Rejissor Orxan Ağazadə ötən il “Kinomexanikin qayıdışı” filmi ilə qalib gəldiyi Torino Film Festivalına bu dəfə münsif kimi dəvət olunub. 1982-ci ildə Beynəlxalq Gənclər Film Festivalı adı ilə yaradılan Torino Film Festivalı ilk gündən özünü həm tənqidi düşüncə ilə, həm də kino dilinin inkişafı ilə bağlı olan metropoliten platforma kimi təqdim edib. Festival tarix boyu retrospektiv proqramlara xüsusi önəm verib; Fransız Yeni Dalğası, Yeni Alman Kinosu, Con Karpenter, Corc Romero, Manoel de Oliveyra, Paolo Qobetti, Aleksandr Sokurov, Uilyam Fridkin, Roman Polanski, Vim Venders, Filip Qarrel, Paulo Roşa və Mohsen Məxməlbaf kimi cərəyan və rejissorlara həsr olunan retrospektivlər böyük maraqla qarşılanıb.
Bu festival sayəsində bu gün dünya miqyasında tanınan bir çox rejissorun ilk filmləri geniş auditoriyaya təqdim olunub. Onların sırasında Ceyn Kempion, Pablo Larrain, Paolo Sorrentino, Pietro Marçello, Qabriele Muççino, Matteo Qarrone, Cəfər Panahi və Brayan Singer kimi adlar yer alır. Torino Film Festivalının sənədli film bölməsində münsif kimi iştirak edən Orxan Ağazadə festivaldakı təcrübəsini kinoinfo.az saytının oxucuları ilə bölüşüb.
– Siz əvvəlcə “Kinomexanikin qayıdışı” filmi ilə Torino Film Festivalında əsas mükafatı qazandınız, indi isə münsif kimi dəvət olunmusunuz. Hər iki təcrübə sizdə hansı oxşar və fərqli hissləri yaratdı?
– “Kinomexanikin qayıdışı” keçən il sənədli film nominasiyasında ən yaxşı film mükafatını alanda mən festivalda yox idim, gedə bilməmişdim. Ona görə birbaşa müqayisə etmək çətindir. Amma ümumi olaraq deyə bilərəm ki, münsif olmaq daha böyük məsuliyyətdir. Çünki bütün filmlərə baxmalısan və mümkün qədər onları böyük ekranda izləməlisən.
Digər bir məsələ də ondan ibarətdir ki, əgər filmdən sonra sual-cavab sessiyası olurdusa, bizə münsif olaraq həmin hissədə iştirak etmək qadağan edilmişdi. Səbəb isə odur ki, bu zaman müəllifə qarşı şəxsi rəğbət yarana bilər. Bilmirəm başqa festivallarda da belədir, amma məncə bu, normal yanaşmadır.
Fərqlərdən biri də odur ki, festival iştirakçısı olanda digər rejissorlarla daha çox ünsiyyət olur. Biz isə müəyyən qədər izolyasiya olunmuşduq. Xüsusi qrafikimiz var idi ki, qərar verənə qədər iştirakçılarla yaxınlıq yaranmasın. Bir həftə ərzində 17 filmə baxdıq. Təxminən 10 filmə baxandan sonra ilk iclas oldu və favoritlər müzakirə edildi. Qalan filmlərə baxıldıqdan sonra isə son görüş keçirildi və yekun qərar verildi.
– Bir rejissor kimi filmləri qiymətləndirərkən nəyə xüsusi diqqət edirsiniz?
– Mənim üçün ilk növbədə filmin ideyası və hekayəsi çox vacibdir. Ondan sonra rejissorun filmə şəxsi bağlılığı önəmlidir. Digər əsas məsələ isə filmin böyük ekranda necə işləməsidir. Bu film həqiqətən böyük ekran üçün çəkilibmi, yoxsa yox?
Həmçinin sinemanın alətlərindən – səsdən, görüntüdən, montajdan necə istifadə olunub? Film tamaşaçını öz dünyasına nə dərəcədə cəlb edə bilir, onu hansı emosional vəziyyətə sala bilir – bunlar mənim üçün vacibdir.
