Zəfər günü münasibətilə Qarabağ müharibəsindən bəhs edən “Köhnə çamadanlar” filmi Türkiyədə nümayiş olunub. Noyabrın 6-da “CSO Ada”- Ankaranın Mərkəzi Tarixi Salonunda filmin Türkiyə qalası baş tutub. Nümayiş Türkiyə Cümhuriyyəti Mədəniyyət və Turizm Nazirliyi Gözəl Sənətlər Baş İdarəsi, Türkiyə Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Vəqfinin, AHİD – Ankaralılar Dərnəyi, eləcə də Altındağ Bələdiyyəsi, “Qazi” Universiteti, Türkiyədəki Dünya Qadınlar Birliyi, “Çinar” Qadınlar təşkilatı, “Port Baku”, “Kraton clinik” və digər təşkilatların dəstəyi ilə reallaşıb.
Tədbirin rəsmi hissəsi Türkiyə və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin xatirəsinə bir dəqiqəlik sükut və hər iki ölkənin milli himnlərinin səsləndirilməsi ilə başlayıb.
Türkiyənin dövlət və parlament təmsilçiləri, sənət, mədəniyyyət xadimləri, beynəlxalq təşkilatların təmsilçilərinin iştirak etdiyi mərasimdə “Köhnə çamadanlar” filmi haqqında geniş məlumat verilib.
Birinci və İkinci Qarabağ müharibəsi həqiqətlərini real qəhrəmanların xatirələri əsasında ekrana gətirən film müharibədən sonra qısa zamanda (2021) istehsal olunub və geniş tamaşaçı auditoriyasının ixtiyarına verilib. Ekran əsəri Azərbaycanda 4 dəfə premyera edərək paytaxt Bakıda, Naxçıvanda və Şamaxıda izləyicisi ilə görüşüb.
“Köhnə çamadanlar” tammetrajlı bədii filminin quruluşçu rejissoru Saida Haqverdiyeva, ssenari müəllifi Sevda Sultanova, görüntü rejissoru Şahmar Səfəroğlu, montaj rejissoru Rza Almasi Pərqu, quruluşçu rəssamı Əfşan Əsədova, bəstəkarı Vüqar Camalzadə, baş prodüseri Pərvinə İsmayılova, icraçı prodüserləri Kəmalə Nəhmətova və Nicat Məmmədov, redaktoru Həmidə Rüstəmovadır.
“RS Production”un istehsalı olan filmdə Xalq artistləri Məmməd Səfa, Pərvanə Qurbanova, Əməkdar artistlər Gülzar Qurbanova, Şəfəq Əliyeva, Nəsibə Eldarova, aktyorlar Zemfira Əbdülsəmədova, Zümrüd Qasımova, Ülviyyə Əliyeva, Zülfiyyə Qurbanova, Zarina Qurbanova, Aygün Fətullayeva, Türkay Cəfərli, Könül Qasımova, Səmimi Fərhad, Aqil M. Quliyev, Namiq Ağayev, Vüqar Hacıyev, Cavanşir Məhərrəmov, Rəsmiyyə Nurməmmədova, Qızılgül Quliyeva və başqaları rol alıblar.
Mərasimdə çıxış edən Prezidentin Təhlükəsizlik və Xarici Siyasət Şurasının üzvü, professor Aygün Attar, Türkiyə Cümhuriyyəti Mədəniyyət və Turizm Nazirliyinin şöbə müdiri Sanem Arıkan, Ankara Ticarət Odasının sədri Gürsel Baran, MHP sədr müavini, professor Mevlüt Karakaya, AK Partiyanın İstanbul millət vəkili Serkan Bayram, “Qazi” Universitetinin prorektoru, professor Hasan Tezer və Ankaralılar və Ankaraya Xidmət Edənlər Dərnəyinin başqanı Hilmi Yaman Türkiyə Azərbaycan qardaşlığı, iki dövlər arasındakı tarixi əlaqələrə toxunublar. Çıxışçılar filmin Qarabağ mübarizəsinin zəfər rəmzinə çevrildiyini, müharibəyə məcburən cəlb edilmiş sülhsevər Azərbaycan xalqının, onun qadın və uşaqlarının, əslində, dinc insanlarının savaşın ağır sınaqları qarşısındakı mətanətlə mübarizəsinin kinematoqrafik fadəsi olduğunu bildiriblər.
Anşlaqla keçən nümayişin ardınca çıxış edən filmin rejissoru Səidə Haqverdiyeva qəlbində Azərbaycan sevgisi ilə gecəyə qatılan Aygün Attar, Sanem Arıkan, Gürsel Baran, Mevlüt Karakaya, Serkan Bayram, Hasan Tezer və Hilmi Yaman başda olmaqla hər kəsə təşəkkürünü bildirib, filmin hazırlanma prosesindən söz açıb.
Gecənin sonunda ekran işinin yaradıcı heyətinin bir qrupuna təşkilatçılar tərəfindən plaketlər təqdim olunub.