Əsas ANALİTİKAAZƏRBAYCAN KİNEMATOQRAFÇILAR İTTİFAQI 2025-CÜ İL ÜÇÜN YEKUN İLLİK HESABATINI YAYIMLAYIB

AZƏRBAYCAN KİNEMATOQRAFÇILAR İTTİFAQI 2025-CÜ İL ÜÇÜN YEKUN İLLİK HESABATINI YAYIMLAYIB

by editor

AZƏRBAYCAN KİNEMATOQRAFÇILAR İTTİFAQININ İLLİK HESABATI – 2025

Azərbaycan Kinematoqrafçılar İttifaqı (AKİ) ictimai təşkilat olaraq, fəaliyyəti dövründə kino təhsilinin inkişafında, milli filmlərin təbliğatında böyük rol oynayıb, festivalların keçirilməsində öz maddi və mənəvi dəstəyini əsirgəməyib. Son görülən işlər, həyata keçirilən layihələr mütəmadi olaraq İttifaqın mətbu orqanı olan aki.az saytında dərc edilərək geniş oxucu auditoriyasına təqdim olunur.

Azərbaycan Kinematoqrafçılar İttifaqının İdarə Heyəti bu il görülmüş işlərin hesabatını təqdim etməklə yanaşı qeyd edir ki, 2025-ci il üçün fəaliyyət istiqamətləri əsasən kino təhsilinin dəstəklənməsi, milli filmlərin təbliği, festival hərəkatının dəstəyi, kino nəşrlərinə dəstək, ssenari müsabiqələrinin təşkili və kinematoqrafçıların sosial dəstəyi olub. 2025-ci ildə görülən işlərin hesabatını təqdim edirik:

YANVAR

7 yanvar – Azərbaycan Kinematoqrafçılar İttifaqının maliyyə dəstəyilə foto sənəti və bu istiqamətin Azərbaycanda keçdiyi tarixi inkişaf yolundan bəhs edən, eyni zamanda, kino sənəti, operator sənəti, rəssamlıq, kinooperatorun və rəssamın birgə işi, fotonun onlarla bağlılığı, işıq effektləri və s. barədə geniş məlumatla zəngin olan “Fotokompozisiya” kitabı təkrar nəşr olunub. Azərbaycanın tanınmış foto mütəxəssisləri olan Əməkdar incəsənət xadimi, kinooperator Rafael Qəmbərov və Əməkdar incəsənət xadimi, kinooperator Amin Novruzovun birgə araşdırması olan, doqquz fəsildən ibarət “Fotokompozisiya” kitabı tədqiqat əsəri olmaqla yanaşı, bütövlükdə foto sənəti və bu istiqamətin Azərbaycanda keçdiyi tarixi inkişaf yolundan bəhs edir. 

7 yanvar – Azərbaycan Kinematoqrafçılar İttifaqı “FilmEnglish – kinematoqrafçılar üçün ingilis dili kursu” layihəsini elan edib. Üç aylıq layihənin əsas məqsədi gənc kinematoqrafçıların kino dünyasında çox əhəmiyyətli olan ingilis dili biliyinin təkmilləşdirilməsidir.

17 yanvar – “Nizami” Kino Mərkəzində kinotənqidçi Hacı Səfərovun “Tərsinə kölgələr” adlı qısametrajlı bədii debüt filminin premyerası keçirilib. Yazıçı Rahim Dünyamalının “Tərsinə addımlayan kölgələr” romanının motivləri əsasında çəkilən film, “Chinar Film” MMC tərəfindən istehsal olunub. Azərbaycan Kinematoqrafçılar İttifaqının maliyyə dəstəyi ayırdığı ekran əsəri 2024-cü ildə ARKA tərəfindən keçirilən “Post-prodakşn mərhələsində olan filmlərə dəstək” müsabiqəsində qalib gəlib.

24 yanvar – Azərbaycan Kinematoqrafçılar İttifaqının təşəbbüsü ilə kino tənqidçiləri və kinoşünasların görüşü keçirildi. Görüşdə Azərbaycan kinoşünaslığının hazırkı vəziyyəti, problemləri və perspektivləri müzakirə olundu. Xüsusilə kinotənqidçilərin təşkilatlanması, mükafatın təsis edilməsi kinomuzun inkişafına dəstək verə biləcək addımlar kimi qeyd olunub.

FEVRAL

3 fevral – Uşaq kinosunun problemlərini müzakirə etmək üçün İctimai Televiziyada yayımlanmış  “Mən, Lalə, bir də Şerlok Holms” serialının yaradıcı heyətilə görüş olub. Görüşdə yaradıcı heyətlə serialın ideyasının yaranması, istehsalat prosesi, yaradıcı və texniki tərəfləri, həmçinin, uşaq kinosundakı problemlərlə bağlı müzakirə keçirilib.

5 fevral – Azərbaycan Kinematoqrafçılar İttifaqının təşəbbüsü ilə “Azərbaycan” CinemaPlus-da Xalq yazıçısı, dramaturq, ssenarist Rüstəm İbrahimbəyovun xatirəsinə həsr olunmuş tədbir keçirilib.

Tədbirdə ustadın xatirəsinə həsr olunmuş bu gecədə “Urqa: sevgi ərazisi” bədii filmi nümayiş olunub.

7 fevral – Azərbaycan Kinematoqrafçılar İttifaqında rejissor Rüfət Şahbazovun “Tənha” adlı tammetrajlı bədii filminin qapalı nümayişi keçirilib.“KAC Qrup Media” tərəfindən istehsal olunmuş film, ağır xasiyyəti ucbatından ailəsini itirmiş və yaşlı vaxtında tək qalmış qadının bir günündən bəhs edir.

14 fevral – Azərbaycan Kinematoqrafçılar İttifaqının “Rakurs” rüblük bülleteninin növbəti nömrəsi çapdan çıxıb. AKİ-nin 2024-cü ilin iyul-dekabr aylarında icra etdiyi işlərin hesabatının yer aldığı rüblük informasiya bülleteninin bu nömrəsində, ölkəmizin kino sahəsində görülən işlər diqqətə çəkilib.

– “Azərbaycan” CinemaPlus-da “Xəmsə” adlı beş qısametrajlı bədii filmdən ibarət kinoproqram təqdim olunub.  Azərbaycan Kinematoqrafçılar İttifaqının təşkilatçıığı ilə keçirilən tədbirdə Teymur Qəmbərovun “Quxuroba”, Rüstəm Babazadənin “Son payız”, Orxan Ağazadənin “Oturacaqlar”, Ruslan Ağazadənin “Balaca”, Daniel Quliyevin “Bic” qısametrajlı bədii filmləri nümayiş edilib.

