Əsas FESTİVALLARNƏVƏNİN SEÇİMİ: QALMAQ, YOXSA GETMƏK?

NƏVƏNİN SEÇİMİ: QALMAQ, YOXSA GETMƏK?

by editor

Hazırda hazırlıq mərhələsində olan “Nəvə” sənədli filminin çəkilişləri 2025-ci ilin sentyabr ayında başlayacaq və təxminən 13 ay davam edəcək. “Navis” MMC tərəfindən istehsal edilən filmin tamaşaçılara 2026-cı ildə təqdim olunması nəzərdə tutulur. Film iki versiyada olacaq – böyük ekran üçün 72 dəqiqəlik, teleekran üçün isə 52 dəqiqəlik versiyanın hazırlanması planlaşdırılır.

Filmin rejissoru və ssenari müəllifi Afaq Yusiflidir.  Kamera arxasında həm müəllif, həm də Oktay Namazov yer alır. Musiqi tərtibatı bəstəkar Nigar Süleymana həvalə olunub. Filmin prodüserləri isə Nicat Dadaşov və Murad Allahverdidir. Bu yaradıcı komanda ailə içində yaşanan duyğuların sadə, amma dərin təfərrüatlarını sənədli kinonun imkanları ilə ekrana daşımaq niyyətindədir.

Kinoinfo.az “Nəvə” sənədli filminin rejissoru Afaq Yusifli və prodüserlər Nicat Dadaşov və Murad Allahverdi ilə müsahibəni təqdim edir.

Nəvə” filmini çəkməyə sizi nə ilhamlandırdı?

Afaq Yusifli: Uşaqlıqdan ən böyük arzum xaricdə təhsil almaq olub, 2015-ci ildən 2019-cu ilə qədər  universitetlərə müraciət etmişəm. Amma müxtəlif səbəblərə görə qəbul olunmadım. Bəziləri deyirdilər ki, mənim təhsil və təcrübəm azdır, bəziləri isə ixtisasımın fərqli olduğunu söyləyirdilər. 2019-cu ildə müraciət etdiyim «Docnomads»ın şərtlərindən biri də “Mən görürəm, mən hiss edirəm, mən eşidirəm” adlı 3 dəqiqəlik film çəkmək idi. Oturub özümə sual verdim: “Məni nə saxlayır? Niyə digər nəvələrdən fərqli olaraq nənəmgilə bu qədər bağlıyam?” Çünki bir müddətdən sonra bütün motivasiya məktublarım mənə qeyri-səmimi gəlirdi, öz-özümə deyirdim ki, mən bu qızı seçməzdim. Onda bu mövzu ilə bağlı 3 dəqiqəlik ilkin treyler çəkdim və 2020-ci ildə onu «Cinedoc»a göndərdim. Sonra bu mövzunun üzərinə daha çox düşdüm. Xaricdə təhsil almaq mənim ən böyük arzum olsa da, içimdə nəsə çatışmırdı. O vaxtdan başlayaraq uzun müddət evdə nənəmlə babamı müşahidə etdim. Artıq 5 il keçib və son 3 ildə nənəm çox xəstədir. Bir yerdən sonra anladım ki, bu hekayəni danışmaq istəyirəm. Bu qərarı vermək isə, təxminən, 3 il çəkdi. Üç ildən sonra başa düşdüm ki, bu, təkcə mənim hekayəm deyil, Azərbaycanda və dünyanın bir çox yerində ailəsi ilə arzusu arasında qalan qadınlar var. Elə buna bənzər fikirlər eşitdikcə bu filmi çəkmək qərarına gəldim.

-Nənənizlə babanızın filmə reaksiyası necə oldu?

A.Y: 2019-cu ildən onlar artıq bilirdilər, “kamera məni çəkir” deyə gülüşürdülər. Halbuki kameranın bizi çəkdiyini onlara deməmişdim. Sadəcə söhbət edirdik, amma kamera bizi qeyd edirdi. Sonra öyrəşdilər ki, bu evdə dörd nəfər var — üçü canlı, dördüncüsü isə cansız (kamera). Məsələn, nənəm ştativə “üçayaq” deyir. Kameradan birdən “tık” səsi gələndə nənəm bilir ki, səhnə bitdi. Çəkiliş qurtarandan sonra soruşur ki, danışım? Mən deyirəm, danış. Bizdə heç vaxt “çəkiliş başlayır” kimi söz olmayıb, sadəcə müşahidə etmişik. Uzun müddətdir “çəkirəm“ demirəm, amma prosesi uzun müddət izləyirəm.

– Film həm müşahidə, həm də iştirakçı formatında hazırlanıb. Bu yanaşmanı seçməyinizin səbəbi nədir?

