Əsas ARKA-DAREJİSSOR NURLAN HƏSƏNLİ “KÖÇƏRİ” FİLMİNİN HAZIRLIĞINA BAŞLAYIB

REJİSSOR NURLAN HƏSƏNLİ “KÖÇƏRİ” FİLMİNİN HAZIRLIĞINA BAŞLAYIB

by editor

Rejissor Nurlan Həsənlinin ikinci tammetrajlı sənədli-bədii filmi olan “Köçəri” inkişaf mərhələsindədir. Xronometrajı 80 dəqiqə olan filmin istehsalçısı Rental Azerbaijan, prodüseri Emil Nəcəfovdur. Filmin nümayişi 2028-ci ilə planlaşdırılır.

Filmin hekayəsi Quba rayonunun kəndlərində yaşayan etnik azlıqların həyatına əsaslanır və ata-oğul üzərindən izah olunur. Oğul internat məktəbində oxuyur, amma dərslərində zəifdir və təhsilini davam etdirmək istəmir. Bunun əvəzinə atasının fəaliyyətini davam etdirmək qərarına gəlir. Ata əvvəlcə buna qarşı çıxır və oğluna başqa bir gələcək arzulayır, amma oğlunun qətiyyətini görərək razı olur ki, oğul qışlaq işlərinə qoşulsun. Onun məqsədi isə oğlunun üzərinə düşən məsuliyyəti getdikcə artırmaqdır. Daha sonra mövsümi köç başlayır. Ata və oğul Hacıqabuldan Qubadakı kəndlərə və yaylaqlara 15 günlük piyada səyahət edirlər. Kəndlərə çatdıqdan sonra yaylağa çıxaraq qoyunlarını otarırlar. Bu mərhələdə isə aydın olacaq ki, oğul çətinliklərə dözəcək və təsərrüfat işlərini davam etdirəcək, yoxsa təhsilinə qayıdacaq.

Filmin rejissoru Nurlan Həsənli kinoinfo.az saytının suallarını cavablandırıb.

– “Köçəri Haputluları”nı necə tapdın? Bu ideya necə yarandı?

– Təxminən dörd il əvvəl internetdə gördüm ki, Turizm Agentliyinin bir neçə əməkdaşı “Köç yolu”nu UNESCO-nun mədəni irs siyahısına salmaq üçün araşdırmalar aparır. Onlar bu yolu piyada keçərək məlumat toplayır, foto və videolar paylaşırdılar. Yol mənə çox maraqlı gəldi, çünki üzərində həm mədəni, həm də təbii abidələr – kilsələr, məscidlər, pirlər, şəlalələr, palçıq vulkanları – çox zəngin şəkildə yerləşmişdi. Gördüm ki, bu, sənədli film üçün böyük potensiala malikdir. Qalırdı ki, bu məkanda obraz tapım və hekayəni formalaşdırım.

O vaxt prodüser Emil Nəcəfov və operator Natiq Hüseynovla birlikdə müzakirə etdik və qərara gəldik ki, yayda ora gedib tədqiqat və ilkin çəkiliş aparaq. İki gün yaylaqda qaldıq, insanlarla söhbət etdik və belə qərara gəldik ki, hekayəni uşaqlar üzərindən danışmaq daha maraqlı olacaq. Orada çox fərqli uşaqlarla qarşılaşdım: bəziləri dərslərində çox yaxşı oxuyurdu, amma tətildə kəndə qayıdıb atasına təsərrüfat işlərində kömək edirdi. Qoyun sağımaq, səhər tezdən otarmaq, geri qaytarmaq – bunlar çox çətin işlərdir, amma 14-15 yaşlı uşaqlar arasında bu işləri çox bacarıqla görənlər var idi. Digər tərəfdən, işlərdə çox fəal olmayan, amma dərslərində də zəif uşaqlar da vardı. Bu uşaqlar arasında xaraktercə mənə ən maraqlı gələnləri seçərək hekayəni formalaşdırdıq.