– Azərbaycan Kinematoqrafçılar İttifaqının 26.09.2024 tarixli iclasında uşaq kinosunun durumu müzakirə olunmuşdu. İclasın yekun bəyanatında Uşaq kinosunun inkişafı Dövlət Proqramının qəbul edilməsi təşəbbüsü öz əksini tapmışdı. Bununla bağlı, AKİ sədri, Xalq artisti Rasim Balayev Baş nazir Əli Əsədova müraciət ünvanlayıb. Müraciətdə Şuşanı, Laçını , Kəlbəcəri görməyən, amma onun azad olması üçün canından keçən gənc nəslin milli ruhda formalaşmasında kinomuzun rolunun böyük olmasından bəhs olunub. Xatırladaq ki, kino ictimaiyyəti və aidiyyəti qurumları narahat edən Nazirlər Kabinetinin 1997-ci ildə qəbul edilmiş 38 nömrəli qərarı ilə bağlı AKİ sədri Rasim Balayevin Baş nazir Əli Əsədova müraciəti, adıçəkilən qərarın yenilənməsi işini tezləşdirdi və kino prosesinə mane olan bəndlər ləğv edilmiş, qərarda nizamlanan müəllif qonorarları günümüzün tələblərinə uyğun dəyişdirilmişdi.

17 fevral – Azərbaycan Kinematoqrafçılar İttifaqı Berlin Beynəlxalq Film festivalında iştirak edən Əməkdar artist Rasim Cəfər və rejissor Türkan Hüseynin səfər xərclərinə maliyyə dəstəyi göstərib.

– Azərbaycan Kinematoqrafçılar İttifaqının təşkilati dəstək göstərdiyi  DokuBaku Beynəlxalq Sənədli Film Festivalı komandasının “DokuToor” layihəsi çərçivəsində “Nizami” Kino Mərkəzində ilk nümayiş proqramı baş tutub. Nümayişdə DokuBaku  Beynəlxalq Sənədli Film Festivalında mükafat almış “Tanrının xilas əli” (rej.Babək Abbaszadə; iCosmos mükafatı), “40.30” (Rusiya, rej. Vasili Ovçinnikov; iCosmos Xüsusi mükafatı), “Elə o vaxtdan mən uçuram” (İsveçrə, rej. Aylin Gökmən; iCosmos mükafatı) qısametrajlı sənədli filmlər tamaşaçılara təqdim olunub.

19 fevral – Azərbaycan Kinematoqrafçılar İttifaqının təşkilatçılığı ilə “Azərbaycan” CinemaPlus-da məşhur italyan rejisoru Federiko Fellininin “Orkestrin məşqi” bədii filminin nümayişi baş tutub.

23 fevral – Azərbaycan Kinematoqrafçılar İttifaqının təşkilati dəstək göstərdiyi DokuBaku Beynəlxalq Sənədli Film Festivalı çərçivəsində keçirilən “DokuToor” proqramı davam edib.

26 fevral – Azərbaycan Kinematoqrafçılar İttifaqının təşkilatçılığı ilə “Azərbaycan” CinemaPlus-da müəllif kinosunun yaradıcılarından biri, italyan rejissoru  Mikelancelo Antonioninin “Fotoböyütmə” bədii filmi nümayiş olunub.

MART

3 mart – DokuBaku Beynəlxalq Sənədli Filmlər Festivalı çərçivəsində keçirilən “DokuToor” proqramı martın 2-də işini tamamlayıb. 

5 mart – “Azərbaycan” CinemaPlus-da “Dünya klassikası Azərbaycan dilində” silsiləsindən Kira Muratovanın “Qısa görüşlər” bədii filminin nümayişi keçirilib.

12 mart – Azərbaycan Kinematoqrafçılar İttifaqının təşkilatçılığı ilə “Azərbaycan” CinemaPlus-da Orxan Ağazadənin “Kinomexanikin qayıdışı” bədii-sənədli filmi tamaşaçıların istəyilə yenidən nümayiş olunub.

Xatırladaq ki, “Kinomexanikin qayıdışı” filminin Azərbaycan premyerası 2024-cü il noyabrın 5-də Azərbaycan Kinematoqrafçılar İttifaqı tərəfindən təşkil edilmişdi.

13 mart – Azərbaycan Kinematoqrafçılar İttifaqının təçkilatçılığı ilə “Azərbaycan” CinemaPlus-da rejissor Murad İbrahimbəyovun 60 illik yubileyi ilə bağlı “İnsan” trilogiyası (“Neft”, “Sivilizasiya”, “İnsan”) və “Rus səyyahları Afrikada” sənədli filmlərinin nümayişi keçirilib.

19 mart – Azərbaycan Kinematoqrafçılar İttifaqının “Mən qadınam” tammetrajlı ssenari müsabiqəsi çərçivəsində təşkil etdiyi növbəti – “Ssenarinin texniki qaydaları” adlı ssenari təlimi keçirilib.

Təlimə qatılan iştirakçılar sözügedən müsabiqə ilə bağlı hazırladıqları sinopsis və ideyaların, o cümlədən, yazmaq istədikləri ideyaların inkişaf etdirilməsi ilə bağlı biliklər əldə ediblər.

24 mart – Azərbaycan Kinematoqrafçılar İttifaqının “Məktəblərdə film nümayişi” layihəsi 2 nömrəli internat evində keçirilib. Martın 23-də balaca tamaşaçıların bayram günlərinə rəng qatmaq üçün onlara Firəngiz Qurbanovanın “Qarabağ nağılı” və “Nuş olsun” animasiya filmləri nümayiş olunub.

AKİ azyaşlı tamaşaçılarda kinoya marağı artırmaq məqsədilə analoji tədbirləri gələcəkdə də davam etdirməyi planlaşdırıb. 

