sonra, fotosınaqlar keçirilir. Fotosınaq mərhələsini keçən aktyorlar videosınaqlara dəvət olunurlar. Adətən son seçim mərhələsinə üç-beş aktyor qalır. Videosınaqlardan sonra bütün materiallar rejissora təqdim edilir və seçim prosesi onunla koordinasiyalı şəkildə davam etdirilir. Son qərarı isə rejissor verir. Peşəkar kastinq sistemi əslində bu şəkildə işləməlidir. Azərbaycanda isə bu sistem yalnız iri layihələrdə tətbiq olunur.

– Sınaq zamanı aktyorlar ən çox hansı səhvlərə yol verirlər?

– Məncə aktyorların ən böyük səhvlərindən biri, özlərini həddindən artıq bəyəndirməyə və sevdirməyə çalışmalarıdır. Bəzən onlar qarşı tərəfə yaxşı aktyor olduqlarını sübut etməyə çalışırlar. Halbuki aktyor artıq həmin mərhələyə dəvət olunubsa, deməli onun istedadı və potensialı əvvəlcədən nəzərə alınıb. Təcrübəmə əsasən deyə bilərəm ki, aktyor sınaq zamanı özünü olduğu kimi təqdim etməlidir. İlk növbədə səmimi davranmalıdır. Çünki seçim prosesi sadəcə bir görüş və tanışlıq mərhələsidir. Hələ film çəkilmir və burada rol oynamaq tələb olunmur. Təbii ki, hər aktyor layihədə yer almaq və portfoliosunu genişləndirmək istəyir. Amma müəyyən süni davranışlar bəzən obrazın aktyorun əlindən çıxmasına səbəb olur. Aktyor kastinqə “məni olduğum kimi qəbul edin” düşüncəsi ilə gəlməlidir. Çünki burada əsas məqsəd rol oynamaq deyil, uyğunluğu müəyyən etməkdir. Aktyor artıq foto və videosınaqlardan keçibsə, deməli müəyyən uyğunluq var. Sadəcə olaraq son seçim zamanı rejissor hansı aktyorun həmin obrazın ruhuna və vizual dünyasına daha uyğun performans göstərdiyinə qərar verir. Yəni kastinqdə əsas məsələ təkcə yaxşı aktyor olmaq deyil, konkret obraza ən uyğun aktyor oyunu nümayiş etdirməkdir. Tez-tez rast gəlinən problemlərdən biri də portfoliodur. Təəssüf ki, bir çox aktyor portfoliosunu yeniləmir, peşəkar foto çəkdirmir. Halbuki, bu gün kino sənayesi artıq tam şəkildə peşəkar fəaliyyət və biznes sahəsi kimi qəbul olunur. Əgər biz peşəkarıqsa, sənətimizdən qazanc əldə etməliyik. Bunun üçün isə özümüzə yatırım etməyi də bacarmalıyıq.

– Sifarişçi tərəf aktyorları seçərkən hansı qüsurlara yol verirlər?

– Əsas problem kastinq prosesində aktyorlara qoyulan yanlış tələblərlə bağlıdır. Məsələn, bəzi seçimlər zamanı aktyorlardan “burada ağla”, “burada gül”, “burada qorxu ifadə et” kimi tapşırıqlar tələb olunur. Məncə, bu düzgün yanaşma deyil. Mimika və emosiyalar səhnənin içində, hadisənin kontekstində yaranmalıdır. Aktyor artıq səhnəni anlayanda, obrazın vəziyyətini hiss edəndə emosiyanı təbii şəkildə ifadə edir. İlk görüşdə və ya fotoçəkiliş zamanı aktyordan emosiyaların ifadəsini tələb etmək qeyri-peşəkar yanaşmadır. Aktyora sadəcə təklif olunan vəziyyət və atmosfer izah edilməlidir. Emosiyanı necə çatdıracağı isə artıq aktyorun peşəkarlığından və istedadından asılıdır.

– Aktyor üçün daha vacib olan təhsil, yoxsa praktiki təcrübədir?

