Əsas EKRANDA “OTEL LOO”NUN BÜTÜN KİNOTEATRLARDA NÜMAYİŞİNƏ BAŞLANILIB

“OTEL LOO”NUN BÜTÜN KİNOTEATRLARDA NÜMAYİŞİNƏ BAŞLANILIB

by editor

REJİSSOR ELVİN RÜSTƏMZADƏ: “FİLM YUMORİSTİK JANRDA ÇƏKİLSƏ DƏ, XƏYANƏT MÖVZUSUNU GÜNDƏMƏ GƏTİRİR”

AKTRİSA GÜNƏŞ MEHDİZADƏ: “BU ŞİT KOMEDİYA DEYİL, CİDDİ YUMORİSTİK EKRAN İŞİDİR”

Rejissor Elvin Rüstəmzadənin komediya janrında çəkdiyi “Otel Loo” filminin təqdimatı baş tutub. Xronometrajı 90 dəqiqə olan filmin ssenari müəllifi Asiman Ağa Rövşəndir. “3İ Cinema” və “Gold Cine Vision”un birgə istehsalı olan ekran işinin baş prodüseri İslam Ağa, prodüseri Nurlan Qarayevdir.

Yaş həddi 16+ olan filmin operatoru Vasif Vəlizadə, rəssamı Ülviyyə Verdiyeva, bəstəkarı Vüqar Məmmədzadədir. Ekran əsərində aktyorlar Azər Aydəmir, Oksana Rəsulova, Günəş Mehdizadə, Asiman Ağa Rövşən, Nurlan Süleymanlı, Səmimi Fərhad, Kamil Nazim, Mələk Hacıyeva, Nihad Heybətov və Aqil Sadıqzadə kimi tanınmış aktyorlar rol alıb.

Təqdimat zamanı filmin rejissoru Elvin Rüstəmzadə və filmdə müğənni Aliyə rolunu ifa edən aktrisa Günəş Mehdizadə Kinoinfo.az saytının suallarını  cavablandırdılar. Öncə oxucularımızı filmin rejissorunun açıqlamaları ilə tanış edək:

-Elvin müəllim, bu film vasitəsilə tamaşaçılara nə çatdırmaq istədiyinizi bilmək istərdik: sadəcə əyləncə, yoxsa daha dərin mesajlar var…

-“Otel Loo” tamaşaçını güldürmək, əyləndirmək üçün hazırlanmış komediya filmidir. Bu film vasitəsilə insanların düşüncəsini ayrıca, xüsusi bir ideya ilə yükləmək istəmədik, amma ümumi anlamda yanaşsaq, film gündəmə heç bir halda qəbulolunmaz xəyanət mövzusunu gətirir. Amma bir qədər yumoristik tərzdə. Filmdə hadisələrin yumor üstündə inkişaf etdirilməsindən məqsədimiz təbii ki, həm də tamaşaçıları əyləndirməkdir. Düşünürük ki, insanların gülub-əylənməyə ehtiyacı var. “Otel Loo” da məhz bu amili təmin edən filmdir.

-Çəkiliş zamanı qarşılaşdığınız problemlər nələr idi?

-Aktyorlar gecə işləməyə alışmadıqları üçün ilk günlər fiziki cəhətdən yorğun olurdular. Amma zamanla hamı bu rejimə uyğunlaşdı.

-Filmin prokat uğuru ilə bağlı gözləntiləriniz varmı?

-Artıq kommersiya filmlərində uğur qazanmaq üçün müəyyənləşmiş qaydalar var. Biz də bu qaydalara əməl etmişik və düşünürəm ki, lazımi reklam və təqdimat işləri aparıldıqca film öz tamaşaçını tapacaq.

-Elvin müəllim, sizcə tamaşaçılarımızn zövqü yayımda olan Azərbaycan filmlərindən üstündü, ya əksinə?

-Bu suala birmənalı cavab vermək çətindir. Amma faktlar göstərir ki, son illərdə yaxşı film çəkildikdə, reklam olunduqca tamaşaçılar onu mütləq izləyir. Tamaşaçıların zövqünü qınamaq isə doğru olmaz.

-“Vətəndaş A” serialınız tamaşaçılar tərəfindən çox sevildi. Bu yəqin ki, yaradıcılıq uğuru kimi sizi də öz işinizə həvəsləndirdi. Gələcəkdə yeni seriallar çəkmək niyyətiniz varmı?

-“Vətəndaş A” serialı tamaşaçılar tərəfindən çox sevilmişdi. Serial çəkmək planlarımız əlbəttə ki var. Artıq bu istiqamətdə çalışırıq.

“Otel Loo” filmində müğənni Aliyə rolunu ifa edən aktrisa Günəş Mehdizadə isə ekran işiylə bağlı suallarımızı belə cavablandırdı.

-Günəş xanım, “Otel Loo”dakı obrazınız haqqında nə deyə bilərsiniz?

-Əvvəllər tamaşaçılar məni belə bir obrazda görməyiblər. Film situasiya komediyası üzərində qurulub və maraqlı məqamlarla zəngindir.

-Bəs Elvin Rüstəmzadənin aktyorla iş tərzi necədir, çətinliklər var idimi?

-Elvin bəy aktyorun qarşısına dəqiq məqsəd qoyur və istədiyini almayana qədər onunla razılaşmır. Bu, rejissorun işinə ciddi yanaşdığının göstəricisidir.

-Bəs tərəf müqabilləriniz? Onlarla meydançada qarşılıqlı anlaşma alınırdımı?

-Azər Aydəmir və Oksana Rəsulova ilə öncədən də bir neçə layihədə işləmişəm. Ona görə də çəkilişlər zamanı aramızda yaxşı anlaşma var idi. Bir-birimizi rahat başa düşə bilirdik.

-Tamaşaçılar bu filmin hansı özəlliklərinə görə bilet alıb baxmalıdırlar?

-Bilirsiniz, istərdim tamaşaçılar “Kinoinfo.az” vasitəsilə bu filmin heç də şit komediya olmadığını öyrənsinlər və ona ciddi yumoristik ekran işi kimi yanaşsınlar. Burada qurşaqdan aşağı zarafatlar yoxdur. Çəkiliş meydançasında biz özümüz də gülürdük, əminəm ki, həmin anlar tamaşaçıları da çox güldürəcək.

– Günəş xanım, bir qədər kompleks yanaşsaq, Azərbaycan kinosunda qadın obrazlarının durumunu necə qiymətləndirirsiniz?

Azərbaycan teatrında qadınların mərkəzdə olduğu kifayət qədər pyeslərimiz var. Amma filmlərimiz haqqında təəssüf ki, hələ bu barədə həvəslə danışmaq mümkün deyil. İstedadlı aktrisalarımızın sayı isə kifayət qədər çoxdur.

Aynur Kazımova

P.S. Xatırladırıq ki, “Otel Loo” rejissor Elvin Rüstəmzadənin ikinci tammetrajlı bədii filmidir. Rejissor ondan əvvəl “Dalan” bədii filmini ekranlaşdırıb.

Əlaqədar Yazılar