APREL

1 aprel – Azərbaycan Kinematoqrafçılar İttifaqı “AKİDocs – sənədli filmin inkişafı və pitçinq” beynəlxalq layihəsinə müraciətlərin qəbulunu açıq elan edib. Sənədli film layihəsini müəyyən qədər inkişaf etdirmiş, əlində mövzunun araşdırma materialları olan kinematoqrafçılar üçün nəzərdə tutulan bir həftəlik layihə ərzində sinopsisin, loqlaynların inkişafı məqsədilə intensiv dərslər keçirilib və iştirakçıların ingilis dilində pitçinqə hazırlığı baş tutub. Layihənin təlimçisi Tue Steen Müller, Danimarka Kino Şurasında 20 ildən çox qısa və sənədli filmlər üzrə çalışıb. O, milli və beynəlxalq qəzet və jurnallar üçün məqalələr yazıb, Baltik Film və Televiziya Festivalı, Filmkontakt Nord, Aİ və Avropa Sənədli Şəbəkəsinin Sənədli filminin həmtəsisçisi olub. Tue 40-dan çox ölkədə sənədli kurslar və seminarlar verib. Bu il onun sənədli film yaradıcılığının 50 ili tamam olur. 2007-ci ilin sentyabrından İtaliyada, Zeliq Sənədli Filmlər Məktəbində müəllim kimi çalışan Tue Steen, Avropa sənədli kinosunda, xüsusilə layihələrin inkişafı üzrə çox mötəbər mütəxəssisdir.

4 aprel – Azərbaycan Respublikasının Los-Ancelesdəki Baş Konsulluğunda Xalq artisti, Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri Rasim Balayevlə görüş keçirilib.

– Azərbaycan Kinematoqrafçılar İttifaqı “36 dramatik vəziyyət” təliminə qəbul elan edib.

Rejissor Oleq Səfərəliyev tərəfindən tərtib olunmuş təlim proqramı Jorj Poltinin məşhur “36 vəziyyət” nəzəriyyəsi əsasında qurulub.

7 aprel – Azərbaycan Kinematoqrafçılar İttifaqının Azərbaycan Fransız İnstitutu və  Fransanın Azərbaycandakı Səfirliyi ilə əməkdaşlığı çərçivəsində “Fransa kino günləri”nə start verilib.

15-22-29 aprel və 6 may tarixlərində dörd fransız tammetrajlı bədii filmləri (Rene Klemanın “Pişiklər” (Les félins) (1964) tammetrajlı bədii filmi, rejissorlar Metyü Delaport və Aleksander de La Patelyenin ekranlaşdırdığı “Qraf Monte-Kristo (“Le Comte de Monte-Cristo”) (2024) filmi, Lui Malın “ Əlvida, uşaqlar” (“Au revoir les enfants”) (1987) filmi, Jorj Franjunun ekranlaşdırdığı “Simasız gözlər” (“Les yeux sans visage”) (1959) tammetrajlı bədii filmi) nümayiş olunub.

14 aprel – Azərbaycan Kinematoqrafçılar İttifaqı bölgə tamaşaçılarını yeni Azərbaycan filmləri ilə tanış etmək üçün sislsilə tədbirlər keçirib. 16-30 aprel tarixində keçiriləcək nümayişlər Zərdab, Ucar, Göyçay, Yevlax, Ağdaş rayonlarını əhatə edib.

Tamaşaçılara Azərbaycan müasir kinosunun nümunələri – “Aktyor” (rej. Aydın Arslan), “Balaca” (rej.Ruslan Ağazadə), “Tənha insanın monoloqu” (rej.Emin Əfəndiyev), “Oturacaqlar” (rej.Orxan Ağazadə), “Quxuroba” (rej.Teymur Qəmbərov), “Eviniz abad” (rej.Mirsadıq Ağazadə) qısa və tammetrajlı bədii filmləri, o cümlədən, Vahid Talıbovun “Lağım” və “Arzular.. arzular”, Şamil Nəcəfzadənin “İthaf”, Elçin Hami Axundovun “Güzgü” qısametrajlı animasiya filmləri və Pərviz Həsənovun “Uşaqlıq fotosu” və Aynur Kazımovanın “Unudulmuş arzular” qısametrajlı sənədli filmləri təqdim olunub.

17 aprel – Azərbaycan Kinematoqrafçılar İttifaqının üzvü, Azərbaycan Kaskadyorlar Assosiasiyasının sədri, Əməkdar mədəniyyət işçisi Əli Məmmədovun 60 illik yubileyi münasibətilə AKİ sədri, Xalq artisti Rasim Balayev, İttifaqın İdarə Heyəti adından yubilyara diplom təqdim edib.

22 aprel – Azərbaycan Kinematoqrafçılar İttifaqının aprelin əvvəlində elan etdiyi “AKİDocs – sənədli filmin inkişafı və pitçinq” beynəlxalq layihəsinə iştirakçıların seçimi başa çatıb və təlimlərə start verilib. Sənədli filmlər üzrə mütəxəssis Tue Steen Müllerin mentorluğu ilə keçirilmiş təlimlərin ilk günü iştirakçılar və layihələrlə tanışlıq xarakteri daşıyıb. Aprelin 29-a qədər davam edən “AKİDocs – sənədli filmin inkişafı və pitçinq” təlimlərinin növbəti günlərində iştirakçılarla fərdi ünsiyyət, layihələrin inkişafı və pitçinqə hazırlanması üzrə təlimlər olub. Təlimlərin sonunda inkişaf etdirilmiş loqlayn və sinopsisləri olan iştirakçılar münsiflər heyətinin qarşısında öz layihələrini təqdim etməklə pul mükafatı qazanmaq üçün yarışıblar. Xatırladaq ki, “AKİDocs – sənədli filmin inkişafı və pitçinq” təlimlərində on bir layihə və beş dinləyici iştirak edib.

22 aprel – Rejissor Elvin Adıgözəlin “Mənim sehrli dünyam” tammetrajlı bədii filminin dünya premyerası aprelin 28-də XXV “goEast” Beynəlxalq Kino Festivalında keçirilib. Azərbaycan Kinematoqrafçılar İttifaqı “Mənim sehrli dünyam” filminin sözügedən beynəlxalq festivalda iştirakına maliyyə dəstəyi verib.

30 aprel – Azərbaycan Kinematoqrafçılar İttifaqının katibliyinin geniş tərkibdə iclası keçirilib. İclasın gündəliyi Azərbaycan kinosunun bir sıra vacib problemlərinin müzakirəsi, o cümlədən, prioritet məsələ kimi “Azərbaycanfilm” kinostudiyasının düşdüyü acınacaqlı vəziyyətin hərtərəfli araşdırılması məsələsindən ibarət olub.İclasda kinematoqrafçıların Şəkidəki Yaradıcılıq Evinin sahmana salınması və tezliklə kinematoqraçıların istifadəsinə verilməsi barədə təkliflər səslənib və bu çağırış razılıqla qarşılanıb. AKİ-nin son bir illik fəaliyyəti ilə bağlı geniş məlumat da iclasda dinlənilib və ötən müddətdə görülən işlər müsbət qiymətləndirilib.

