Əsas ANALİTİKA QAZAXISTAN KİNOSU – 2023: GƏLƏCƏYƏ NƏ VƏD EDİR?

QAZAXISTAN KİNOSU – 2023: GƏLƏCƏYƏ NƏ VƏD EDİR?

by editor

Gülnarə Abikeyeva – sənətşünaslıq doktoru,

Qazaxıstan Kino Tənqidçiləri Assosiasiyasının prezidenti

2023-cü ildə qazax kinosunda baş vermiş əsas hadisələr – yerli filmlərin Oskar mükafatına göndərilməməsi, “Asiya Oskarı”nın üç mükafatı, tamaşaçının yerli kinoya marağı və senzuradır.  Dövlət büdcəsindən maliyyələşmədə ixtisarlar baş versə də, ümumilikdə bu il Qazaxıstan filmlərinin istehsalı yeni səviyyəyə qalxdı: 70 film istehsal olundu. Həmçinin, iki vacib kinofestival – “Avrasiya” və “Şakenin ulduzları” keçirilmədi, əvəzində isə yeni kinomükafat – “Alternativ” təsis edildi.

Uzun illər belə təsəvvür yaranmışdı ki, qazax kinosu sanki yalnız festivallarda göstərilmək üçün çəkilir. Tamaşaçı bu filmlərin dünyadakı uğuru haqda eşitsə də, prokatda görmürdü. 2000-ci illərdə yerli filmlər kinoprokatın 1,3%-ni təşkil edirdi, hazırda bu rəqəm 30-35% arasıdır. Qazax filmləri yerli prokarda yüksək gəlir əldə edir. Və kassa uğurunu təkcə “Qazaxsayağı biznes Hindistanda” (2023-cü ildə Nurlan Koyanbayevin nümayişə çıxan bu filmi 1 milyard 281 min tenge (təxminən 3,8 milyon manat – redaktorun əlavəsi) qazanıb) filmi yox, digər filmlər də əldə edib: prodüser Dariqa Badıkovanın “Tapdım, ay səni” 1 milyard 100 min (təxminən 3,8 milyon manat – redaktorun əlavəsi), digər prodüserlər Sadmanovların “Heç olmasa kinoda-2” 985 milyon tenge (təxminən 3,7 milyon manat – redaktorun əlavəsi)..

Uğur qazanmış əksər qazax filmləri qazax dilində çəkilib və bu, o deməkdir ki, gəlirin əldə edilməsi qazax dilli əhalinin hesabına baş verib.

Bu il çəkilən 70 bədii tammetrajlı filmdən yalnız 7-i “arthaus”dur və onlar müxtəlif festivallarda iştirak ediblər. Qalanı isə əyləncəli janr kinosudur. Aydın görünür ki, bu gün bizim kino prosesi özü özlüyündə müstəqil şəkildə mövcud ola bilir: çoxlu film çəkilir, özəl studiyalar fəaliyyət göstərir. Kino Qazaxıstanda uğurlu kreativ industriyalardan biridir və bunu yaradanların əksəri kinodan yox, KVN-dən (Şən və Hazırcavablar Klubu), şou-biznesdən gəliblər. Bundan başqa, kinoteatr sahibləri, prokat kampaniyaları kino istehsalatına pul xərcləyirlər. Amma niyəsə elə fikir formalaşıb ki, intellektual qazax kinosu festivalda göstərilir, səfeh, gülməli filmlər prokat üçündür…

Dövlət dəstəyi varmı?

Milli Kinoya Dəstək Dövlət Mərkəzi (MKDDM) 2019-cu ildə bir layihə kimi yaranıb. Layihəyə görə, filmlərin maliyyələşməsi açıq pitçinq əsasında baş tutmalıdır. Mərkəzə rəhbərlik edən prodüser Gülnara Sarsenova gənc, müstəqil ekspert şurası toplayaraq açıq pitçinq keçirdi və pitçinqi  nəinki sərbəst şəkildə gəlib dinləmək, hətta onlayn yayımda izləmək  mümkün idi. Həmin il 39 kinolayihə dəstəkləndi. 2021-ci ilə isə pitçinqin nəticələri ləğv edilsə də, ayrı-ayrı layihələrə maliyyə ayrıldı: Qızıl Ordanın tarixi haqda, Jambıl Jabayevin 175 illiyinə həsr olunmuş və Əhməd Baytursınulının həyatından bəhs edən layihələr. 

