Noyabrın 25-də Azərbaycan Kinematoqrafçılar İttifaqında AKİ-nin İdarə Heyətinin üzvü, rejissor, jurnalist Kamran Qasımovun “Küldə şərqi deyənlər” (“Singers in the ashers”) sənədli filminin təqdimat mərasimi keçirilib. Xronometrajı 28 dəqiqə olan ekran işində Kamran Qasımov bu ilin yanvarında Cənubi Kaliforniyada Los-Anceles əyalətində baş vermiş meşə yanğınları və onun fəsadlarını çəkib. Kinotənqidçi Sevda Sultanovanın moderatorluğu ilə baş tutan nümayişdən öncə rejissor Kamran Qasımov şahidi olduğu yanğınlardan danışıb, nümayişə gələnlərə minnətdarlığını bildirib. Filmdə yanğından əziyyət çəkən insanlar, yanğınsöndürənlər, eləcə də, Los-Anceles merinin müsahibələri yer alıb. Nümayişdən sonra millət vəkilləri, kinematoqrafçılar, ictimaiyyət nümayəndələri çıxış edərək, filmlə bağlı təəssüratlarını bölüşüblər.
Film “Real” telekanalının reportajları (müəllif Kamran Qasımov), “Fox” telekanalının materialları, eləcə də, Kamran Qasımovun şəxsi arxivi əsasında hazırlanıb.
Qeyd edək ki, Kamran Qasımov Los-Ancelesdə baş vermiş yanğınları işıqlandırmış yeganə azərbaycanlı jurnalist olub. Azernyumedia şirkətində istehsal olunan film Azər Əsgərovun dəstəyilə ərsəyə gəlib.