MAY

1 may – AKİ-nin idarə heyətinin üzvü, HoçazFilm kinostudiyasının direktoru Amil Məmiyev və AKİ-nin üzvü, rejissor Valeh Əhmədov Türkiyə Mədəniyyət Nazirliyi, Türkiyə Sinema Genel Müdirliyi və Ege Universitetinin təşkilatçılığı ilə Türkiyənin İzmir şəhərində keçirilən Beynəlxalq Turan Film Festivalının jüri heyətində yer alıblar. Festivalın əsas müsabiqə yarışında Məzahir Həşimov, Elmar Bayramov, Ərturan Nəcəfi, Fərid Kərim, Cavid Səmədov, Sevinc Mahmudova, Ruslan Mollayev və daha bir neçə azərbaycanlı rejissorların filmləri iştirak edib. A. Məmiyevin və rejissor Məzahir Həşimovun səfər xərcləri Azərbaycan Kinematoqrafçılar İttifaqı tərəfindən qarşılanıb.

– Azərbaycan Kinematoqrafçılar İttifaqının artıq iki ildən çoxdur ki, keçirilən “Bölgələrdə Kino Günləri” layihəsi 2025-ci ildə Aran bölgəsində davam etdirilib.16-30 aprel tarixlərində baş tutan və “Aranda Kino Günləri” başlığı altında keçirilən birinci mərhələdə Yevlax, Ucar, Zərdab, Ağdaş və Göyçay rayonlarında rejissor Mirsadıq Ağazadənin “Eviniz abad”, Aydın Aslanın “Aktyor”, Qulu Əsgərovun “Mən burdayam, İlahi!”, Emin Əfəndiyevin “Tənha insanın monoloqu” tammetrajlı bədii filmləri, Qulu Əsgərovun “Hasar”, Ruslan Ağazadənin “Balaca”, Orxan Ağazadənin “Oturacaqlar”, Teymur Qəmbərovun “Quxuroba” qısametrajlı bədii filmləri və Aynur Kazımovanın “Unudulmuş arzular”, Pərviz Həsənovun “Uşaqlıq fotosu” sənədli filmləri tamaşaçılara təqdim olunub. Nümayişlər Yevlax Şəhər Yaradıcılıq Evi, Ağdaş, Ucar, Zərdab, Göyçay rayonlarının Heydər Əliyev mərkəzlərində baş tutub. Qeyd edək ki, “Aranda Kino Günləri” layihəsi təkcə rayon mərkəzlərini deyil, kəndləri də əhatə edib. Belə ki, Yevlaxın Aran qəsəbəsinin Mədəniyyət Evində, Ağdaşın Orta Ləki Kənd Mədəniyyət Evində kənd sakinlərinə yeni Azərbaycan filmləri ilə tanış olmaq imkanı yaradılıb. Azyaşlı tamaşaçıların da nümayişlərə böyük marağını nəzərə alan AKİ, bu dəfə proqrama Şamil Nəcəfzadənin “İthaf”, Elçin Hami Axundovun “Güzgü”, Vahid Talıbovun “Lağım” və “Arzular…arzular” animasiya filmlərini də daxil edib.

14 may – “Azərbaycan” CineMastercard-da Xalq yazıçısı Maqsud İbrahimbəyovun 90 illik yubileyi münasibətilə, onun “Ondan yaxşı qardaş yox idi” əsəri əsasında rejissor Murad İbrahimbəyovun eyniadlı filminin nümayişi baş tutub.

19 may – Azərbaycan Kinematoqrafçılar İttifaqı gənc rejissor Ələmdar Faiqin “Ümid bizi aparacaq” adlı tammetrajlı sənədli filmi layihəsinin CEDOC-Marketdə iştirakı üçün maliyyə dəstəyi göstərib.

Xatırladaq ki, Azərbaycan Kinematoqrafçılar İttifaqı 2023-cü ildə Ələmdar Faiqin “Qara pişik, ağ şanı” sənədli filminin layihəsinə də maliyyə dəstəyi göstərib.

21 may – “Azərbaycan” CineMastercard-da Azərbaycan Kinematoqrafçılar İttifaqının təşkilatçılığı ilə 2025-ci ildə “Ən yaxşı animasiya” kateqoriyasında Oskar mükafatı qazanmış “Axın” tammetrajlı animasiya filmi (rejissor: Gints Zilbalodis) nümayiş olunub.

– Bu il XVIII BelDocs Beynəlxalq Sənədli Film Festivalının (21-28 May 2025) BelDocs Sənaye Günlərinin Pitçinq Forumuna Azərbaycandan təkcə “Nəvə” tammetrajlı sənədli film layihəsi seçilib. 

Qeyd edək ki, beynəlxalq forum iştirakçıları və münsif önündə pitçinq üçün “Nəvə” filminin rejissor və prodüseri Afaq Yusifli, həmprodüseri Murad Allahverdinin layihədə iştirakının səfər xərclərinə Azərbaycan Kinematoqrafçılar İttifaqı maddi dəstək göstərib.

26 may – Azərbaycan Kinematoqrafçılar İttifaqının “Bölgələrdə kino günləri” layihəsi çərçivəsində “Mingəçevirdə kino günləri” adlı film nümayişləri həyata keçirilib. Üç gün ərzində şəhərin Heydər Əliyev Mərkəzində, Üzeyir Hacıbəyov adına 11 illik Musiqi məktəbində, Mingəçevir Dövlət Dram Teatrı və Mingəçevir Şəhər Xalq Yaradıcılıq Klubunda baş tutan “Mingəçevir Kino Günləri”ndə yerli sakinlərə Qulu Əsgərovun “Mən burdayam, ilahi!”, Aydın Arslanın “Aktyor”, Əli-Səttar Quliyevin “Olimpia”  tammetrajlı bədii filmləri, Emin Əfəndiyevin “Tənha insanın monoloqu”, Ruslan Ağazadənin “Balaca”, Orxan Ağazadənin “Oturacaqlar”, Qulu Əsgərovun “Hasar” qısametrajlı bədii və Pərviz Həsənovun “Uşaqlıq fotosu” sənədli filmləri təqdim olunub.