– Təhsil, əlbəttə, vacibdir. Amma son illərdə çalışdığım aktyorlar arasında elələri də olub ki, onların təhsili başqa sahə üzrədir. Buna baxmayaraq, tədricən inkişaf edərək hazırda tanınmış aktyorlara çevriliblər. Onların arasında fəxri adı olanlar, eləcə də, gənc aktyorlar da var. Yəni konkret aktyorluq fakültəsini bitirmədən də uğur qazanan insanlar mövcuddur. Eyni halı rejissorlar arasında da görürük. Peşəkar kino təhsili olmayan, amma çox uğurlu fəaliyyət göstərən rejissorlarımız var. Təhsil bir tərəfdir, istedad, arzu, məqsəd və daxili potensial isə tamam başqa məsələdir.

– Agentliklər aktyorların karyerasında hansı rolu oynayır? Azərbaycanda agent və aktyor münasibətləri hansı səviyyədədir?

– Azərbaycanda çox vaxt kastinq agentliyi ilə aktyor agentliyi anlayışları qarışdırılır. Halbuki bunlar tamamilə fərqli strukturlardır. Kastinq agentliklərinin fəaliyyəti əsasən sifariş əsasında kastinq prosesini həyata keçirmək və işi təhvil verməklə məhdudlaşır. Onlar sonrakı mərhələlərdə, hətta qonorar danışıqlarında belə iştirak etmirlər. Aktyor agentliyi isə fərqli funksiyaya malikdir. Azərbaycanda bu istiqamətdə fəaliyyət göstərən yeganə qurum Azərbaycan Aktyorları Agentliyidir. Aktyor agentliyi müəyyən mənada istehsalçı və menecment strukturu kimi fəaliyyət göstərir. Burada əsas məqsəd aktyorun karyerasını idarə etmək, ona istiqamət vermək və peşəkar imicini formalaşdırmaqdır.

Azərbaycanda aktyor-agent münasibətləri hələ tam formalaşmayıb. Bu üsulla işləyən aktyorlar yalnız Azərbaycan Aktyorlar Agentliyinin simalarıdır. Adətən, əməkdaşlıq ilkin olaraq üçillik razılaşma əsasında qurulur. Bu müddət təsadüfi seçilmir. Çünki agentlik əsasən yeni məzun olmuş və ya karyerasının başlanğıcında olan gənc aktyorlarla işləyir. İlk üç il ərzində aktyorun peşəkar imici formalaşdırılır, onun bacarıqları inkişaf etdirilir və çatışmayan tərəfləri üzərində işlənilir. Məsələn, aktyor üçün vacib olan əlavə bacarıqlar – dil biliyi, idman hazırlığı, avtomobil idarə etmək, at çapmaq və digər praktiki vərdişlər inkişaf etdirilir. Agentliyin işi maliyyə şərtlərindən savayı, aktyoru formalaşdırmaq, onu film sektoruna peşəkar şəkildə təqdim və sonra isə təmsil etməkdir. Məhz buna görə də aktyorun formalaşdırılması üçün minimum üç il müddət vacib hesab olunur. Bir məqamı da qeyd etmək istərdim ki, peşə etikasına görə aktyorun agentliklə əməkdaşlığı müddətində aktyorun layihəyə dəvəti agentlik vasitəsilə həyata keçirilməlidir. Kino sənayesi inkişaf etmiş ölkələrdə bütün işgüzar əlaqələr agentlik üzərindən qurulur.

Azərbaycanda isə hələ də prodüserlər və ya layihə rəhbərləri aktyorlarla birbaşa əlaqə saxlamağa çalışırlar. Təbii ki, aktyora müəyyən azadlıq verilir. O, layihə ilə bağlı ilkin söhbətlər edə və məlumat ala bilər. Amma yekun mərhələdə layihədə iştirakı agent və aktyorun birgə işi əsasında təşkil olunur. Hüquqi məsələlər, müqavilələr və layihəyə təqdimat prosesi agentlik tərəfindən idarə edilir. Bu sistemin əsas məqsədi, aktyorun yalnız yaradıcılığa fokuslanmasını təmin etməkdir. Çünki aktyor eyni anda həm menecment, həm hüquqi məsələlər, həm də yaradıcılıqla məşğul olduqda əsas diqqət obrazdan yayınır.

Sizin üçün aktyorlarla iş zamanı hansı keyfiyyətlər vacibdir?

