“KİNONUN GÜCÜ KÜTLƏVİLİYİ TƏMİN ETMƏSİNDƏDİR”
– Festivallarda iştirakın kino mütəxəssisləri üçün vacibliyi ictimaiyyətə maraqlıdır…
– Festivallarda iştirak həm yaradıcı insan, həm də kinotənqidçi üşün çox vacibdir. Çünki, bu zaman dünya kinosunun nəbzini tutmaqla yanaşı, kino sənayesində baş verən yeniliklərdən də çox rahatlıqla xəbərdar ola bilirsən. Paralel olaraq dünya kino meydanlarında hazırda hansı trendlərin olduğundan da xəbər tutursan. Yəni, mövzu və forma baxımından necə filmlər çəkilir və ümumiyyətlə film çəkilişləri necə baş tutur. Eyni zamanda, orada olduğun zaman həm də yeni əlaqələr qurulur ki, bu da dünya kinosuna çıxış üçün son dərəcə vacib məsələlərdəndir. Əlbəttə ki, bilavasitə şahidi olaraq öyrəndiyin yenilikləri gəlib öz ölkəndə də bölüşür və o ideyaların mütərəqqilərinin tətbiqinin üzərində çalışırsan. Yəni, bir qədər fikrimizi konkretləşdirsək, xarici təcrübənin öyrənilib gəlib öz kinomuzda tətbiq edilməsi, yeni baxış bucağının formalaşdırılması üçün ideal bir variantdır festivallarda iştirakçılıq.
– San-Sebastian film fesivalının atmosferinin maraqlı və cazibədar olduğu söylənilir…
– San-Sebastian film festivalında ab-hava mükəmməl idi. Hər şeydən öncə şəhərin özü turistik şəhər kimi cəlbedicidir. Təşkilatçılarsa bu gözəlliklə festivalın ab-havasını uyğunlaşdırmağı mükəmməl şəkildə həll edə bilmişdilər. İnsanlar bu festivaldan sözün bütün mənalarında zövq alırdılar. Demək olar ki, bütün nümayişlər anşlaqla keçirdi. Tamaşaçılar sırasında müxtəlif yaş qruplarından olan insanlar var idi ki, bu da film təbliğatı və kütləvilik üçün çox vacibdir. Yəni, festival təkcə gənclərə xitab etməklə öz işini bitirmirdi. Orta və daha yaşlı insanlar da filmlərə tamaşa etməyə gəlirdilər. Hamı sanki ortaq bir zövqün haləsinə düşür və istər-istəməz həmin ab-hava, həmin atmosfer insanda xoş təəssüratlar yaradırdı. Çünki belə bir aləmdə hər kəs anlayır ki, əsl kinonun gücü nədir. Kinonun gücü onun kütləviliyi təmin etməsindədir. Kino fərdlərdən çox kütlələr üçündür. Kütlələrin ondan bir qarşılıq aldığını görən zaman sən də istər-istəməz bunun təsirinə düşür, öz işinin nə qədər gərəkli olduğundan məmnun qalırsan.
“AZƏRBAYCANDAN GƏLDİYİMİ DEYƏNDƏ TƏƏCCÜBLƏNİRDİLƏR”
– Dünya kinosunun mərkəzi meydanlarının biri – San-Sebastian film festivalı… Müşahidələriniz nikbinliyə kökləndi, yoxsa…
– Müşahidələrim göstərir ki, biz bu dünyaya daha tez adaptasiya olmalıyıq. Çünki burada çox böyük şanslar var. Çox böyük imkanlar var ki, biz həmin o fürsətləri boşa veririk. Düşünürəm ki, vaxtımızı düzgün istifadə etmirik. Halbuki onlar da yeni adlara, yeni ölkələrə, yeni mədəniyyətlərə ehtiyac hiss edirlər, yeni mədəniyyətlərlə tanış olmaq istəyirlər. Mən müxtəlif insanlarla dialoqda olduğum zaman Azərbaycandan gəldiyimi deyəndə onlar təəccüblənirdilər və ya bizim burada iştirakımıza bir az qəribə yanaşırdılar. Amma yenə də xoş münasibət görürdüm. Çünkü onlar üçün hər yeni ad yeni bir ölkə deməkdir.