MKDDM-in rəhbərliyi dəyişəndən sonra qurum yenidən geriyə, bahalı tarixi layihələrin maliyyələşməsi sisteminə qayıtdı.  Üç il keçsə də, bu filmlərdən heç birini görməmişik. 2020-ci ilin noyabrından quruma Eset Kosubayev rəhbərlik edir. Onun rəhbərliyi dövründə 62 layihə dəstəklənib. Pandemiya səbəbindən iki pitçinqin layihələri 2022-ci ildə reallaşdı. Bu, qazax kinosunun  görülməmiş yüksəlişi idi. Və festivaldan çox, geniş tamaşaçı kütləsinə hesablanmış filmlər idi.  Bir neçə nəsli birləşdirən “Dos-Mukasan”, vətənpərvərliyi aşılayan  – ”Paralimpiyaçı”, “Vətənpərvərlərin zamanı”, milli özünüdərkdən danışan “Kaş”,”Akın”, sosial problemlərdən bəhs edən “Sxem”, “Bakıt”, “Ademokinin təhsili”, müasir qəhrəmanların hekayəsini əks etdirən “Cərrah”, “Həyat”, gənclərdən bəhs edən “Qardaşlar”, “Dağ soğanı”, “Yay tezliklə bitəcək”.

Bu filmlərin çoxu dövlət büdcəsi hesabına lentə alınıb. Müqayisə üçün qeyd edim ki, 2022-ci ildə 58 film prokata  çıxıb ki, onun yalnız 25-i keyfiyyətli sayıla biır.

Yuxarıda dediyim kimi, 2023-cü ildə 70 film istehsal olundu. Onlardan dövlət hesabına çəkilmiş  7 film festival səviyyəsindədir. Məhz bu faktor bizim kinematoqrafa geniş istehlak imkanı verir. Milli kinonu dövlət niyə dəsktəkləməlidir sualı səslənəndə bu gerçəkliyi anlamaq lazımdır. Amma niyəsə hazırda dövlətin dəstəyi axsayır.

2023-cü ilin mayında bir pitçinqin nəticələri ləğv olundu. İkincisi ilin sonunda keçirildi və 19 layihə dəstəkləndi ki, onun 9-u tammetrajlı bədii filmdir. Və bu,  Qazaxıstanda dövlət büdcəsindən kinoya ayrılan 6 milyard tenge (təxminən 22 milyon manat) məbləğin dəyişməz qaldığı halda baş verir.

2023-cü ilin rezonansı

Ötən ilin payızında rejissor Murat Yesjanovun “Mirjakıp. Oyan, Qazax!” bədii filmi ilk həftədə ən böyük kassa gəlirini yığdı: 107 milyon tenge (404 min manat). Filmi nümayişdən çıxarmaq lazım gələndə, mediada qalmaqal baş verdi. Öz tarixini bilmək üçün hər bir məktəblinin filmi izləməyinin vacibliyi qeyd olundu. Təbii ki, bu, daha çox ajiotaj doğurdu və növbəti iki həftədə zallar doldu. Film “Alaş” hərəkatının liderləri haqqındadır, tarixi hadisələr yaxşı təsvir olunub və peşəkar çəkilib. Vəssalam. Hərçənd, kinematoqrafik planda daha maraqlı film olan Ardak Amirkulovun Qazaxıstanda “qolodomor”dan (1932–1933-cü illərdə Qazaxıstanda aclıq) bəhs edən “Jel toktağan jer” və ya Yerlan Nurmuhambetovun ilk qazax akademiki, geoloq Kanış Satpayev haqda çəkdiyi “Kanış” filmini hesab etmək olar.

Amma birinci halda “Oyan, qazax!” sloqanı filmin təbliğatında rol oynasa da, digər iki filmin demək olar ki, reklamı olmadı.  Hər halda 2023-cü ildə sözügedən üç film  daha çox  nəzərə çarpdı. Qeyd edim ki, onlardan biri MKDDM-in hesabına çəkilib, digər ikisi isə televiziya layihəsidir; əvvəl serial formatında, sonra isə tammetrajlı bədii film kimi işlənib.

Beynəlxalq səviyyədə uğur

2022-ci ildə istehsal olunan Aysultan Seitovun “Kaş” və Darhan Tuleqenovun “Qardaşlar” filmləri daha çox səs-küy yaratmışdı. Həmin filmlər Ashat Kuçinçerekovun “Bauırına Salu” filmi ilə yanaşı müxtəlif nominasiyalar üzrə “Asiya Oskar”ına layiq görülüblər.

Eləcə də Aycan Kasımbekin “Mədinə”, Kenjebek Şaykakovun “Ayjay” filmləri Tokio festivalında göstərilib, Maksim Əkbərovun “Çöl”ü  çoxsaylı festivallarda mükafatlara layiq görülüb. Bu yaxınlarda  Tokioda Eldar Kaparovun qazax-yapon müştərək istehsalı olan  “Müharibə əsirləri” filminin premyerası keçirilib.

