Əsas EKRANDA“SƏKKİZ”: QƏHRƏMAN QİSASLA QARANLIĞA BATIR

“SƏKKİZ”: QƏHRƏMAN QİSASLA QARANLIĞA BATIR

by editor

ARB telekanalının sifarişi ilə çəkilmiş “Səkkiz” çoxseriyalı filmi baş qəhrəmanın faciəvi itkidən sonra daxilində gizli qalmış uşaqlıq travmalarının yenidən üzə çıxmasını əks etdirir. Qızının ölümündə günahkar bildiyi insanlara qarşı qisas hissi qəhrəmanı geri dönülməz bir yola aparır. Keçmiş həyat yoldaşı, biganə tibb bacısı, məktəb direktoru və ətrafındakı insanlar onun hədəfinə çevrilir. Hər qətl onu azad etməli olduğu halda, qəhrəman daha da qaranlığa qərq olur.

Serialın ilk bölümü ARB kanalında 10 yanvar tarixində yayımlanacaq və təkcə televiziyada yox, həm də kinoteatr və YouTube platformasında izləmək mümkün olacaq. Janrı triller olan filmin baş prodüseri İslam Ağa, quruluşcu rejissoru Hikmət Rəhimov, prodüserləri Elsəvər Camal və Azər Səlimli, icraçı prodüseri isə Aydın Səlimlidir. Filmin ssenarist heyətinə Hikmət Rəhimov, Azər Səlimli, Könül İsayeva Səlimli, Könül Məmmədova və İslam Qasım daxildir. Filmin digər heyətinə təsvir rejissoru Tofiq Əliyev, ikinci rejissor İmran Ali Qurban, quruluşcu rəssam Chevuegara, geyim rəssamı Lətif İsmayıl, qrim rəssamı Eldar İsrafilov, səs rejissoru Kənan Güləhmədov, montajçı Ülvi Babayev, işıq rəssamı Rauf Cavadov daxildir. Filmin aktyor heyəti Hikmət Rəhimov, Rasim Cəfər, Yeganə Hüseyinli, Elşən Rüstəmov, Loğman Kərimov, Sənan Əlləz və Zülfiyyə Qurbanovadan ibarətdir.

Rejissor Hikmət Rəhimov kinoinfo.az saytına eksklüziv müsahibəsində sualları cavablandırdı.

Səkkiz” serialının ideyası ARB kanalının sifarişindən sonra yarandı, yoxsa sizdə öncədən mövcud idi?

– Yox, ideya öncədən var idi. Pandemiyadan öncə, 2019-cu ildən bu layihə üzərində düşünürdüm. O zaman sadəcə qaralama versiyası var idi, amma maliyyə məsələləri səbəbindən layihə kənarda qaldı. Sonra ARB-də prodüser İslam Ağa mənə zəng etdi və mən altı il içimdə gəzdirdiyim bu fikri irəli sürdüm. Ssenarini Azər Səlimli ilə yazmağa başladıq, sonra başqa ssenaristlər də qoşuldu və heyət böyüdü.

– Daha əvvəl Apatiya” filmində həm rejissor, həm də aktyor kimi çıxış etmisiniz. Serial zamanı həm rejissor, həm aktyor olmaq sizə mane oldumu, yoxsa uyğunlaşdıra bildiniz?

– Ümumiyyətlə, bu sahənin bir qoluyla məşğul olmaq belə çətindir. Burada həm rejissor, həm də aktyor kimi işləmək, üstəlik, serial sahəsində ilk təcrübəm idi. Bundan əvvəl üç tammetrajlı film çəkmişəm, amma serial başqa alqoritmdir. Mən həyatımın ən uzun çəkiliş dövrünü yaşadım – 44 gün. Daha öncə maksimum 12 gün çəkilişim olmuşdu. Çətin idi, xüsusən də bu rola görə hər gün qrim olunurdum. Evdə olduğum müddətdə belə məni bu narahat edirdi. Amma eyni zamanda rolu oynamaq istədim, çünki həm vizual, həm də xarakter baxımından maraqlı idi.

– Bəzi çəkiliş günləri Biləsuvarda keçib. Fərqli məkanlarda çəkiliş və 18+ yaş həddi serialın yaradıcı azadlığına və vizual-emosional atmosferinə nə qatdı?

– Yaş həddi əvvəldən belə planlaşdırılmışdı, çünki serialda qətl mövzuları var. Fərqli məkanlar cinayətin törədilməsini və istintaq prosesini göstərmək üçün vacib idi. Bizə şəhər kənarı yerlər lazım olduğuna görə Biləsuvar seçildi.

– 44 çəkiliş günü ərzində sizi ən çox yoran, amma sonra yaxşı ki, belə oldu” dediyiniz an oldumu?

– Hər gün çəkilirdim və qrim bir saat vaxt aparırdı. Xarakterə hazırlaşmaq və ona fokuslanmaq hər gün çətin idi. Amma heyət çox yaxşı idi. Bizim heyətdə ilk dəfə çıxış edənlər də vardı, bu riskli addım olsa da, uşaqların əzmkarlığı setdə prosesi çox xoş etdi.

– Bundan sonraki layihələriniz varmı? Tamaşaçıları nələr gözləyir?

– Əslində ideya var, amma maliyyə məsələlərinə görə bilmirəm, necə davam edəcək.

– Kino yoxsa serialla davam edəcəksiniz?

– Mən serial çəkmək istərdim, məsələn, 6-8 bölümlük, amma prodüserin qərarından asılıdır.

Aynur Kazımova

Əlaqədar Yazılar