28 may – “Azərbaycan” CineMastercard-da Azərbaycan Kinematoqrafçılar İttifaqının təşkilatçılığı ilə gənc rejissor Mirvüqar Abdulovun film gecəsi keçirilib. Gecədə rejissorun “Yağışlı gecə”, “Ağ-qara və poetika” və “Lent” qısametrajlı bədii filmləri təqdim olunub.

İYUN

6 iyun – 1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü və Qurban Bayramı münasibətilə AKİ balaca tamaşaçıların bayram günlərinə rəng qatmaq üçün 2 nömrəli ümumi təyinatlı internat tipli ümumtəhsil məktəbində Firəngiz Qurbanovanın “Araqçın”, Vahid Talıbovun “Yeni il əhvalatı” animasiya filmlərini və yeniyetmələr üçün Qulu Əsgərovun “Hasar” qısametrajlı bədii filmlərini nümayiş etdirib. Nümayişdən sonra uşaqlara bayram sovqatları paylanılıb.

15 iyun – Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri Rasim Balayevin Cəmşid Naxçıvanski adına Hərbi Liseyin kursantları ilə görüşü keçirilib.

18 iyun – “Azərbaycan” CineMastercard-da dünya kinosunun klassiklərindən biri Akira Kurosavanın “Rasyomon” bədii filminin nümayişi keçirilib.

18 iyun – Azərbaycan Kinematoqrafçılar İttifaqı bölgələrdə film nümayişlərini davam etdib

19-21 iyun tarixlərində Biləsuvar rayon Heydər Əliyev Mərkəzində, Mərkəzi Kitabxanasında, Təzəkənd kənd Sənətkarlıq Klubunda və Nərimankənd kənd Folklor Klubunda Qulu Əsgərovun “Mən burdayam, ilahi!”, Mirsadıq Ağazadənin “Eviniz abad”, Aydın Arslanın “Aktyor” tammetrajlı bədii filmləri, Elmar Bayramovun “Nəfəs”, Ruslan Ağazadənin “Balaca” Qulu Əsgərovun “Hasar”, Emin Əfəndiyevin “Tənha insanın monoloqu” qısametrajlı bədii filmləri, Pərviz Həsənovun “Uşaqlıq fotosu” və Leylaxanım Qənbərlinin “Böyük qırmızı ev” qısametrajlı sənədli filmləri nümayiş olunub.

25 iyun – “Azərbaycan” CineMastercard-da Pərviz Həsənovun “Başlıbel – bir kəndin mühasirə gündəliyi” tammetrajlı sənədli filminin nümayişi olub.

29 iyun – Azərbaycan Kinematoqrafçılar İttifaqının maliyyə dəstəyilə gənc kinooperator Natiq Hüsiyev (“Mənim sehrli dünyam”, “Haralısan, durna?”) 26-28 iyun tarixlərində Almaniyanın Münxen şəhərində “Euro Cine Expo – 2025” adlı, kino və televiziya istehsalı sahəsində çalışanlar üçün təşkil olunmuş beynəlxalq sərgidə iştirak edib.

30 iyun – Azərbaycan Kinematoqrafçılar İttifaqının maliyyə dəstəyilə “Azərbaycan kinooperatorları” kitabı çapdan çıxıb.

İYUL

5 iyul – Azərbaycan Kinematoqrafçılar İttifaqının İdarə Heyətinin 4 iyul 2025-ci il tarixində keçirilmiş iclasında prodüser Emil Nəcəf və yazıçı, ssenarist Pərviz Seyidli AKİ-yə üzv qəbul olunublar.

9 iyul – Azərbaycan Kinematoqrafçılar İttifaqında “Festivallar bizdən necə film gözləyir” mövzusunda müzakirə keçirilib.

10 iyul – Azərbaycan Kinematoqraçılar İttifaqı və Azərbaycan Respublikası Kino Agentliyi rejissor və kinoinfo.az saytının əməkdaşı Aynur Kazımova ilə ssenarist və prodüser Nicat Dadaşovun Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda keçirilən nüfuzlu WARM Festivalı çərçivəsində təşkil olunan “WARM Academy” proqramında iştirakına maliyyə dəstəyi ayırıblar. AKİ iştirakçıların yol xərclərini, ARKA isə hotel və qidalanma xərclərini qarşılayıb.

21 iyul – Azərbaycan Kinematoqrafçılar İttifaqının katibi, rejissor Türkan Hüseynin “Ölü Həsən” bədii filmi “TRT 12 Punto” film layihələri müsabiqəsininin qalibləri sırasında yer alıb. Film platformanın qrantını qazanıb. Film Azərbaycan Kinematoqrafçılar İttifaqı və İctimai televiziyanın müştərək layihəsidir.

22 iyul – Azərbaycan Kinematoqrafçılar İttifaqı kinematoqrafçılarımızın işgüzar səfərlərini dəstəkləyən “KİNOSƏYYAH” proqramını elan etdi. Azərbaycan  Kinematoqrafçılar İttifaqı 2024-2025-ci illərdə yeni Azərbaycan kinosunu beynəlxalq arenada təbliğ etmək üçün 21 nəfərin bilet xərclərini ödəyib.

28 iyul – Azərbaycan Kinematoqrafçılar İttifaqının 2025-cü ilin yanvar-iyun aylarında icra etdiyi işlərin hesabatının yer aldığı “Rakurs” rüblük informasiya bülleteninin yeni nömrəsi işıq üzü görüb.

30 iyul – Azərbaycan Kinematoqrafçılar İttifaqı kino xadimlərinin peşə bayramı olan 2 Avqust – Milli Kino Günü münasibətilə mükafatlandırdığı kinematoqrafçıların builki siyahısını açıqlayıb.

AKİ katibliyinin qərarına əsasən, 2025-ci il üçün İttifaqın ənənəvi mükafatına: Pərviz Həsənov (rejissor) – “Başlıbel – bir kəndin mühasirə gündəliyi” tammetrajlı sənədli filminin uğurlu rejissor həllinə görə, Daniel Quliyev – “Kinomexanikin qayıdışı” və “Tənha insanın monoloqu” filmlərinin uğurlu vizual həllinə görə, Səbuhi Atababayev – “Tağıyev: Neft” və “Bəlkə də” tammetrajlı bədii filmlərində uğurlu rəssam işinə görə, Fehruz Şamıyev – Beynəlxalq film festivallarının təşkili, kinematoqrafiyamızın beynəlxalq əlaqələrinin inkişafında xidmətlərinə görəlayiq görülüblər.

