Əsas ELANLARAKİ-NİN “MƏN QADINAM” TAMMETRAJLI FİLM SSENARİSİ MÜSABİQƏSİNİN FİNALÇILARI MÜƏYYƏNLƏŞİB

AKİ-NİN “MƏN QADINAM” TAMMETRAJLI FİLM SSENARİSİ MÜSABİQƏSİNİN FİNALÇILARI MÜƏYYƏNLƏŞİB

by editor

Azərbaycan Kinematoqrafçılar İttifaqının ənənəvi layihələrindən biri də ssenari müsabiqəsidir. AKİ müntəzəm olaraq müxtəlif mövzularda təşkil etdiyi bu müsabiqələri kinomuzu inkişaf etdirən, müəlliflər arasında rəqabəti artıran və ssenari yaradıcılığına marağı stimullaşdıran mühüm mexanizm sayır.

Milli kinomuzda olan əsas problemlərdən biri də qadın qəhrəmanlarımızın olmaması və ya zəif olduğunu nəzərə alaraq, AKİ 2024-cü il 14 dekabr tarixində “Mən qadınam” tammetrajlı bədii film ssenari müsabiqəsi elan etmişdi. Bununla bağlı, müsabiqədə iştirak etmək istəyənlər üçün yanvardan başlayaraq müntəzəm olaraq masterklasslar təşkil olunmuşdur.

Ssenarilərin qəbulu 15 dekabr 2024-ci il tarixindən – 30 aprel 2025-ci ilə qədər davam etdi. Bu müddət ərzində 96 adda ssenari daxil olub və onlardan 71 ədəd ssenari müsabiqəyə buraxılıb. Əsas cəhətlərdən biri odur ki, bu il əvvəlki illərlə müqayisədə müsabiqəyə müraciət edən qadın müəlliflərin sayı kişi müəlliflərlə eynidir.

Kinomuzda həm qadın müəlliflərin, həm də qadın qəhrəmanların sayı azdır. Halbuki ölkəmizdə 30 il ərzində baş verən siyasi, iqtisadi, hərbi kataklizmlərin ağrılarını məhz Azərbaycan qadını öz çiyinlərində daşıyıb. Ölkəmizin hərbi, iqtisadi, diplomatik qələbələrinin tamhüquqlu müəlliflərindəndir Azərbaycan qadını: Şəhid anaları, qazi bacıları, kənd müəllimləri, tibb bacıları, sahibkar xanımlar, məktəbli və tələbə xanımlar, alimlər, teatr və kino sənətkarları, idmançılar, kitabxanaçılar və xadimələr, sadəcə qadın səadətinə çatmaq istəyən milyonlarla qadın, peşə və baxışlarından asılı olmayaraq, “Mən qadınam” deyərək yoluna davam etməyə güc tapacaq şəxsiyyətlərdir. Müasir ssenarilərimizdə parlaq qadın obrazlarının yoxluğu kino aktrisalarımızın da peşəkar və texniki inkişafının qarşısını alır.

Qeyd edək ki, AKİ 2022-ci ildə “Mən qadınam” adlı qısametrajlı bədii film ssenari müsabiqəsi təşkil etmişdi və ssenaristlər tərəfindən böyük maraqla qarşılanmışdı. Qadına aid mövzuların həssaslığını nəzərə alaraq, bu dəfə eyni adlı, amma tammetrajlı bədii film ssenari müsabiqəsi elan olundu və yenə böyük maraqla qarşılandı.

Bu il 15 ssenari müsabiqənin final mərhələsinə buraxılıb və onların arasında qadın müəlliflərin sayı nəzərə çarpacaq qədər çoxalıb.

Azər Allahverdi “Heç kim bilməyəcək”

Aytac Məmmədli “Üçbucaq”

Çinarə Əlişli “Piyada vəzirə doğru”

Hacı Səfərov “Nigarın evi”

İntiqam Hacılı “İş axtaran qız”

Qəzənfər Musabəyov, Rəsul Balayev, Şahi Mərdan “Dağ laləsi”

Lalə Əliyeva – Klıçkova “Dəhliz”

Murad Muradov, Züleyxa Şirinova “Tut ağacı”

Rüstəm Babazadə, Əli-Səttar Quliyev “Gəlin”

Səməd Ağayev “Qonşu evin işıqları”

Sara Hüseynova “Sara”

Tavus Ağayeva “Sükutun səsi”

Ülviyyə Heydərova “Zülf”

Ülviyyə Heydərova “Mələklər”

Bircə “Səsimin boyu balacadır”

Qaliblərin adı 2 avqust 2025-ci il tarixində elan olunacaq.

Qaliblər diplom və pul mükafatı ilə təltif ediləcəklər. (I yer – 5000 AZN, II yer – 3500 AZN, III yer – 2500 AZN)

Əlaqədar Yazılar