– Kino sənayesində ilk diqqətçəkən məqam vizual görünüş – tipajdır. Buna görə də aktyorun xarici görünüşü önəm daşıyır. Amma bundan heç də az vacib olmayan əsas meyar aktyorun istedadıdır. Çünki biz modellərlə yox, aktyorlarla işləyirik. Elə insanlar ola bilər ki, görünüş baxımından çox fərqlidirlər, amma istedad və peşə hazırlığı kifayət etmir. Agentlikdə aktyorluq kursları keçirilmir. Bəzən belə istəklər olur, amma bizim işimiz aktyora istiqamət verməkdir. Görünüş, təhsil və istedaddan əlavə, vacib məqamlar da var – xarakter, dünyagörüşü, məsuliyyət və intizam. Əgər bunlar yoxdursa, aktyor və menecerin yolları gec-tez ayrılır.

Azərbaycanda aktyorluq sahəsində ən böyük mif hansıdır?

– Məncə ən böyük mif şan-şöhrət istəyidir. Təəssüf ki, bəzi insanlar bu sənətə məhz həmin düşüncə ilə gəlir. Halbuki aktyorluq bir sənət olmaqla yanaşı, həm də, ciddi bir elmdir və çox çətin yoldur. Bu yolda uğursuzluqlara, ağır proseslərə, emosional çətinliklərə, hətta müəyyən dövrlərdə depressiya və apatiya hisslərinə hazır olmaq lazımdır. Əgər aktyorun məqsədi, prinsipləri və aktyorluq sənətinə qarşı həqiqi sevgisi varsa, o zaman bu yolda davam edə bilər. Şöhrət, tanınmaq və uğur isə zamanla gələn şeylərdir.

– Aktyor müqavilə bağlayarkən maliyyə və hüquqi baxımdan nələrə diqqət etməlidir? Çəkiliş və iş şəraiti ilə bağlı hansı məqamlar vacibdir?

– Təəssüf ki, aktyorların çoxu müqavilə bağlayarkən sənədi diqqətlə oxumur. Çox vaxt “keçən dəfəki müqavilə kimidir” düşüncəsi ilə yanaşırlar. Halbuki ən böyük problemlərdən biri məhz müqavilələrin prodakşn və prodüserlər tərəfindən düzgün tərtib olunmamasıdır. Adətən müqavilələrdə yalnız ümumi məlumatlar qeyd olunur: layihənin adı, istehsalçı şirkət, aktyorun və prodakşnın öhdəlikləri, bəzi hallarda isə cərimə şərtləri. Çox vaxt cərimə maddələri əsasən aktyora yönəlir, amma qarşı tərəfin məsuliyyəti kifayət qədər göstərilmir. Halbuki müqavilə yalnız qonorarın ödənilməsi ilə bağlı olmamalıdır. Burada çəkiliş zamanı yaradılan şərait, iş saatları, təhlükəsizlik və aktyorun hüquqları da ətraflı qeyd edilməlidir.

Xaricdə aktyorların ayrıca qrim otaqları, istirahət məkanları və hava şəraitinə uyğun xüsusi imkanları olur. Bizdə isə karavanlar yalnız böyük büdcəli layihələrdə istifadə edilir. Orta büdcəli layihələrdə belə bu imkanlar çox vaxt olmur. Əgər prodakşn tərəfi bu şəraiti təmin edə bilmirsə, o zaman aktyora qoyulan tələblər də balanslı olmalıdır.

Aktyor müqaviləni tam şəkildə oxumalıdır. Bu, qarşı tərəfə inamsızlıq deyil, peşəkar hüququn qorunmasıdır. Aydın olmayan məqamlar əvvəlcədən dəqiqləşdirilməlidir ki, sonradan narazılıq yaranmasın. Aktyorun məsuliyyəti ilə yanaşı, prodakşnın da məsuliyyəti müqavilədə əksini tapmalıdır. Məsələn, ödəniş gecikirsə, bununla bağlı faiz və ya əlavə şərt olmalıdır. Aktyor aylarla qonorar gözləməməlidir. Təhlükəli səhnələrlə bağlı məsələlər də əvvəlcədən müəyyənləşdirilməlidir. Bəzən aktyorlar riskli səhnələrə razılaşırlar. Amma bu zaman travmalar baş verə bilər. Belə hallarda kaskadyor təmin olunmalı, əgər aktyor səhnəni özü icra edirsə, əlavə ödəniş və sığorta tətbiq edilməlidir. Çəkiliş meydançasında tibbi təhlükəsizlik də vacibdir. İmkan varsa təcili tibbi yardım, minimum halda isə tibb işçisi olmalıdır. Çünki hər an qəza baş verə və təcili tibbi yardıma ehtiyac yarana bilər. Burada söhbət komfort tələb etməkdən getmir. Sadəcə aktyor hansı şəraitdə işləyəcəyini öncədən bilməlidir.