AVQUST

22 avqust – Azərbaycan Kinematoqrafçılar İttifaqı bestseller Sid Fildin “Ssenari yazmağın təməl qaydaları” adlı kitabın Azərbaycan kino tarixində ilk dəfə Azərbaycan dilinə tərcümə və yayım hüquqlarını 5 illik müddətinə alıb.

SENTYABR

2 sentyabr – 3-7 sentyabr 2025-ci il tarixlərində 8-ci ANİMAFİLM Beynəlxalq Animasiya Festivalı keçirilib. Festivalın tərəfdaşları arasında Azərbaycan Kinematoqrafçılar İttifaqı da mövcuddur.

5 sentyabr – AKİ-nin kinozalında VIII Animafilm Beynəlxalq Animasiya Festivalı çərçivəsində Afrika animasiyasının 90 illiyinə həsr olunmuş tədbir keçirilib. Tədbiri giriş sözü ilə açan animasiya üzrə mütəxəssis Mohamed Qazala tamaşaçıların suallarını cavablandırıb və müasir texnologiyalarla yaradılan animasiyalardan danışıb. Tədbir Azərbaycan Kinematoqrafçılar İttifaqının təşkilati dəstəyilə baş tutub.

5 sentyabr – Rejissor Əli-Səttar Quliyevin 2026-cı ildə Azərbaycan Kinematoqrafçılar İttifaqının maliyyə və təşkilati dəstəyilə çəkdiyi “Şarlotta” qısametrajlı bədii filminin çəkilişləri artıq yekunlaşıb. Melodram janrında olan filmə Ultra Production və Cult Baku Mədəniyyət Klubu təşkilati dəstək göstərib. İTV, CNF Production və Narimanfilm də filmə dəstək olub.

6 sentyabr – Azərbaycan Kinematoqrafçılar İttifaqında rejissor Seyran Mahmudoğlunun “Evim” tammetrajlı sənədli filminə qapalı baxış keçirilib.

10 sentyabr – Ssenarist və rejissor Nurlan Həsənlinin inkişaf mərhələsində olan “Yaşıl çəmən” adlı yeni qısa film layihəsi Avstriyada keçirilən Linz Film Talant Akademiyasının inkişaf proqramına seçilib.Müəllifin proqramda iştirak xərcləri Azərbaycan Kinematoqrafçılar İttifaqı tərəfindən qarşılanıb.

26 sentyabr – Azərbaycan Kinematoqrafçılar İttifaqının İsveç səfirliyi ilə əməkdaşlığı çərçivəsində bu ilin oktyabrında “İsveç film günləri” təşkil edilib. 7-14-21-28 oktyabr tarixlərində keçirilən nümayişlərdə 4 yeni İsveç bədii filmi (“Hammarşöld”, “İsveç torpedası”, “UFO İsveç”, “Mən Zlatanam”) nümayiş olunub. Filmlər orijinal dildə, azərbaycanca altyazılarla nümayiş olunub.

30 sentyabr – Azərbaycan Kinematoqrafçılar İttifaqının maliyyə dəstəyilə  Xalq artisti, AKİ-nin katibi Həmidə Ömərovanın “ABŞ kino tarixi” iki cildliyi və “Alman kino tarixi” adlı kitabları nəşr olunub. Hər iki kitab dərs vəsaiti kimi nəzərdə tutulub.

OKTYABR

1 oktyabr – Azərbaycan Kinematoqrafçılar İttifaqı “Sən, ey uşaqlıq” adlı tammetrajlı bədii film ssenari müsabiqəsini elan edib.

9 oktyabr – Azərbaycanlı kinematoqrafçılar Ülviyyə Əhmədova və Nicat Dadaşovun “Mənim evim” tammetrajlı sənədli film layihəsi CHANGE birgə film istehsalı üzrə təlim proqramına seçilib. Qeyd edək ki “Mənim evim” layihəsi bu il Azərbaycan Kinematoqrafçılar İttifaqının AKİDocs layihəsinin qaliblərindən biri olub və Sarayevoda keçirilən nüfuzlu WARM Festivalı çərçivəsində təşkil olunan “WARM Academy” proqramında iştirak edib. Azərbaycan Kinematoqrafçılar İttifaqı sözügedən layihəyə maliyyə dəstəyi ayırıb.

14 oktyabr – Azərbaycan Kinematoqrafçılar İttifaqı və Azərbaycan Rəssamlar İttifaqının maliyyə dəstəyilə “Kino rəssamlığının tarixi və müasir mənzərəsi” kitabı çapdan çıxıb.

Azərbaycan Kinematoqrafçılar İttifaqının üzvü, rəssam, sənətşünaslıq elmləri namizədi Səyyad Bayramovun qələmə aldığı kitabda Azərbaycanın tanınmış kino rəssamlarının fəaliyyətindən, bu tarixdə kino sənətinin keçdiyi inkişaf yolundan bəhs olunur.

– “Nizami” Kino Mərkəzində IX DokuBaku Beynəlxalq Sənədli Filmlər Festivalının açılışı baş tutub. Festivala hər il dəstək verən Azərbaycan Kinematoqrafçılar İttifaqı, bu il də əsas tərəfdaş olaraq qalıb.

16 oktyabr – Gənc rejissor Ələmdar Faiq 24 oktyabr – 2 noyabr tarixlərində Çexiyanın Jihlava şəhərində keçirilən 28-ci Ji.hlava Beynəlxalq Sənədli Filmlər Festivalının “Jihlava yeni baxış və forum” (Jihlava new vision and forum) bölməsinin qaliblərindən biri olub. Rejissor sözügedən bölmədə “Ümid bizi aparacaq” adlı film layihəsi ilə iştirak edib. Ələmdar Faiqin səfər xərclərini “Kinosəyyah” proqramı çərçivəsində Azərbaycan Kinematoqrafçılar İttifaqı öz üzərinə götürüb.

18 oktyabr – Azərbaycan Kinematoqrafçılar İttifaqının kino zalında “Sabah” tələbə filmləri gecəsi keçirildi. Gecədə Elmar Fərzəlinin “Hökm”, Vüsal Əsgərovun “İmtahan”, Əhməd Əhmədovun “Anlaşılmayan” qısametrajlı bədii filmləri nümayiş olundu. Nümayişdə Azərbaycan Respublikasının xalq artisti, ADMİU-nun professoru Məmmədsəfa Qasımov, filmlərin yaradıcı heyəti iştirak ediblər.

