Ssenarist və rejissor Nurlan Həsənlinin hazırda inkişaf mərhələsində olan qısa film layihəsi “Yaşıl çəmən” Avstriyada keçirilən Linz Film Talent Academy pitçinq müsabiqəsinin qalibi olaraq Kann Film Festivalının marketində təqdimat haqqı qazanıb.
Gənc kino mütəxəssislərini dəstəkləyən Linz Film Talent Academy güclü bədii baxışa malik qısa və debüt tammetrajlı layihələrin inkişafına yönəlmiş nüfuzlu proqramdır. Proqram intensiv ustad dərsləri, mentorluq və pitçinq müsabiqəsini əhatə edir. “Yaşıl çəmən” Linz Festivalındakı pitçinqdə seçilərək Kann Film Festivalında rezidensiya imkanı əldə edib.
Rezidensiya müddətində layihə üzərində mentorlarla fərdi və qrup sessiyaları keçiriləcək. Sonda film “Cannes Short Film Corner / Marché du Film” çərçivəsində prodüser, distributor və festival nümayəndələrinə təqdim olunacaq, həmçinin xüsusi pitçinq sessiyasında iştirak edəcək.
Film Amerikaya miqrasiya etməyə çalışan Bakılı turist bələdçisinin həyat yoldaşı ilə qurduğu traji-komik planından bəhs edir. Layihənin ssenari müəllifi və rejissoru Nurlan Həsənli, prodüserləri isə Emil Nəcəfov, Türkan Hüseyn və Əli İsa Cabbarovdur. Rejissorun proqramda iştirak xərclərini Azərbaycan Kinematoqrafçılar İttifaqı qarşılayıb.