– Bəs aktyorun agentliklə işləməsi ona hansı üstünlükləri qazandırır?

– Aktyorun agentliklə işləməsinin əsas üstünlüklərindən biri odur ki, o, öz təqdimatı və təmsilçiliyi ilə təkbaşına məşğul olmur. Agentlik aktyorun peşəkar inkişafını sistemli şəkildə istiqamətləndirir və ona bu sahənin qaydalarını öyrədir. Aktyor çəkiliş meydançasında peşəkar davranış qaydalarını, insanlarla düzgün ünsiyyət qurmağı, komandada işləməyi və məsuliyyətin necə idarə olunmasını öyrənir. Eyni zamanda, kino mühiti və istehsal prosesi ilə daha yaxından tanış olur. Agentliklə çalışan aktyorların xarici layihələrdə iştirak şansı da daha yüksək olur. Çünki beynəlxalq layihələrdə ilk növbədə agentliyin təqdim etdiyi aktyorlar nəzərdən keçirilir. Böyük kastinqlər zamanı isə seçim bütün Azərbaycan aktyorları arasında aparılır.


– Daşkənddəki premyera necə keçdi? Özbək tamaşaçıların bizim aktyorlara münasibəti necə oldu? Ümumiyyətlə, Özbəkistanda kinoya münasibət və premyera mədəniyyəti barədə nə deyə bilərsiniz?

– 2025-ci ildə Özbəkistan kinematoqrafçıları ilə ilk əməkdaşlığımız nəticəsində ərsəyə gələn “Bedarak” bədii filminin premyerasına dəvət aldım. Mayın 22-də Özbəkistan Milli Kino Sənəti Sarayında baş tutan premyerada Azərbaycan Kinematoqrafçılar İttifaqının dəstəyilə iştirak etdim. Özbək tamaşaçıları filmin baş rol ifaçısı Sənan Əlləzi böyük coşqu və alqışlarla qarşıladılar. Filmin xronometrajı kifayət qədər uzun olsa da, tamaşaçılar sona qədər böyük maraqla izlədilər. İnsanların reaksiyası və premyeradan sonra film haqqında fikirlərini bölüşməsi doğrudan da xoş təəssürat yaratdı. Əlbəttə, Azərbaycanda belə premyeralar olur, amma oradakı tamaşaçı marağı və kinoya münasibət daha fərqli səviyyədə hiss olunurdu. İnsanlar kinonu sevir və kinoteatrlara böyük maraq göstərirlər. Bu isə çox vacib amildir. Kinoya münasibət yalnız peşəkar müstəvidə deyil, xalqın münasibətində də öz əksini tapır. Çünki biz kinonu ilk növbədə tamaşaçı üçün çəkirik.

Bu film Özbəkistan Baş Prokurorluğunun sifarişilə çəkilmişdi. Bu da kinoya yanaşmanın fərqli modelini göstərir. Kinoya maliyyəni yalnız Mədəniyyət Nazirliyi və ya kino agentliyi ayırmır. Həmçinin, müxtəlif dövlət qurumları da kinonu ideoloji və maarifləndirici vasitə olaraq maliyyələşdirirlər. Orada olduğum müddətdə Özbəkistan Daxili İşlər Nazirliyi də yeni film sifarişilə bağlı rejissorla danışıqlar aparırdı. Yəni dövlət qurumları öz fəaliyyətlərini təbliğ və təşviq etmək üçün kino layihələrinə dəstək verirlər. Bu isə kino sənayesində davamlı iş mühiti yaradır və kino adamlarının daimi fəaliyyət göstərməsinə imkan verir.

Müxtəlif dövlət strukturları prosesə qoşulur və bu ümumi inkişafı sürətləndirir. Düşünürəm ki, Özbəkistan bu baxımdan bizdən bir neçə addım öndədir. Hesab edirəm ki, biz də bu istiqamətdə daha aktiv işləməliyik. Ümumilikdə, Özbəkistanda kinoya həm xalqın, həm də dövlətin birlikdə maraq göstərdiyini gördüm. Yer gəlmişkən, mədəniyyətə və incəsənətə dəstəyin gücləndirilməsi məqsədilə 2026-cı ilin 1 sentyabr tarixdən etibarən kino sənayesi 10 il müddətinə vergidən azad edilir. Kino strateji sahədir və o, yalnız bir qurumun fəaliyyətindən asılı olmamalıdır. Dövlət dəstəyi, vergi güzəştləri və tamaşaçı marağı bizdə də var, amma Özbəkistanda bunun daha güclü şəkildə hiss olunduğunu gördüm.

