Azərbaycanın franşiza filmlərindən olan “Hozu” seriyasının əsas qəhrəmanı və eyni zamanda bütün filmlərin prodüseri olan Məcid Hüseynov Kinoinfo.az saytına geniş müsahibə verib. Müsahibədə o, seriyanın kassa və reytinq nəticələrini, ssenari və prodüserlik prosesində qarşılaşdıqları çətinlikləri, tamaşaçıların reaksiyasının mövzu və obraz seçiminə təsirini, həmçinin sponsor və yayım şəbəkələri ilə bağlı təcrübələrini ətraflı şəkildə bölüşüb.
– “Hozu” filminizin reytinq və kassadakı nəticələrinə əsasən, seriyanın hansı hissəsi ən böyük uğuru qazandı? Ən yüksək reytinqdən ən aşağı göstəriciyə qədər sıralasaq, siyahı necə görünür?
– Artıq altı “Hozu” filmi çəkilib. Bizcə ən uğurlusu həm kassasına, həm də keyfiyyətinə görə “Hozu dayə”dir. Onu “Zona”, “Hozu 007”, “Hozu Cangüdən” və hazırda kinoteatrlarda göstərilən “Hozu Xan” izləyir. “Hozu Xan”ın digər filmləri keçib-keçməyəcəyini nümayiş bitdikdən sonra biləcəyik. İlk “Hozu” filmi 2015-ci ildə çəkilib, 2016-da yayımlanıb və baxış sayı baxımından ən az izlənənidir.
– İlk iki filmin uğurunun əsas səbəbi nə idi – süjet, rejissura, aktyor heyəti, yoxsa mövzu?
– Uğurun əsas səbəbi həm ssenari və süjet xətti, həm də aktyorların böyük zəhməti idi. Ad çəkmirəm, amma aktyorlar həqiqətən çox çalışmışdılar. Xüsusilə “Hozu dayə”nin süjet xətti çox yaxşı idi.
– Son sıradakı ilk iki filmin zəif kassasının səbəbini nə ilə izah edərdiniz?
– Hər filmi çəkəndə öz nöqsanlarımızı görürdük, bəzən tamaşaçı bunu fərq etməyə bilər, amma biz görürdük. Növbəti filmlərdə həmin səhvləri təkrarlamamağa çalışırdıq. “Hozu”nun özünəməxsus izləyici kütləsi var – film yaxşı və ya pis olsun, onlar kinoteatra gəlirlər. Gələcəkdə çəkiləcək filmlərdə isə əvvəlki altı filmdə etdiyimiz səhvləri təkrarlamamağa çalışacağıq.
– Əgər uğurlu filmlərin dərslərini nəzərə alsaq, kassa uğuru qazanan “Hozu” seriyalarından sonra zəif göstəricilər nə səbəbdən yaranır?
– Bayaq da qeyd etdiyim kimi, “Hozu”nun öz izləyici kütləsi var. Amma bir problemimiz var: məsələn, bir filmi 10 manata çəkiriksə, həmin 10 mananı kinoteatrdan çıxarmaq mümkündür. Amma əgər filmi 30 manata çəkiriksə, o məbləği çıxarmaq çətin olur. Buna görə də ssenari yazanda büdcəni nəzərə alırıq ki, gələcəkdə xərclər 10 manatdan çox olmasın. Azərbaycanda kinoteatra gedən tamaşaçı sayı çox deyil; bu vaxta qədər təxminən 300 min adam kinoteatrda filmə baxmayıb. Ona görə də ssenari yazanda büdcəni əvvəlcədən hesablayırıq.
– Tamaşaçı reaksiyası mövzu seçiminizə təsir edibmi? Əgər edibdirsə, bu reaksiya növbəti filmlərin süjetinə və obrazların inkişafına necə təsir edib?
– Tamaşaçı bizdən hər zaman yeni bir şey gözləyir. Biz isə hər dəfə bir mövzuda dayanmırıq; məsələn, yeni “Hozu” filmi çəkiləcək olsa, əlimizdə iyirmi mövzu var. Biz əvvəlki filmləri analiz edib, hansı mövzunun daha uğurlu olacağını seçirik. Yəni işə tamaşaçının reaksiyasını nəzərə alaraq başlayırıq.
– Filmin yayımı zamanı reklam üçün vəsait ayırırsınızmı? Reklamın reytinqdə rolunu neçə faiz qiymətləndirirsiniz?
– Əlbəttə, ilk növbədə reklamlarımız televiziyada gedir – ATV, ARB, Kanal S kimi kanallarda. Həmçinin radiolarda yayımlanır, kinoteatrlarda posterlər və monitorlarda reklamlarımız olur. Reklamlara kifayət qədər pul xərcləyirik.
– Ulduz aktyor olmadan və televiziya kanallarında görünməyən aktyorlarla yalnız ssenari və rejissuranın hesabına yüksək reytinq əldə etmək mümkündürmü?
– Əlbəttə mümkündür. Hər şey ssenaridən və onu canlandıran rejissordan asılıdır. Aktyoru oynadan rejissordur və səhnələrin alınıb-alınmamasına da o qərar verir. Tanınmamış aktyor olsa belə, rejissor onu uğurla ortaya çıxara bilər və film yaxşı ola bilər. Azərbaycanda isə bunu etmək çətindir, çünki böyük maddi risk tələb edir. Dünyada isə belə nümunələr var – məsələn, “Apokalipsis” filmində aktyorların çoxu tanınmamış insanlar idi, amma film sevilən və uğurlu alınıb.