Qeyd edim ki, sənədli film jürisi olsam da, özümü sırf sənədli film rejissoru saymıram. Klassik, standart müsahibə üzərində qurulan sənədli filmlər mənim üçün o qədər də maraqlı deyil. Daha çox qarışıq formalar, müşahidə və eksperimentə açıq filmlər diqqətimi çəkir.
– Torino Film Festivalının estetik və tematik xəttini necə xarakterizə edərdiniz?
– Açığı, mən yalnız iştirak etdiyim bölmə haqqında danışa bilərəm. Orada müəyyən qarışıqlıq hiss etdim. Adətən festivallarda seçilmiş filmlərdə müəyyən oxşar cizgilər, yaxud festivalın strategiyası hiss olunur. Məsələn, Vision du Réel festivalının çox spesifik yanaşması var.
Torinoda isə janr baxımından çox fərqli filmlər vardı: fantastik, mistik elementli işlər, böyük ekran üçün nəzərdə tutulmuş filmlər, müşahidə sənədli filmləri və mənim sevmədiyim televiziya tipli sənədli filmlər də var idi. Hətta Dolph Lundgrenin özü haqqında “Netflix” üslubunda çəkilmiş bir film də müsabiqədə idi ki, bu nə mənim, nə də digər münsiflərin zövqünə uyğun idi.
Juliette Binocheun özünün çəkdiyi film də müsabiqəyə daxil edilmişdi. Mən belə başa düşürəm ki, tanınmış simaları festivala cəlb etmək üçün onların filmləri də müsabiqəyə salınıb.
– Bu festivalı digərlərindən fərqləndirən əsas cəhət nədir?
– Bu suala dəqiq cavab vermək çətindir, amma əsas fərqlərdən biri festivalın hər il kinoya böyük töhfə vermiş bir şəxsə həsr olunmasıdır. Məsələn, mənim filmimin yarışdığı il festival Marlon Brandoya həsr olunmuşdu, bu il isə Paul Newmana.
Festival çərçivəsində çoxlu fəxri qonaqlar dəvət olunur. Bu il Spike Lee, Juliette Binoche, Antonio Banderas, Jacqueline Bisset, Vanessa Redgrave, Terry Gilliam, Daniel Brühl, Vincent Lindon, Aleksandr Sokurov, Dolph Lundgren və Hanna Schygulla festivalın qonaqları idi. Paralel olaraq onların filmləri də nümayiş olundu.
Paul Newmana həsr olunduğu üçün onun rol aldığı əsas filmlər də proqramda yer aldı. Qonaqlar arasında mənim üçün ən maraqlısı Hanna Schygulla idi. O, Rainer Werner Fassbinderin “The Marriage of Maria Braun” filmində rol alıb.
– Müasir gənc rejissorların işlərində hansı tendensiyaları görürsünüz? Sizi sevindirən və ya narahat edən nədir?
– Baxdığımız filmlərin müəllifləri hamısı gənc deyildi, müxtəlif yaş qruplarından olan insanlar var idi. Amma ümumi olaraq məni narahat edən əsas məsələ kino dilinin və sinemanın özünün harada olmasıdır.
Mövzudan daha çox onun necə işlənməsi önəmlidir. Yalnız kinonun ötürə biləcəyi elementlər haradadır – məni bu maraqlandırır. Sosial realizm də ola bilər, çox realist film də ola bilər, amma əsas odur ki, rejissorun qurduğu dünyanı hiss edim və o dünyanın içində olum.
Bir tendensiya kimi onu deyə bilərəm ki, aktual mövzulara həddindən artıq fokus var. Bu həmişə olub, amma indi sanki kino jurnalistikanın funksiyasını öz üzərinə götürür. Mənə görə bu narahatedicidir. Çünki bunu üçün ayrıca jurnalistika sahəsi var, sinema isə incəsənətdir. Kino tədricən sadəcə informasiya ötürən alətə çevrilməsi mənim üçün sevindirici deyil.
