Rejissor, ssenarist Nurlan Həsənli üzərində çalışdığı “Həvəskar fotoqrafın ailəvi portreti” sənədli filmi ilə bağlı kinoinfo.az-ın suallarını cavablandırıb.
– “Həvəskar fotoqrafin ailəvi portreti” filminin istehsal prosesi hansı mərhələdədir və növbəti addımlar nə olacaq?
– “Həvəskar fotoqrafin ailəvi portreti” adlı sənədli filmim artıq istehsal prosesinin son mərhələsindədir. Bir neçə günlük çəkilişimiz qalıb və onları tamamladıqdan sonra noyabr-dekabr aylarından etibarən post-prodakşn mərhələsinə keçəcəyik. Hazırda bu mərhələnin Avropada – böyük ehtimalla Fransada – həyata keçirilməsi ilə bağlı danışıqlar aparılır. Çünki layihəyə Gürcüstandan və Fransadan ortaq prodüserlər qoşulub.
– Azərbaycandan dəstək almısınızmı?
– “Həvəskar fotoqrafin ailəvi portreti” filminə tək başlamışdım. Çünki bu film öz ailəmin hekayəsinə əsaslanırdı və sadəcə kameramı götürüb çəkilişlərə başlamışdım. Daha sonra filmi müxtəlif proqramlara göndərdim və uğur qazandım. IDFA Beta Fondundan və Əl-Cəzirə kanalından dəstək aldım. İkinci proqramda iştirakdan sonra Gürcüstandan bir prodüser layihəyə qoşuldu, daha sonra Fransadan da ortaq prodüserimiz oldu.
Hazırda filmin Azərbaycandan maliyyə dəstəyi yoxdur, prodüser olaraq da özüm çalışıram. Lakin gələcəkdə post-prodakşn mərhələsi üçün ARKA-nın elan edəcəyi dəstək proqramına müraciət etməyi planlaşdırıram. Bununla yanaşı, Kinematoqrafçılar İttifaqının müəyyən mənada köməyi olub. Layihə ilə Berlin Film Festivalının marketinə seçilmişdim və həmin dövrdə “Kino Səyyah” proqramı yol xərclərimin qarşılanmasında dəstək göstərmişdi.
Hazırda maliyyə baxımından Azərbaycandan birbaşa yardım olmasa da, müxtəlif pitçinqlər və proqramlardan əldə etdiyim dəstəklərlə ölkəni istehsalçı kimi layihədə saxlayıram. Çünki bilirik ki, istehsal ölkəsi maliyyə payı ilə müəyyən olunur. Mənim üçün vacib olan odur ki, film sonadək Azərbaycan filmi kimi qalsın. Gürcüstan və Fransanın qatqılarını da bu balans daxilində qorumağa çalışıram. Gələcəkdə Azərbaycan Kinematoqrafçılar İttifaqının və ya ARKA-nın post-prodakşn dəstəyi bu məqsədə çatmağımda mühüm rol oynaya bilər.
Müsahibəni aldı: Aynur Kazımova