Bizim kino sferasının bir çox festivallarında ən böyük üstünlüyümüz orada iştirakçılığa nail olmağımızdır. Çünki bu festivallarda indiyədək Azərbaycan filmləri ya az iştirak edib, ya da heç iştirak etməyib. Ona görə də bütün bunlar yeni şanslar, yeni ümidlər deməkdir.
Festivalda olmağımla koronavirus pandemiyasından sonra zəifləyən və ciddi zərbələr alan kino industriyasının festivallar vasitəsilə yenidən dirçəldiyini, öz gücünü bərpa etdiyini gördüm. Təsəvvür edin ki, bu yolla onlar milyonlarla insanın diqqətini yenidən cəlb etməyi bacarırlar. Nəticədə kino bazarı inkişaf etməyə başlayır. Bu baxımdan belə düşünməyə əsas yaranır ki, deməli, artıq kino və kinoteatrlar ölmür, əksinə, öz qüvvətini, insanları kollektiv olaraq yenidən bir araya gətirmək missiyasını bərpa və davam etdirir.
– Hacı müəllim, sizcə Azərbaycan kinosu bu miqyaslı meydanlara çıxmaq üçün hansı mövzu və janrlara üstünlük verməlidir?
– Düşünürəm ki, Azərbaycan kinosu belə meydanlarda olmaq üçün mütləq şəkildə Azərbaycan xalqından, Azərbaycanın spesifik mövzularından danışmalıdır. O mövzulardan ki, həmin o mövzular daha əvvəl belə tədbirlərə qədər gedib çıxmayıb. Biz yeni mədəni bir ixracla məşğul olmalıyıq ki, bu yeni mədəni kodlar, yeni mədəni düşüncə formaları Azərbaycanın gündəlik həyat tərzi, azərbaycanlıların dünyaya baxış forması, eyni zamanda Azərbaycanın problemlərini orada göstərə bilsin. Həm də bununla fərqlənə bilək. Yox əgər biz digər ölkələrin böyük rejissorlarının filmlərinə baxıb təsirlənərək eynilərini çəkməyə çalışsaq, bu, onlara çox da maraqlı olmayacaq. Çünki özlərində daha yaxşıları var. Ona görə də biz Azərbaycan olaraq özümüzə fokuslanmalıyıq. Əgər biz dünyaya yenidən çıxmaq istəyiriksə, özümüzü yenidən kəşf etməliyik. Özümüzü yenidən kəşf etmədən, müsbət və mənfi tərəflərimizi tapmadan, bütün bunları analiz etmədən və nəhayət gəldiyimiz qənaətləri kinoya daşımadan dünyaya çıxmağımız bir qədər qəliz məsələ olacaq. İlk növbədə özümüzə dönməli, özümüzə baxmalı, daha sonra isə nəticələrimizi filmləşdirib dünyaya çıxarmalıyıq.
FESTİVAL KONYUKTURASI TƏHLÜKƏLİ DEYİL…
– Festival konyukturası Azərbaycan kinosu üçün təhlükədir, yoxsa nəzərə alınmalı yeni reallıqlar var?