A.Y: Bu, təbiidir. Bir filmin istiqamətini onun hekayəsi müəyyən edir. Bu film mənim nənəmlə bağlıdır, mən də nəvə kimi oradayam. Çöl çəkilişləri fərqlidir, amma evin içində kameranın arxasında olmaq vacibdir ki, intimlik və şəxsi məqamlar itirilməsin. Sənədli filmdə hər şey prosesdən və təbiilikdən gəlir. Mən başa düşdüm ki, həm kameranın arxasında, həm də önündə olmalıyam.

– Çəkiliş prosesi nə qədər davam edəcək?

A.Y: Mən güclü hazırlıq mərhələsi keçmişəm, çünki çox vaxt sərf olunub. Son hesablamalara görə, çəkiliş 13 ay davam edəcək. Artıq plan hazırdır və nə çəkmək lazım olduğunu bilirəm. Çəkilişlər sentyabr ayından başlayacaq.

– Çəkilişlər zamanı hansı texniki və ya emosional çətinliklərlə qarşılaşdınız?

A.Y: Baxmayaraq ki, bu filmi öz büdcəmlə inkişaf etdirmişəm, texniki baxımdan bir çox çətinliklər yaşadım. Məsələn, filmin ilk treylerini yığanda dostlarımın “Canon” kamerası ilə çəkmişdim, amma həmin materialların çoxunu istifadə edə bilmirəm, çünki texniki parametrlər uyğun gəlmir. Ştativim yaxşı deyildi. Evdə bəzi otaqlarda çəkiliş üçün əlavə işıq lazım idi, amma mənim yox idi, bu da görüntüyə təsir göstərirdi. Xüsusilə, səs yazılışı çətinlik yaradırdı. Emosional tərəfdən isə vəziyyət fərqlidir. Evdə baş verən hadisə sənin həyatının bir parçasıdır. Nənəm qəmli bir şeydən danışanda mən həm nəvə kimi, həm də rejissor kimi qarışıq hisslər keçirirəm. Həmin anda “nə vaxt müdaxilə etmək lazımdır, nə vaxt deyil”i ayırmaq çox çətindir. Bəzən nənəm kövrəlir, mən də kövrəlirəm, belə anlarda qucaqlaşıb ağlamaq bizə yaxşı təsir edir. Amma həmin anlarda mən onun üzünü müşahidə etmək istəyirəm. Bu cür çətinliklərim olub və bilirəm ki, çəkiliş bitənə qədər də olacaq.

– Nicat, həm ssenarist, həm də prodüser kimi işləyirsən. Hansı daha maraqlıdır?

Nicat Dadaşov: Ssenaristlik mənim təhsilim olduğu üçün, təbii ki, mənim üçün ön plandadır. Amma prodüserlik də önəmlidir, çünki bəzən hekayəni danışmaq üçün ilk növbədə özün özünə inanmalısan. Hekayəni ən yaxşı formada satmaq və geniş kütləyə çatdırmaq üçün onu ən yaxşı bilən insan sən olursan. Ona görə də, diqqətimi çəkən layihələrdə həm də prodüser kimi iştirak etmək qərarına gəldim. “Nəvə” filmi də onlardan biridir. Afaqla bu barədə danışanda mənə çoxlu materiallar olduğunu dedi və treylerə baxmağı təklif etdi. Baxdım, çox xoşuma gəldi. Əslində, sənədli filmlərdə çox təcrübəm yoxdur. Əsasən, bədii filmlərin çəkilişində iştirak etmişəm və ssenarilərini yazmışam. Amma bu film çox səmimi və şəxsi hekayədir. Belə hekayələri danışmaq çətindir, çünki incəsənətdə şəxsi sərhədlərin harada bitdiyini bilmək asan deyil. Bunları qorumaq çox çətindir, amma düşünürəm ki, film bunun öhdəsindən gələcək.

– Bu layihə ilə ARKA-nın müsabiqəsinə müraciət etmisiniz. Yarışma prosesi necə oldu? Hansısa çətinliklər yarandı mı?

N.D: Deməzdim ki, çətinliklər yarandı. Bildiyiniz kimi, müsabiqənin birinci mərhələsi bədii seçimdir və məhsul ssenari baxımından qiymətləndirilir. Bu mərhələni keçsək, artıq pitçinq mərhələsinə çıxırıq. Mən rahat idim, çünki birinci treylerə baxmışdım və hekayə çox yaxşı idi. Bu film təkcə ARKA üçün yox, bir çox festivallarda da yaxşı mübarizə potensialına malikdir. Ssenarist kimi baxanda ssenaridən çox razıyam.

– Afaq, bu filmlə Beldocs Beynəlxalq Film Festivalından başqa hansı platformalara müraciət etmisən?