– Mütəxəssislər adətən filmin uğurunu ssenari ilə əlaqələndirirlər. “Hozu” filmlərində ssenari ilə bağlı problem varmı? Əgər varsa, çıxış yolu nədir?
– Ssenaridə sözsüz ki, problem var. Bəzən yazanda filmdə çox gülməli və maraqlı səhnələr ağlımıza gəlir, amma onları çəkə bilmirik. Çəkə bilməməyimizin səbəbi böyük vəsait tələb etməsidir. Məsələn, filmdə maşın ssenarisi olsa və bahalı maşınlar bir-birinə vurulmalı olsa, bu, bütün filmin büdcəsini həddindən artıq artıra bilər. Buna görə də bizim ssenaridə problemimiz o olur ki, yazdığımızı çəkə bilmirik.
– İki kinoteatr şəbəkəsi var və bəzən onların sərt rəqabəti film istehsalçılarına çətinlik yaradır. Bu durum “Hozu”ya təsir edibmi?
– İndi vəziyyət yaxşıdır, amma əvvəllər belə bir hal vardı. Məsələn, “Hozu Cangüdən” və “Zona” filmləri kinoteatr şəbəkələrindən birində göstərilirdi, digərində yox. İndi isə kinoteatr şəbəkələri bir-biri ilə mehribandır və heç bir problem yoxdur; “Hozu” filmləri bütün kinoteatrlarda göstərilir.
– Yeddinci “Hozu” filmi gözlənirmi?
– Bir ideyam var, dəqiq desək, bu ideyanı Məhəmməd verib. “Hozunun sonu” adlı bir film çəkmək istəyirik.
– Bununla da “Hozu” filmlərini sonlandırmak istəyirsiniz?
– Yox. Indi hazırda iki il fasilə vermək istəyirəm. Amma fasilə verməyib “Hozunun sonu”nu çəkib sonra üç-beş il fasilə vermək olar. İndi yayda “Hozu” filmi çəkmək istəmirəm. Yenə deyirəm hər şey maddiyyatdan asılıdır. Biz “Hozu Xan” filmini çəkdik. Bu filmin büdcəsi həddindən artıq çox oldu. Düşünürdük ki, o qədər xərc olar? Belə deyim, üç filmin pulu getdi o filmə. Yəni “Hozu 007” filminin üç dənəsini çəkdik. Yəni kinoteatra o qədər axın yoxdur ki, biz o pulu çıxaraq. Hazırda biz “Hozu Xan” filminə görə ziyandayıq. Amma film baxılır. Yəni “Hozu 007” filmi necə baxılırsa, “Hozu Xan” da o cür baxılır. Lakin “Hozu Xan” filminin büdcəsi çox olduğu üçün o büdcəni çıxarmaq çətindir. Bayaq dediyim kimi, məsələn on manata film çəkirdiksə otuz manata çəkmək riskdir. İndi də elədir otuz manata film çəkmişik risk etmişik və hazırda da ziyandayıq.
– Filmlərinizdə prodüser kimi də çalışmısınız. Sponsor şirkətlərlə danışıqlar apararkən onları necə razı salır və necə inandırırsınız? Çünki bəzi şirkətlər həqiqətən gülməli və çətin şərtlər irəli sürürlər.
– “Hozu” filmlərində baxdığınız zaman orada cəmi bir-iki sponsor var. Onlarla əvvəllər başqa işlərdə əməkdaşlıq etmişik və o layihələrdən o qədər razı qalıblar ki, deyirlər: “Nə vaxt film çəksəniz yanınızdayıq.” Amma dediyiniz kimi, başqa şirkətlər sponsorluk barədə danışanda elə qəribə şərtlər irəli sürürlər ki, biz izah etməyə çalışırıq: “Sizi başa düşürük, amma bu televiziya filmi deyil, burda bunu edə bilmirik. Amma onu başqa şeylə əvəz edək, məsələn, televiziya reklamını artıraq.” Lakin onlar deyirlər: “Yox, biz elə istəyirik.” Belə hallarda sponsorun verdiyi pul miqdarından asılı olmayaraq razılaşmırıq. Əvvəllər isə razılaşırdıq ki, filmimiz çəkilsin, bununla nə olacaq ki? Amma sonradan gördük ki, bu səhv idi. Artıq kimdənsə borc alırıq, amma onu etmirik.
– “Kinobox”, “Metaflix” kimi onlayn şəbəkələr yaranıb. Düşünürsünüz ki, bu yayım şəbəkələri filmin inkişafına və ən azından xərclərin çıxarılmasına kömək edə bilər?
– Metaflix çox yaxşı iş görür. Biz yeni “Ruh atası” filmini çəkmişik. İnanıram ki, filmi kinoteatrdan sonra Metaflix-ə verəcəyəm və bu, ən azından maddi baxımdan kömək edəcək. Ona görə də Metaflix kimi yayım şirkətlərinin olması film istehsalçıları üçün çox faydalıdır.
Aynur Kazımova