– Münsif kimi obyektiv qalmaq çətindir. Siz bu balansı necə qoruyursunuz?
– Təbii ki, zövq faktoru var. Amma əsas prinsipimiz mükafatı həqiqətən haqq edən filmə vermək idi. Bəzən tematik olaraq çox aktual mövzular olur – müharibələr, münaqişələr və s. Amma biz qərara gəldik ki, ilk növbədə böyük ekranda güclü işləyən, dürüst və səmimi film seçilməlidir.
“Dürüst” deyəndə müəllifin filmə nə qədər yaxın olması, onun içindəki yanğının hiss olunması nəzərdə tutulur. Mükafatı da bu prinsiplə verdik. Açığı, filmlər arasında elə bir iş yox idi ki, birmənalı şəkildə “ən yaxşı budur” deyək. Amma iki-üç film var idi ki, hamı onların güclü olduğunu qəbul edirdi.
Əsas mükafatı Brittany Shyne-nin çəkdiyi “Seeds” filminə verdik. Bu film afroamerikalı rejissorun öz icması haqqında çəkdiyi işdir. Mən bu filmi əvvəllər Nyu-Yorkda Margaret Mead festivalında da izləmişdim, eyni proqramda idik və o film qalib gəlmişdi. Müəllifi tanımırdım, yəni şəxsi münasibət yox idi. Ona görə də seçim çətin olmadı.
– Münsiflik prosesi sizə yeni film ideyaları üçün ilham verirmi?
– Bəzən verir, bəzən yox. Daha çox insan özünü qarşı tərəfin yerinə qoyur və düşünür ki, mənim filmimə də münsiflər bu cür baxır. Filmlərə baxanda özüm üçün axtardığım şeylərlə münsiflərin fikirlərinin üst-üstə düşüb-düşmədiyini görürəm.
Bu baxımdan həm ilhamverici, həm də öyrədici bir təcrübədir. Böyük ekranda film izləyərkən bəzən elə məqamlar olur ki, konkret ideya yox, amma müəyyən elementlər sənə nəsə düşündürür: bunu öz filmimdə necə istifadə edə bilərəm?
– Azərbaycan kinosu beynəlxalq festival kontekstində sizcə hansı mərhələdədir?
– Ümumi festival kontekstində Azərbaycan kinosunun müəyyən mərhələdə stabil şəkildə göründüyünü demək çətindir. Çünki illərə görə dəyişir: bəzən bir neçə film olur, bəzən bir film, bəzən isə heç olmur. Ona görə də konkret mərhələ demək çətindir.
Düşünürəm ki, burada əsas problem kino sisteminin olmamasıdır. Kino sistemi təkcə film çəkmək və ya festivala çıxmaq deyil. Onun arxasında distribütorlarla iş, əvvəlcədən qurulmuş festival strategiyası, platformalar dayanır. Bunlar olmayanda filmlər də inkişaf edə bilmir.
Digər vacib məsələ ölkənin özündə güclü beynəlxalq festivalın olmasıdır. Belə bir festival vasitəsilə xarici proqramçılar, festival nümayəndələri dəvət oluna, əlaqələr qurula bilər. Bu bir növ mədəni diplomatiyadır.
Azərbaycan rejissorlarına gəldikdə isə, məncə ən vacib məsələ sənətə dürüst yanaşmaqdır. Festivalların xoşuna gələcək film çəkmək mümkündür, amma əsas sual budur: sən bir sənətçi kimi hara gedirsən, vizual dilini necə inkişaf etdirirsən? Bu film səni növbəti mərhələyə daşıyacaqmı, növbəti işin üçün pasport olacaqmı? Bunlar çox önəmlidir.
– Torino təcrübəsindən sonra gənc filmçilərə ən əsas tövsiyəniz nə olar?
– Çox film izləmək və öz dilini tapmaq. Öz ruhunu azad saxlamaq və özünə qarşı dürüst olmaq. Doğrudan da bu filmi çəkmək istəyirsənmi, bu hekayəni danışmaq sənin üçün həqiqətən vacibdirmi – əsas sual budur.
Aynur Kazımova

