Əsas ARKA-DA REJİSSOR ZAUR QASIMLI: ““TAĞIYEV: NEFT” BƏDİİ FİLM KİMİ MƏNİM DEBÜTÜMDÜR”

REJİSSOR ZAUR QASIMLI: ““TAĞIYEV: NEFT” BƏDİİ FİLM KİMİ MƏNİM DEBÜTÜMDÜR”

by editor

“Tağıyev: Neft” filminin rejissoru Zaur Qasımlı kinoinfo.az saytının suallarını cavablandırıb. Müsahibəni təqdim edirik.

Dosye: Zaur Qasımlı 1 yanvar 1975-ci ildə Bakı şəhərində anadan olub. Texniki peşə məktəbində montajçı ixtisası üzrə təhsil alıb. ANS TV-də montajçı (2003-2005), VP prodakşn”da və “Ultra prodakşn”da rejissor kimi fəaliyyət göstərib. 2005-ci ildən Dinozaur prodakşn” studiyasını təsis edərək reklam və klip istehsalı ilə məşğul olmağa başlayıb. Zaur Qasımlının kino sahəsinin istehsal prosesindəki fəaliyyətinə montajçı və dizayner kimi 2003-cü ildə ekranlaşdırılan «Şəhər» sənədli serialı, rejissor kimi 2012-cü ildə çəkdiyi «İnkoqnito» qısametrajlı bədii filmi, 2013-cü ildə vizual effektlərini həyata keçirdiyi «Dərvişin qeydləri» tammetrajlı bədii filmi, 2018-ci ildə rejissorluğunu və ssenari müəllifliyini yerinə yetirdiyi «Miras» tammetrajlı sənədli filmi daxildir. Rejissor bunlarla yanaşı, 100-dən çox reklam çarxının da çəkilişlərini həyata keçirib. Özünün də dediyi kimi, hələlik sonuncu işi olan «Tağıyev: Neft» onun ilk tammetrajlı bədii filmi, bədii film sahəsində debütüdür. O, hazırda Bakı Media Mərkəzinin əməkdaşıdır.

– Zaur müəllim, ölkə tamaşaçılarının həvəslə gözlədiyi “Tağıyev: Neft” filminin çəkiliş prosesi və aktyorların filmdə iştirakı barədə məlumatları Kinoinfo.az internet portalının oxucuları ilə bölüşməyinizi istərdik…

– Çəkilişə sərf olunan zaman müddəti tam beş ili əhatə etdi. Bizim ssenarini yazmağımızdan başlayaraq indiyə qədər beş il ötsə də filmin üzərindəki tamamlama işləri hələ də başa çatmayıb. Çünkü hazırda heyət növbəti seriyaların üzərində də işləri davam etdirir. Düzdür çəkilişlər bitib, amma post-prodakşn işləri tam yekunlaşmayıb.

Çəkilişlərdə iştirak edən aktyorların ümumi sayına gəldikdə isə, filmdə 130-a yaxn təkcə danışan aktyorlar var. Çəkilişlərə 136 günlük iş rejimi sərf etdik. O da kifayət etmədiyindən iş qrafikimizə daha bir gün də əlavə olundu. Onu da qeyd edim ki, biz post-prodakşn üçün xromakeydə əlavə adamlar da çəkdik. Nəhayət, 136 günlük çəkilişi səkkiz aydan da artıq bir müddətə yekunlaşdıra bildik.

– Belə çıxır ki, bu miqyaslı film «Nəsimi», «Babək», «Hökmdarın taleyi» kimi filmlərdən sonra kinomuzun tarixində bir yenilikdir. Bəs əsas çətinlikləriniz nədən ibarət oldu?

– İlk növbədə qeyd edim ki, “Tağıyev: Neft” tammetrajlı bədii film olaraq mənim kinoda debütümdür. Çətinliyim ondan ibarət idi ki, bir girişə bir yox, dörd film çəkməli oldum. Bu çox böyük həcmdir. Şəxsən bir rejissor olaraq mənim üçün problemlərin əsası bununla bağlı idi. Həmçinin film bütün komanda üçün də böyük həcmli bir iş sayılırdı. Onlar da çox böyük bir dəstək göstərdilər. Nəticədə filmi ərsəyə gətirə bildik. Ümumiyyətlə, hər sahədə bir çətinlik var. Bildiyimiz kimi bu gün Azərbaycanda kino istehsalı istədiyimiz səviyyədə deyil. İstər qrafika, istər geyim, istər rekvizit və ümumiyyətlə insan faktoru ilə bağlı çatışmayan çoxlu cəhətlərimiz var. Bax, belə bir şəraitin içində filmi çəkməyə müvəffəq olduq.

– Belə həcmli bir film ərsəyə gətirmək kinomuzun güçlü və zəif yerlərini üzə çıxartdı yəqin ki…

– Mənə elə gəlir ki, ilk növbədə film bizdə potensialın olduğunu üzə çıxartdı. Belə qənaətimiz formalaşdı ki, deməli biz istədiyimiz həcmdə filmlər istehsal edə bilərik. Bu qürurverici bir faktdır. Divanda əyləşib filmlər haqqında müzakirələr edən adamlar yəqin ki, bu filmə baxan kimi anlayacaqlar ki, heç nə sözlə, danışıqla deyil, işlə, iş prosesində üzə çıxır. Biz onu sübut edə bildik ki, böyük bir layihələrdə də Azərbaycan film istehsalçıları öz sözlərini həvəslə və keyfiyyətlə reallaşdıra bilərlər.

– Uzun müddət reklam, kommersiya işləri ilə məşğul olmusunuz. Başqa sözlə, bu işin marketinq hissəsinə bələdsiniz. “Tağıyev: Neft” kimi tarixi filmlərin rentabelli olacağını iddia edə bilərikmi?

– Sirr deyil ki, Azərbaycanda kino istehsalçıları məhdud bir rəqəm çərçivəsində büdcəsi olan filmlərin xərclərini geri qaytara bilirlər. Böyük büdcəli filmlərin büdcəsi üçün təəssüf ki, bu hələ mümkün deyil. Bunun obyektiv-subyektiv səbəbləri var. Bunu qarşılamaq üçün filmi mütləq xarici bazarlara çıxmalıyıq. Bu yöndə də işlər görülür, amma təəssüf ki, hal-hazırda bunu əldə etmək üçün ürəkdən söz veriləsi bir layihə yoxdur.

Müsahibəni aldı: Aynur Kazımova

Əlaqədar Yazılar