– Mən düşünmürəm ki, festival konyukturası Azərbaycan üçün təhlükəlidir. Çünki bizim daha əvvəl beynəlxalq festivallara çıxan və uğur qazanan filmlərimizlə bağlı hər hansı bir konyukturanın olduğundan söhbət gedə bilməz. Əlbəttə, həmin festivalların müəyyən agendası olur. Müəyyən düşüncələr söyləməklə hansı filmlərə üstünlük verildiyi bildirilir. Amma bu o demək deyil ki, biz onlara tamamilə təslim olmalı, onların diktə etdiyi düşüncə formalarına uyğun filmlər çəkməliyik. Bayaq dediyim kimi, biz özümüzü çəkməliyik. Onsuz da bizim unikallığımız var və bu unikallığımızı, fərqli tərəfimizi göstərdiyimiz zaman istər-istəməz diqqətləri çəkəcəyik. Əlbəttə, burada müəyyən kriteriyalar da var. Amma mən düşünmürəm ki, bunlar konyukturadır. Bunlar məncə artıq normallaşmalı olan məsələlərdir. Xüsusilə film istehsalı zamanı gender balansının qorunması və ya ümumiyyətlə müasir mövzuların kinoya gəlməsi kimi məsələlər konyuktura deyil. Bilirsiniz nəyə görə? Çünki müasir mövzular müasir həyatın problemlərindən ortaya çıxır və artıq qloballaşan dünyada hamının ortaq platformalardan, o cümlədən sosial şəbəkələrdən istifadə etdiyi bir dünyada problemlər də istər-istəməz bir-birinə yaxınlaşır. Ona görə də biz həmin problemləri öz baxış bucağımızla göstərməliyik ki, bilinsin bizdə həmin problem necə ortaya çıxır və biz bunun həll yollarını necə tapmağa çalışırıq. Bu tipli mövzulara müraciət etmək bizi konyukturaya işləyən bir ölkə kimi tanıtmaz, fikrimcə. Biz sadəcə öz baxışlarımızı sərgiləməliyik.
– Gürcü kinorejissorundan müsahibə almısınız. Gürcü kinosu ilə Azərbaycan kinosu arasında paralellər aparanda müsbət və mənfi tərəfləri necə səciyyələndirərdiniz? Yeri gəlmişkən, çatışmazlıqların da izahını istərdik…
– Dea Kulumbeqaşvilidən müsahibə aldım. Onunla çox maraqlı bir söhbətimiz alındı. Mənim son zamanlar müşahidə etdiyim budur ki, gürcü kinosu dünyada daha çox təmsil olunur. Gürcü kinosunun daha yaxşı prodüser məktəbi var. Gürcü kinosunun artıq bir neçə yox, onlarla tanınmış rejissoru var. Düşünürəm ki, bunun səbəbi onların dünyayla bizdən daha tez ünsiyyətə, ayaqlaşmağa başlaması və uyğun şərtlərin onlar üçün daha tez formalaşmasıdır. Əlbəttə, bizdə də addımlar atılır. Amma bu addımlar çox cüzidir. Daha böyük addımlar bu prosesi sürətləndirə bilər. Müsahibənin əvvəlində dediyim dünyayla ünsiyyət məsələsi gürcü kinosunda artıq çoxdan başlayıb. Həm də nəzərə almaq lazımdır ki, gürcü kinosunun məşhur adları, rejissorları Sovet dönəmində də kifayət qədər məşhur idilər. Daha sonra onlar Avropaya getdilər. Məsələn, Otar İoseliani Avropada idi. Bu onlar üçün daha yeni imkanlar deməkdir. Bizim fürsətlərimiz nisbətən az olsa da, hər halda düşünmürəm ki, biz lap çox geridəyik, sadəcə bizə uyğun şərait lazımdır. Münbit bir şərait olduğu zaman asanlıqla bu fərq qapadıla bilər. Əlbəttə ki, indi artıq dünyada yeni bir gürcü kino dalğası, yeni gürcü kinosu anlayışı olduğu halda, Azərbaycan filmi az sayda ortaya çıxdığından biz gürcü kinosundan geri qalırıq. Bu, ilk növbədə istehsalın azlığından xəbər verir. Biz gənclərə, rejissorlara yetərincə şans tanımırıq ki, onlar ruhlanıb daha çox filmlər çəksinlər. Əlbəttə ki, kəmiyyət artdıqca keyfiyyət də mütləq şəkildə yaxşı məcralara yönələcək.
Aynur Kazımova