A.Y: Deməli, o dediyim 3 dəqiqəlik film üçün mən 70 gün nənəmgildə çəkiliş etmişdim. Özümə də maraqlı idi ki, insan necə 70 gün çəkiliş edər, amma ondan 15 dəqiqəlik film çıxmaz. Sonra “Cinedoc”un yay məktəbinə müraciət etmişdim və bütün film üçün 2000 dollar istəmişdim. Komandam isə “Sən 2000 dollara filmi necə bitirə bilərsən?” deyə heyrətlənmişdi. Mən də səmimi şəkildə onlara yazdım ki, bu mənim ilk filmimdir, ona görə, bu materialdan film çıxacağına inanıram. O vaxt əlimdə 270 GB həcmində videomaterial var idi. Ona görə də, yay məktəbinə müraciət etdim. Bundan sonra pitçinq mərhələsinə hazırlaşdım. Mən 13 ildən çoxdur, nənəmgillə yaşayıram və onları çox yaxşı tanıyıram. Pitçinqdən 5 gün sonra Feysbukda qaliblərin siyahısını paylaşmışdılar, Tue Miller və Daria Basel juri olaraq qalibləri elan etmişdilər. Həmin andan həm rejissor kimi mənim üçün, həm də filmim üçün dönüş nöqtəsi oldu. Sonra onlardan öyrəndiklərimin əsasında qəhrəmanı və hekayəni daha dərindən müşahidə etdim, evdə nənəmi və babamı kameraya öyrəşdirdim və hekayəni yaxşı mənimsəməyə başladım. Odur ki, indi Nicatla ARKA-nın müsabiqəsinə müraciət edəndə artıq özümü hazır hiss edirəm, çünki 13 ay ərzində filmi bitirəcəyəm. Artıq müşahidə deyil, real çəkiliş vaxtıdır. Bilirəm ki, hadisə hansı vaxt baş verəcək, mən də gedib onu çəkəcəm. Beldocs Beynəlxalq Film Festivalına Murad bəylə birlikdə getdik, pitçinqdə iştirak etdim. Beş dəqiqəlik materialdan ibarət tamamilə yeni bir treyler təqdim etdim. Qalib gəlmək istəyirdim, buna inanırdım, amma gözləmirdim. Nəticədə “Nəvə” filmi qaliblərdən biri oldu. İndiyə qədər bu layihə iki beynəlxalq proqramda iştirak edib və hazırda Əl-Cəzirə Film Festivalından cavab gözləyirik.

– Rejissor olaraq tamaşaçıdan gözləntin nədir?

A.Y: 2020-ci ildə, hələ inkişaf mərhələsinin əvvəlində juri üzvlərinin rəsmi fikirlərini əks etdirən bəyanatlarda deyilirdi ki, nəinki Azərbaycanda, bütün dünyada bu mövzuda maraqlı film gözləyirlər. Amma pandemiya səbəbindən uzun müddət heç nə çəkə bilmədim. Nənəmin yanına getməyə icazə yox idi, ona görə də onu görə bilmirdim. Sonra çəkilişlərə başladım və 5 dəqiqəlik videonu təqdim etdikdə çox maraqlı rəylər aldım. Bu, yalnız mənim hekayəm deyil, həmçinin Azərbaycanda və Azərbaycan kimi ölkələrdə rejissor olmaq istəyənlərin yaşadığı çətinlikləri göstərir. Beldocs Beynəlxalq Film Festivalı mənə xüsusi motivasiya verdi. Uzun müddət “Nəvə” layihəsini heç bir yerə göndərməmişdim, çünki filmi çəkmək istəyib-istəmədiyimi anlamaq istəyirdim. Beynəlxalq proqramlara müraciət etmək çox vaxt aparır. İki ilə yaxın hekayəni öyrəndim, sonra beynəlxalq arenaya çıxardım və anladım ki, göstərmək istədiyimi tamaşaçı anlayır. Orda bir macar rejissor gözləri dolu halda yaxınlaşıb “sizin 5 dəqiqəlik videomateriala baxanda gördüm ki, nənənizi həddindən çox sevirsiniz” dedi. Filmlə əlaqə qurmaq asandır. Sundance festivalında da dedilər ki, sizdən bizə həddindən az film gəlir və çox istəyirik ki, sizin dünya premyeranız bizim festivalda olsun. Rejissor kimi təkcə öz hekayəmi yox, ümumiyyətlə, bütün dünyaya sevməyin nə demək olduğunu göstərmək istəyirəm. İnsanlar deyir ki, sevəndə mütləq seçim etməlisən, amma mən inanmıram. Əgər dərin sevgi varsa, hər iki tərəf ortaq məxrəci tapır, həm də özündən nəsə qurban verir. Məncə, “Nəvə” filmində bu var. Burada nənəm və mən ortaq məxrəci tapmağa çalışırıq, hər ikimiz şüurlu şəkildə nələrisə qurban verməyə hazırıq. Bu filmin universal tərəfi budur. Bir litvalı rejissor da bizə yaxınlaşıb dedi ki, sizin hekayəniz mənim öz hekayəmdir, çünki mən də nənəm və babamla böyümüşəm, babam altsheymer xəstəsidir. Layihəyə gəlmək üçün babasını anasının yanında qoyduğunu söylədi. Dedi ki, sizin layihəylə tanış olanda elə bildim, öz ailəmi görürəm. Düşünürəm ki, dünyada hamı bir azərbaycanlı ailəsinin fonunda ailə nə deməkdir, gözəl ailə olmaq üçün nələrdən keçilməlidir, başa düşür.