19 oktyabr – Azərbaycan Kinematoqrafçılar İttifaqının təlimlərinin iştirakçılarının buraxılış tədbiri keçirilib. “Rejissorluğun dramaturgiyası” və “36 dramatik vəziyyət” təlimlərinin iştirakçıları tədris müddətində qazandıqları biliklər əsasında hazırladıqları işləri təqdim edərək sertifikatlarını alıblar. Hər iki kursun rəhbəri AKİ-nin katibi, rejissor Oleq Səfərəliyevdir.

21 oktyabr – AKİ-nin kino zalında  Azərbaycan Animasiya Assosiasiyası və Azərbaycan Kinematoqrafçılar İttifaqının birgə təşkilatçılığı ilə Berlin Beynəlxalq Film Festivalında “Gümüş Ayı” mükafatının qalibi, plastilin animasiyası üzrə tanınmış polyak və alman rejissoru İzabella Pluçinska ilə görüş keçirilib.

27 oktyabr – Rejissor Mətləb Muxtarovun “Yaddaş sarayları” qısametrajlı sənədli filminin dünya premyerası baş tutub. Premyera, Çexiyanın Jihlava şəhərində keçirilən nüfuzlu Ji.hlava Beynəlxalq Sənədli Film Festivalında keçirilib. Rejissorun festivalda iştirakının səfər xərcləri Azərbaycan Kinematoqrafçılar İttifaqı və Azərbaycan Respublikasının Kino Agentliyi tərəfindən qarşılanıb.

28 oktyabr – Azərbaycan Kinematoqrafçılar İttifaqı 3-6 noyabr tarixlərində Lənkəran şəhərində film nümayişlərini həyata keçirib. Dörd gün ərzində tamaşaçılar Mirsadıq Ağazadənin “Eviniz abad”, Qulu Əsgərovun “Mən burdayam, ilahi!”, İlqar Nəcəfin  “Suğra və oğulları”, Elvin Adıgözəlin  “Biləsuvar” tammetrajlı bədii filmləri, Orxan Ağazadənin “Kinomexanikin qayıdışı”, Pərviz Həsənovun “Başlıbel – mühasirə gündəliyi” tammetrajlı sənədli filmləri, Emin Əfəndiyevin  “Tənha insanın monoloqu”, Qulu Əsgərovun “Hasar”, Teymur Qəmbərovun “Quxuroba”, Orxan Ağazadənin “Oturacaqlar”, Elvin Adıgözəlin “Rəna xanımın çəkilişi” bədii qısametrajlı filmlərini izləyiblər.

Xatırladaq ki, bundan öncə AKİ, Biləsuvarda, Aranda, Şimalda, Cənubda, Mingəçevirdə, Şirvanda, Muğanda kino nümayişlərini həyata keçirib.

NOYABR

2 noyabr – Azərbaycan Kinematoqrafçılar İttifaqının kinozalında “Ssenaristlərin meydanı” adlı görüş-müzakirə keçirilib. Tədbirdə ssenari ilə bağlı müxtəlif problemlər müzakirə edilmiş, ssenaristlər təcrübələrini bölüşüblər.

5 noyabr – “Azərbaycan” CineMastercard-da Azərbaycan Kinematoqrafçılar İttifaqının təşkilatçılığı ilə Karan Singhin Azərbaycanın Milli Qəhrəmanı, Birinci Qarabağ müharibəsinin şəhidi Natiq Qasımova həsr olunmuş “Oğul” bədii-sənədli filminin nümayişi keçirilib.

7 noyabr – Azərbaycan Kinematoqrafçılar İttifaqının “Bölgələrdə kino günləri” layihəsi yeni mövsümə Lənkəran şəhərində start verib. Lənkəran Şəhər Heydər Əliyev Mərkəzində aktrisa Günəş Mehdizadənin təqdimatı ilə başlayan və dörd gün davam edən “Lənkəranda kino günləri”ndə yerli kinosevərlər altı tammetrajlı, beş  qısametrajlı filmə baxmaq imkanı qazanıblar.  Müasir Azərbaycan kinosunu təmsil edən bu filmlər – Mirsadıq Ağazadənin “Eviniz abad”, Qulu Əsgərovun “Mən burdayam, ilahi!”, İlqar Nəcəfin “Suğra və oğulları”, Elvin Adıgözəlin “Biləsuvar” tammetrajlı bədii, Pərviz Həsənovun “Başlıbel: Mühasirə gündəliyi”, Orxan Ağazadənin “Kinomexanikin qayıdışı” tammetrajlı sənədli filmləri, Teymur Qəmbərovun “Quxuroba”, Orxan Ağazadənin “Oturacaqlar”, Elvin Adıgözəlin “Rəna xanımın çəkilişi”, Qulu Əsgərovun “Hasar”, Emin Əfəndiyevin “Tənha insanın monoloqu” qısametrajlı bədii filmləri lənkəranlı tamaşaçılar tərəfindən böyük maraq və diqqətlə qarşılanıb.

8 noyabr – Azərbaycan Kinematoqrafçılar İttifaqının kino zalında gənc rejissorların debüt işləri – Zaur Muxtarovun “Səssizliyin qanadı yoxdur” və Murad Şükürlünün “Bir vaxtlar Sabunçuda” qısametrajlı bədii filmləri nümayiş etdirilib.

17 noyabr – Azərbaycan Kinematoqrafçılar İttifaqın “Öz filmini yarat!” adlı qısametrajlı film laboratoriyasını elan etdi. Səkkiz aylıq təlim proqramında iştirakçılara İDEYA – SİNOPSİS – TRİTMENT – SSENARİ – FİLM ardıcıllığı üzrə kino layihəsinin necə qurulduğu, inkişaf etdirildiyi və həyata keçirildiyi tədris olunacaq.

26 noyabr – Azərbaycan Kinematoqrafçılar İttifaqında AKİ-nin İdarə Heyətinin üzvü, rejissor Kamran Qasımovun bu ilin yanvarında Cənubi Kaliforniyada baş vermiş dəhşətli meşə yanğınlarından bəhs edən “Küldə şərqi deyənlər” (“Singers in the ashers”) sənədli filminin təqdimat mərasimi keçirilib.

