Əsas TƏDBİRLƏR “İKİ YÜZ İLLİK GİZLİ TARİX” GÜN ÜZÜNƏ ÇIXIR

“İKİ YÜZ İLLİK GİZLİ TARİX” GÜN ÜZÜNƏ ÇIXIR

by editor

Azərbaycan Bəhai İcmasının tarixi inkişaf mərhələlərini və bu prosesdə iştirak etmiş şəxslərin hekayələrini əks etdirən “İki yüz illik gizli tarix” sənədli filmi geniş ictimaiyyətin diqqətinə təqdim olunur. Film 2 may 2025-ci il saat 19:00-da Nizami Kino Mərkəzində baş tutacaq rəsmi təqdimatla nümayiş etdiriləcək.

Rejissor Kamalə Musazadənin müəllifi olduğu tammetrajlı sənədli film Azərbaycan Bəhai icmasının keçdiyi tarixi yolu əks etdirir. Film yalnız faktların sadə xronologiyasını deyil, həm də həmin dövrlərdə yaşamış fərdlərin şəxsi hekayələri vasitəsilə cəmiyyətin yaddaşına hopmuş hadisələri tamaşaçılara çatdırır. Bu təkcə bir icmanın tarixi deyil, həm də Azərbaycan cəmiyyətində baş vermiş bir sıra mühüm tarixi, sosial və mənəvi proseslərə güzgü tutur.

Filmdə xüsusilə vurğulanan məqamlardan biri də odur ki, Azərbaycanda maarifçilik hərəkatının aparıcı simalarının, həmçinin Hüseyn Cavidin, Mirzə Ələkbər Sabirin, Cəfər Cabbarlının, Əbdülxaliq Yüsifzadənin, Musa Nağıyevin, Əli Əkbər Naxçıvaninin, Əzizə Cəfərzadənin mövzuya münasibətlərinə də yer verilib.

Bundan əlavə Arazın o tayında – Güney Azərbaycanda ilk dəfə 1848-ci ildə çadrasını atan qadın hüquqlarının müdafiəçisi, şairə xanım Tahirə Qürrətüleyn Zərrintac haqqında da məlumatlar öz əksini tapıb.  Bu sənədli filmi yalnız dini-mədəni kontekstdə deyil, həm də ədəbiyyat və maarifçilik baxımından dəyərli bir mənbəyə çevirir. Xüsusilə, yazıçı Əzizə Cəfərzadənin xatirələri və Bəhai dini haqqında yazdığı iki sənədli romanı haqqında düşüncələri filmin emosional dərinliyini və tarixi orijinallığını artıran mühüm elementlərdəndir.

Layihə Azərbaycan Bəhai İcması ilə yanaşı, Milli Kino Mərkəzinin (MKM PRODUCTION) birgə əməkdaşlığı çərçivəsində ərsəyə gətirilib.

Film müharibə və münaqişə ilə dolu bir dünyada insanlığın dünya sülhü barədə arzularının sönməz olduğunu göstərir. Belə ki, Azərbaycandan bəşəriyyətə sülh çağırışı filmdə qırmızı xətt kimi keçir və bu, kinematoqrafik dil ilə özünəməxsus həllini tapıb.

“İki yüz illik gizli tarix” sənədli filminin ilk təqdimat mərasimi geniş ictimaiyyətə açıqdır.

Əlaqədar Yazılar