Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı – TÜRKSOY-un təşkilatçılığı ilə İstanbulda şəhərində baş tutan Türk Dünyası Kino Rəhbərlərinin 2-ci görüşü Türkiyənin ən böyük ssenari inkişafı və ortaq istehsal platforması olan “TRT 12 Punto” tədbirləri ilə paralel şəkildə keçirilib.
“12 Punto 2025” çərçivəsində “Türkiye ile Türk Dünyası Arasında Ortak İstehsalda Yeni Köprülər” adlı panel müzakirəsi baş tutmuşdur. Tədbirdə Türkiyə və türk dövlətlərinin kino sahəsində fəaliyyət göstərən rəsmi qurumlarının nümayəndələri iştirak etmiş və panel çərçivəsində ortaq film istehsalı imkanları, mövcud əməkdaşlıq platformaları və gələcək perspektivlər ətrafında geniş fikir mübadiləsi aparılmışdır.
Panelin iştirakçıları sırasında Azərbaycan Respublikasının Kino Agentliyinin Baş direktorunun müavini Qurban Primov, Qırğızıstanın Kino üzrə Baş direktoru Ulan Adamaliev, Qazaxıstan “Kazakfilm”in icraçı direktoru Asset Yernazarov, Qazaxıstan Milli Kino Dəstək Mərkəzinin İdarə Heyətinin sədri Jumagali Kurmanbek, Özbəkistanın Kino üzrə Baş direktoru Şuxratulla Rızayev, Türkmənistanın “Oğuzxan” Türkmənfilm Birliyinin yaradıcılıq işlərinə məsul sədr müavini Sahysalyh Bayramov, Türkiyə Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin Kino Baş direktoru Birol Güven və TRT Sinema rəhbəri Faruk Güven yer almışdır.
Panel müzakirəsi zamanı iştirakçılar ölkələrarası birgə kino layihələrinin təşkili, təlim və təcrübə proqramlarının həyata keçirilməsi, ortaq istehsalların dəstəklənməsi, film festivalları çərçivəsində əməkdaşlıq və kino məhsullarının qarşılıqlı mübadiləsi məsələlərini gündəmə gətirmişlər. Eyni zamanda, tərəflər öz ölkələrinin təcrübələrini bölüşmüş, auditoriyanın suallarını cavablandırmış və gələcək əməkdaşlığın gücləndirilməsi məqsədilə fikir və təkliflərini səsləndirmişlər.



