Azərbaycan kino sənayesində bir neçə layihəyə imza atmış rejissor və prodüser Elvin Abdulla 2017-ci ildə çəkilmiş Azərbaycanın ilk qorxu janrlı tammetrajlı filmi Xənnasın rejissoru kimi tanınır. Onun filmləri bir sıra beynəlxalq festivallarda nümayiş olunub. Hazırda Elvin Abdulla yaradıcılıq təcrübəsini biznes vizyonu ilə birləşdirərək Kinobox platformasını qurub və məqsədi Azərbaycan filmlərini regional və beynəlxalq səviyyədə təqdim etməkdir. Kinoinfo.az üçün Elvin Abdulla ilə söhbət etdik; müsahibədə o, Kinobox-un məqsədlərindən, Azərbaycan kino istehsalçılarının imkanlarından və beynəlxalq arenada təqdimat strategiyalarından danışdı.
KinoBox ideyası sizdə necə yarandı və bu layihəni reallaşdırmaq üçün nə ilham verdi?
Düzünü desəm, bu ideya mənə magistraturanı oxuyanda gəldi. Mən İstanbul Film Akademiyasında iki illik magistr pilləsini bitirmişdim. Orada dərs deyən müəllimlərimdən biri Pelin Ekincikaya idi. Pelin xanım o dövrdə Netflix Türkiyənin rəhbəri idi, indi isə Netflix Avropanı idarə edir.
Dərsdə biz uzun illər boyunca bir filmdən necə gəlir əldə olunduğunu öyrəndik. Film mərhələli şəkildə satılır: birinci mərhələsi kinoteatrlarda yayım, ikinci mərhələsi televiziya kanalları və onlayn platformalar, sonrakı mərhələlər isə nəqliyyat vasitələrində – qatar, təyyarə və s. – yayımlanır.
Özüm film çəkmişdim və magistraturaya gələndə yalnız kinoteatrdan qazanc əldə etmişdim. Azərbaycanda kino sənayesi isə hələ də əsasən kinoteatrın üzərində dayanır. Bu dərslərdən Pelin müəllimdən ilhamlanaraq, Azərbaycana qayıdan kimi belə bir ideyanı gerçəkləşdirmək istədim.
Təhsilimi bitirib 2021-ci ildə geri dönəndə Popcorn.az saytını yaratdıq, lakin maddi davamlılıq olmadığından layihəni davam etdirə bilmədik.
– Azərbaycan və region filmlərinin beynəlxalq səviyyədə təqdimatı ilə bağlı hansı boşluğu doldurmaq istəyirsiniz?
Düşünürəm ki, birinci və ən vacib boşluğu düzgün servis qurmaqla dolduracağıq. Bu gün Azərbaycanda bir film minimum 100 min dollara çəkilir. Özəl sektorda, dövlət layihələrində isə bu rəqəm 400–500 min dollara çatır. 200 minə də çəkilən film var, 3 milyona da.
Hazırda bu filmlər əsasən YouTube-da yayımlanır, amma bu, beynəlxalq təqdimat üçün yetərli deyil. Bizim filmləri beynəlxalq arenada təqdim etmək üçün ilk növbədə düzgün bir platforma olmalıdır. Kinobox platforması isə tam olaraq bu boşluğu dolduracaq.
İkincisi, dublyaj partnyorlarımız vasitəsilə Azərbaycan filmlərini altı xarici dilə dublyaj etməyi hədəfləmişik. Əsas dil bazamız rus, ingilis və türk dilləridir. Bununla böyük auditoriyaya çatmağı planlaşdırırıq. Dublyajdan əlavə alt yazılarla texniki dəstək verərək filmləri beynəlxalq bazara çıxaracağıq.
Üçüncü addım isə partnyorlarla əməkdaşlıqdır. Məsələn, noyabrın əvvəli Dubay Beynəlxalq Kontent Marketində iştirak etdik, orada əlaqələr qurduq və başa düşdük ki, bu filmləri orada da sata bilərik. Müqavilə imzaladığımız partnyorlarla distribusiya müqavilələri də bağlayacağıq ki, Azərbaycan filmlərini beynəlxalq arenada təqdim edə bilək.
– KinoBox-un əsas missiyası yerli film ekosistemini gücləndirməkdir. Bu məqsədə çatmaq üçün konkret hansı strategiyaları nəzərdə tutursunuz?
Ən birinci strategiyamız Azərbaycan filmlərini pullu şəkildə daha geniş auditoriyaya çatdırmaqdır. Hazırda kinoteatrlar ortalama 100 min nəfər tamaşaçı cəlb edir. Azərbaycan istehsalçısı kinonu çəkəndə deyir: “Filmimə 100 min adam baxsa, xoşbəxtəm.” Lakin Kinobox vasitəsilə biz 55 milyon insana çata bilərik. YouTube-da da bu mümkün ola bilər, amma fərq ondadır ki, Kinobox ödənişli platformadır və daha çox gəlir gətirir.
İkincisi, Kinobox-un öz istehsallarına başlamasıdır. Əlbəttə, Kinobox bütün istehsalı özü həyata keçirməyəcək. Ayda dörd serial çəkmək mümkün deyil. Buna görə digər yerli istehsalçılar da bizə qoşulmalıdır. Bu, bazarda əməkdaşlıq və dövriyyəni artıracaq.
Üçüncü məsələ isə uğur hekayələridir. Kinobox istehsalçılara yaxşı gəlir qazandırdıqca, onlar Kinobox üçün film çəkməyə başlayacaq. Bu, bazarın canlanmasına, yeni iş yerlərinin açılmasına və ekosistemin güclənməsinə səbəb olacaq.
Hələ ki test olaraq 2–3 filmi dublyaj etməyə başlayacağıq. Nəticə müsbət olarsa, il sonunda öz istehsallarımızı da test edəcəyik. Bu, Kinobox-un potensialını göstərmək üçün vacibdir.
– Beynəlxalq inteqrasiya imkanları barədə nə düşünürsünüz? Xarici platformalarla əməkdaşlıq planlarınız varmı?
Bəli, artıq tədbirlərdə iştirak edərək xarici şirkətlərlə netvörkinq qurmuşuq. Hələ ki, xarici kontenti platformaya buraxmaq niyyətimiz yoxdur. Məsələn, Hindistan, Rusiya, Türkiyə və digər ölkələrdən çoxlu kontent seçimi mövcuddur. Biz birinci mərhələdə yalnız Azərbaycan kontentini toplayıb Azərbaycan tamaşaçısına çatdırmağı hədəfləyirik. İkinci mərhələdə isə türk dilli ölkələr üçün onlayn platforma olmaq niyyətindəyik.
Aynur Kazımova