– “Köçəri” layihəsi ARKA-dan necə dəstək aldı?

– “Köçəri”ni bədii-sənədli layihə kimi Azərbaycan Respublikası Kino Agentliyinin (ARKA) dövlət dəstək proqramına təqdim etmişdim. Layihə ilkin mərhələdən keçdi və pitçinq mərhələsinə buraxıldı. Pitçinqdən sonra istehsal dəstəyi qazandı və hazırda sənədləşmə prosesi üzərində iş gedir.

17 aprel tarixində Mədəniyyət Nazirliyinin dəstəyi, Kino Agentliyi və Azərbaycan Prodüserlər Gildiyasının təşkilatçılığı ilə keçirilən “Prodüserlərin inkişaf təlimi” proqramı çərçivəsində prodüser və rejissorlar film layihələrini təqdim etdilər. “Köçəri” layihəsi bundan iki il əvvəl keçirilən “Prodüserlərin yüksəlişi” proqramında da iştirak etmişdi. Orada Almaniyadan gələn mütəxəssislər – prodüserlər Martin Hagemann və Titus Kreyenberq – layihənin inkişafına böyük töhfə verdilər. Daha sonra Titus Kreyenberqlə birəbir video görüşlər nəticəsində tritment üzərində işlədik və hazırkı formaya o proqramın nəticəsində gəlib çıxdıq.

Hazırda layihə inkişaf mərhələsindədir və mən onu beynəlxalq proqramlara – inkişaf və mentorluq platformalarına – göndərirəm. Məqsədim budur ki, layihə hər mərhələdə beynəlxalq təcrübə qazansın. Çəkiliş mərhələsinə yaxınlaşdıqda isə postproduksiya üçün də xarici dəstək almağı planlaşdırıram. Əslində istəyim odur ki, “Köçəri” yalnız Azərbaycan istehsalı olmasın, digər ölkələrin də marağına səbəb olsun. Çünki bu halda film daha çox insana çatar və satış potensialı da artar. Film təbiət mövzusu, azlıq icmalar və onların dili kimi universal meyarlarla beynəlxalq auditoriyaya açıqdır.

– Film iki dildə olacaqmı?

– Filmdəki obrazlar öz dillərində danışırlar. Mənim yaylaqdakı iki günlük təcrübəm zamanı gördüm ki, ailələrin yaşlı üzvləri əsasən öz etnik dillərində danışırlar, amma uşaqlar bu dili artıq unudublar. Çünki onlar əsasən Quba və digər rayonlarda yaşayır, Azərbaycan dilində ünsiyyət qururlar. Bu da filmin əsas mövzularından biridir: insanlar köçərilikdən və təsərrüfat həyatından uzaqlaşdıqca, kimliklərini və dillərini də yavaş-yavaş itirirlər.

Ona görə də bu məsələyə sənədli baxışla yanaşmaq istəyirəm – kim öz dilində danışmaq istəyirsə, danışsın; kim Azərbaycan dilində danışmaq istəyirsə, o da elə etsin. Mən özüm həmin dili bilmədiyim üçün montaj zamanı bu, müəyyən çətinlik yaradacaq, amma eyni zamanda vizual baxımdan anlamağa kömək edəcək. Çəkiliş zamanı hadisələri müşahidə edərək emosiyaları və münasibətləri dildən çox görüntü vasitəsilə izləməyə çalışıram.

Tizer materialını montaj edərkən də personajlar öz dilində danışırdı. Mən yalnız görüntülərə baxaraq səhnələri seçmişdim. Daha sonra həmin materialı dil bilən bələdçiyə göndərdim və o, Azərbaycan dilinə tərcümə etdi. Nəticədə gördüm ki, çox az səhv etmişəm. İnsanların emosiyalarını, münasibətlərini izləmək, dili bilməsən belə, çox şeyi başa düşməyə imkan verir. Bu, dialoqa deyil, görüntünün gücünə əsaslanan bir yanaşmadır.

Aynur Kazımova

Əlaqədar Yazılar