29 noyabr – Azərbaycan Kinematoqrafçılar İttifaqının kinozalında “Ssenaristlərin meydanı” platforması çərçivəsində növbəti görüş keçirilib. Tədbirdə ssenarist, dramaturq, “Tağıyev” tetralogiyasının ssenari müəlliflərindən biri İsmayıl İman öz təcrübəsini bölüşərək tarixi hadisə, tarixi şəxsiyyətin ssenaridə işlənməsi, bədii əksin təsviri mövzusunda danışıb, eyni zamanda, “Tağıyev” silsiləsi üzərindəki iş prosesinin vacib məqamlarından bəhs edib.

DEKABR

8 dekabr – Azərbaycan Kinematorafçılar İttifaqında AKİ-nin İdarə Heyətinin üzvü, rejissor Şamil Əliyevin 65 illik yubileyi münasibətilə “Yaradanlar-2” və “Körpələrin göz yaşı” sənədli filmlərinin nümayişi keçirilib.

9 dekabr – XVI Bakı Beynəlxalq Film Festivalı çərçivəsində Azərbaycan Kinematoqrafçılar İttifaqında festivalın beynəlxalq debüt tammetrajlı filmlər müsabiqəsinin münsifi, iranlı aktrisa, rejissor və prodüser Niki Kərimi ilə gənc kinematoqrafçıların görüşü keçirilib.

9 dekabr – Ssenarist və rejissor Nurlan Həsənlinin hazırda inkişaf mərhələsində olan “Yaşıl çəmən” adlı qısametrajlı film layihəsi Avstriyada keçirilən “Linz Film Talent Academy”nin pitçinq müsabiqəsində qalib gələrək Kann Film Festivalının marketində təqdimat haqqı qazanıb. Layihənin istehsalçıları arasında Azərbaycan Kinematoqrafçılar İttifaqı da yer alıb. Rejissorun proqramda iştirak xərclərini Azərbaycan Kinematoqrafçılar İttifaqı qarşılayıb.

12 dekabr – Azərbaycan Kinematoqrafçılar İttifaqının “Ağ-qara hərflərin rəngli yuxuları” kino istehsalı layihəsinin diplom işi kimi istehsal edilmiş “Məhkəmə” qısametrajlı bədii filmi Bakı Beynəlxalq Film Festivalının “Ən yaxşı tələbə filmi” nominasiyasında qalib olub. Qeyd edək ki, layihənin bədii rəhbəri rejissor, AKİ-nin İdarə Heyətinin üzvü Rövşən İsaxdır.  Qeyd edək ki, AKİ-nin ssenari təlimlərinin daha bir iştirakçısı Rəna Əhmədovanın “Loca Tacentia” filmi yerli müsabiqədə “Münsiflər heyətinin diplomu”na layiq görülüb.

17 dekabr – Azərbaycan Kinematoqrafçılar İttifaqının kinozalında “Ssenaristlərin meydanı” adlı layihənin növbəti görüşü keçirilib.  “Zəmanəmizin qəhrəmanı” adlanan müzakirədə ssenarist Nicat Dadaşov, qəhrəmanın kimliyi məsələsinə toxunub.

18 dekabr – Özbəkistanın paytaxtı Daşkənddə 15–17 dekabr tarixlərində  “CANLI TARİX” Beynəlxalq Kinoforumu keçirilib. Forum çərçivəsində TÜRK dövlətləri arasında beynəlxalq əməkdaşlıq və müştərək film layihələri müzakirə olunub. Özbəkistan Kino Agentliyinin direktoru Şöhrat Rizayev və Azərbaycan Kinematoqrafçılar İttifaqının katibi, rejissor Tahir Tahiroviç “Maqsud Şeyxzadə” bədii filminin birgə istehsalı üzrə memorandum imzalayıblar.

24 dekabr – Azərbaycan Kinematoqrafçılar İttifaqının “Məktəblərdə nümayiş” layihəsi bu dəfə Yeni il bayramı ərəfəsində 2 nömrəli internat evində keçirilib.

Az yaşlı tamaşaçılar üçün Vahid Talıbovun “Yeni il axşamı” və Aleksandra Şirinovanın “Balaca ev” qısametrajlı animasiya filmləri və Nurlan Həsənlinin “Erkən hisslər”, Ruslan Ağazadənin “Balaca” qısametrajlı bədii filmləri nümayiş olunub. Budəfəki tədbirdə aktyor, rejissor Taleh Yüzbəyov da iştirak edib, gələcəyimiz olan uşaqları bayram münasibətilə təbrik edib. Nümayişdən sonra uşaqlar, AKİ-nin əməkdaşı, kinotənqidçi Aygün Aslanlı ilə nümayiş olunan filmlər haqqında müzakirə aparıblar. Daha sonra, uşaqlara bayram sovqatları paylanılıb.

SON SÖZ ƏVƏZİ: 

Azərbaycan Kinematoqrafçılar İttifaqının mətbu orqanı olan Aki.az saytının yaranmasının altı ili tamam oldu. Saytımız milli kinomuzun təbliğilə yanaşı, eyni zamanda, kinoda mövcud olan problemləri, yeni nəsil kinematoqrafçıların kinoya olan yanaşma tərzini, dünya kinosunda baş verənləri daim işıqlandırmağa çalışıb.

AKİ ictimai təşkilat olaraq görülən işlərin hesabatını il ərzində aki.az saytı vasitəsilə geniş oxucu auditoriyasının diqqətinə çatdırır. İttifaq son illər ərzində kino nəşrlərini dəstəkləmiş, kino təhsilinin inkişafında, milli filmlərin təbliğatında əsas rol oynayıb, festivalların keçirilməsində öz maddi və mənəvi dəstəyini əsirgəməyib.AKİ-nin İdarə Heyəti bu il görülmüş işlərin hesabatını təqdim edərək bildirir ki, 2026-cı il fəaliyyət planında, milli kinonun təbliği, kino təhsili, kino nəşrlərinə dəstək, festival hərəkatında iştirak, kino tənqidinin inkişafı başlıca məsələlərindən biri olacaq.

Qeyd edək ki, 2025-cü ildə görülən işlərin, həyata keçirilən layihələrin sadəcə ən önəmlilərini oxucularımızın diqqətinə çatdırdıq.AKİ-nin üzvlərinin sayı getdikcə artır, üzv olmaq istəyənlər çoxluq təşkil etməyə başlayır. Görüləcək işlər, gələcək planlar çoxdur və 2026-ci ildə Azərbaycan kinosu üçün ən önəmli layihələri həyata keçirməyi qarşımıza məqsəd qoymuşuq.

Əlaqədar Yazılar