– Son layihələrinizlə bağlı məlumat verərsinizmi?

– Son bir il ərzində aktyorlarımız bir sıra yerli və beynəlxalq layihələrdə iştirak ediblər. Natavan Abbaslı rejissor Türkan Hüseynin “Ölü Həsən” bədii filmində rol alıb. Hazırda isə rejissor Rüfət Şahbazovun “Sığınacaq: Əkizlər” serialında baş rolu ifa edir. Serialın yaxın zamanda efirə çıxması planlaşdırılır. Kamran Ağabalayev rus kinematoqrafçılarının istehsalı olan “Tanrı olmaq çətindir” serialında rol alıb. Layihənin premyerası gələn ilin əvvəlinə nəzərdə tutulur. Sənan Əlləz özbək kinematoqrafçılarının istehsalı olan “Bedarak” bədii filmində baş rolu canlandırıb. Günay Həsən “Mən, Lalə, bir də Şerlok Holms” serialında çəkilib. Hazırda isə AzTV-nin istehsalı olan “Dirilən adam” serialında baş rollardan birini ifa edir. Həmin layihədə agentliyimizin təqdimatı ilə Aydan Həsənzadə də çəkilir. Gənc aktyorumuz Fətəli Abdullayev rejissor İlqar Quliyevin “Qıfıl” bədii filmində baş rolu ifa edib. Sənan Əlləz həmçinin “Qardaş andı” serialında çəkilib və hazırda AzTV-nin istehsalı olan “Dörd divar” serialında çəkilir. Bundan əlavə, Gürcüstanda hind kinematoqrafçıların çəkdiyi “Rəmzi 2” filmində, Vüsalə Ağayeva isə “Mikrorayon” serialında çəkilib.

Ötən il iki böyük premyera ilə yadda qaldı. Baku Media Mərkəzinin istehsalı olan “Tağıyev” və rus kinematoqrafçıları ilə əməkdaşlığımız nəticəsində ərsəyə gələn “Konstantinopol” serialı.  “Tağıyev” filmində agentliyin aktrisası Zəhra Əlisoy da çəkilib. Bundan əlavə o, “Oskar” Prodakşnın istehsalı olan “Çarəsiz” serialında da iştirak edib. “Konstantinopol” serialında isə Azərbaycandan geniş aktyor heyəti iştirak edib: Hüsniyyə Mürvətova, Rövşən Kərimduxt, Aydan Həsənzadə, Sənan Əlləz, Kamran Ağabalayev, Səmimi Fərhad, Cavidan Novruz, Əbdülqəni Əliyev, Cümşüd Zeynalov, Vaqif Kərimov, Ruslan Pavlov, Səməd Yunusov, Əli Cəfərov, Sain Fərhad, Gülər Ləzgiyeva və Mirzə Ağayev. Gələcək planlara gəldikdə isə hazırda özbək və rus kinematoqrafçıları ilə yeni layihələr üzrə danışıqlar davam edir. Ümid edirəm ki, Azərbaycan aktyorlarının həm Azərbaycan kinosunu, həm də ölkəmizi beynəlxalq layihələrdə təmsil etmək imkanları daha da artacaq.

Gənc aktyorlara peşəkar inkişaf üçün hansı vərdişləri tövsiyə edərdiniz?

– Aktyor davamlı şəkildə öz üzərində işləyərsə, bunun nəticəsini mütləq görəcək. Bu peşədə inkişaf müəyyən zaman tələb edir. Mən gənclərə tövsiyə edərdim ki, boş vaxtlarında öyrənmək üçün də çəkiliş meydançalarına getsinlər. Özlərindən yaşca və təcrübəcə böyük insanlarla ünsiyyətdə olsunlar, onları müşahidə etsinlər. Mən özüm də gənclik illərində bəzən çox az qonorarla, bəzən isə ümumiyyətlə ödənişsiz işləmişəm. Amma bunun qarşılığında böyük təcrübə qazanmışam. Ən vacib qazanc da məhz budur.

Aynur Kazımova

Əlaqədar Yazılar