Kinofestivallarda filmlər seçim komissiyası tərəfindən seçilir. Eyni şəkildə “Asiya Oskarı” adlandırılan  “APSA Mükafatı” – Asiya-Sakit Okean Mükafatı da eyni şəkildə dəyərləndirlir. Amma Amerika “Oskar”ına namizəd filmləri hər ölkədə mövcud olan Oskar komissiyası göndərir. Qəribəsi odur ki, bizdə bu il 25-dən çox keyfiyyətli film çəkilsə də, nəyə görəsə Qazaxıstan Kinematoqrafçılar İttifaqının “Oskar” komissiyası həmin filmlərdən heç birini ora göndərməyib.

Yaxşı məhsul az tapılar. Qazaxıstanda müştərək layihələr də azdır. İldə bir və ya iki müştərək film çəkilir. Halbuki dünya kino bazarına daha çox müştərək layihələrlə çıxmaq mümkündür. Filmlərimiz kinofestivallarda az mükafat alır və onların uğuruna az adam sevinir. Əslində isə hər şey sadə görünür:  mükafat aldı, ölkənin imicini yüksəltdi və avtomatik olaraq növbəti layihəsi dəstəklənir. Məslən, belə bir təcrübə Türkiyədə var. Amma bizimkiləri “Asiya Oskarı” qane etmir, yuxarıda qeyd etdiyim kimi, Amerika “Oskar”ına da göndərilmirlər.  

Bu sualın da cavabı yoxdur: uğur qazanmış “Avrasiya” və son illərdə Almata festivalı kimi tanınan “Şakenin ulduzları” festivalları niyə 2023-cü ildə keçirilmədi.

2020-ci və 2021-ci illərdə pandemiyaya görə “Avrasiya” festivalı reallaşmadı, 2022-ci ilin sonunda isə tez-tələsik keçirildi ki, dünya festivalın varlığını unutmasın. Və qəfildən 2023-cü ildə pauza yarandı. Axı, festival milli kinonu dirçəltmək üçün böyük vasitədir. Əvəzində regiondakı qonşularımız aktivləşdi. Artıq üçüncü ildir ki, böyük miqyaslı Daşkənd festivalı keçirilir, ilk dəfə isə Bişkek festivalı baş tutdu. Biz isə festival sahəsində əldə etdiyimiz mövqeyi itiririk.

Bizim indəyədək nə Kannda, nə Venesiyada, nə Busanda, nə də ki Amerika film marketlərində milli stendlərimiz olmayıb. Hətta bizdən üç dəfə az film istehsal edən Qırğızıstan da filmlərini Kannda və Busanda satıb.

Belə çıxır ki, Qazaxıstanda kino dövlətin dəstəyi hesabına deyil, heç nəyə baxmayaraq inkişaf edir.

Rejissor və prodüserlər özləri kinofestivallarda iştirak edir, mükafat alır, amma filmlərini satmaq hüququna malik deyillər. Çünki çətinliklə pitçinq keçirən MKDDM film satmaq hüququnu özündə saxlayır.

Paradoks ondadır ki, bizim kinematoqrafçıların film layihələri xaricdə pitçinqlərdə qalib gəlir, Vətəndə isə yox: Amir Amenovun “İsti gecə, soyuq pivə” layihəsi Avstraliyada,  Əsgər Yermaxanın “Hiss” layihəsi Daşkənddə (1-ci yer), Asel Auşakimovun və Asel Yerjanovun “Hesabı ödəyin” layihələri Bişkekdə (1-ci yer).  Bu necə mümkün ola bilər? Bəlkə bu sualı verməyin vaxtı artıq çatıb: yerli ekspert komissiyasının səviyyəsi onların mühakiməsinə verilən layihələrin səviyyəsi ilə üst-üstə düşürmü?

Suallar cavablardan çoxdur. Və suallar təkcə MKDDM-yə və ya Kinematorafçılar İttifaqına deyil. Qazaxıstanda kino sahəsi tamamilə tarazlığını itirib. Amma görünür ki, hər şey sadədir: şəffaflıq, qərəzsizlik və qazax kinosunun düşünülmüş inkişaf strategiyası olmayıb və təəssüf ki, indi də yoxdur.

Gülnara Abikiyevanın 05.01.2024 tarixində yayımlanmış “İnkişaf edir və irəliləyir” (Развивается и движется вперед) adlı məqaləsindən tərcümə

Tərcümə edən: Sevda Sultanova

Əlaqədar Yazılar