– Nicat, bir prodüser kimi necə fikirləşirsiniz, bizim filmlərimizin dünyaya istədiyimiz qədər çıxmasına nə mane olur? Bu maneələri necə aşa bilərik ki, həm biz, həm də filmlərimiz tanınsın?

N.D: Məsələn,Afaqın dediyiSundance” bəzi proqramlar istisna olmaqla, hazır filmləri qəbul edir. Ona görə də, “Sundance”ə film təqdim etmək üçün əvvəlcə film istehsal etməlisən. Əsas maneə vaxt məsələsidir. “Nəvə” filmində ARKA-dan dəstək alsaq, çəkiliş 13 ay davam edəcək. Yarışmalarda mübarizə aparacaq film üçün zaman lazımdır. Bu proses bəzən bir, üç, bəzən isə on il çəkir.

Digər ölkələrdə bu proses çox sürətlə gedir, çünki orada incəsənətlə məşğul olan insanların sayı çoxdur və onların istehsal etdiyi filmlərin həm keyfiyyəti, həm də kəmiyyəti fərqlidir. Son iki-üç ildə mən də müşahidə edirəm ki, müxtəlif mərhələlər üzrə platformalarda – layihənin inkişafi, “rough cut” (ilkin montaj mərhələsi üçün ixtisaslaşmış platformalar və postprodakşn – kifayət qədər keyfiyyətli filmlərimiz var. Düşünürəm ki, bunlar toxumlardır və 2-3 ildən sonra bizim filmlərimiz də dünyada adından söz etdirəcək. Kino zaman, səbr və inam tələb edir.

– Murad, bu sizin ilk prodüserlik təcrübənizdir. “Beldocs” təcrübənizdən danışarsınız?

Murad Allahverdi: Afaqın filmiylə biz bir neçə beynəlxalq platformada iştirak etmişik. Müşahidələrimə görə, istənilən festivalda əsas diqqət əhatə dairəsinə yönəlir. Festival komandası çalışır ki, seçilən filmlər həmin əhatə dairəsinə uyğun olsun. Məsələn, Azərbaycan kimi “ekzotik” ölkələri “fərqli filmlər də olsun” deyə dəvət edirlər. Amma, əsasən, öz tanış dairələrindən çıxmırlar. Məsələn, festival Serbiyada keçirilirsə, iştirak edən ölkələr, əsasən, qonşu ölkələr – Bosniya, Xorvatiya, Serbiya olur. Yəni, daha çox bu ölkələrdən filmlər seçməyə çalışırlar. Bu da bizim filmlərin “Sundance” kimi festivallara yol tapmasına mane olur. Məncə, ən birinci, kinomarketlərdə tanınmaq, mümkün qədər çox pitçinqlərdə iştirak etmək və müəyyən qrantlar qazanmaq vacibdir. Sonra isə müştərək prodüser tapıb filmi istehsal etmək lazımdır. Bu isə çətinliyi artırır. Məsələn, festivala gedirsən, konkret nəticə olmayanda filmin istehsalı gecikir. İkincisi, büdcə azaldıqca keyfiyyət də aşağı düşür. Ona görə, bu mərhələdə mümkün qədər çox yerdə iştirak etməliyik. Lakin indiki halda dövlət dəstəyi mütləqdir. Getdiyimiz pitçinqlərdə və inkişaf layihələrində müştərək prodüser tapa bilmək üçün dövlət dəstəyi olmalıdır. Məsələn, büdcənin, ən azı, yarısı hazır olmalıdır ki, ko-prodüserlərin bizimlə işləməyə marağı olsun.

– Azərbaycanda prodüserlik ixtisası tədris olunmur və siz bu işi təcrübə yolu ilə öyrənirsiniz. Bizim prodüserlər prodakşnda hansı çətinliklərlə qarşılaşır?

M.A: Mənim böyük təcrübəm yoxdur deyə, çox danışa bilməyəcəyəm. Amma dediyim kimi, çətinlikləri aşmaq üçün zaman lazımdır.

N.D: Ümumiyyətlə, prodüserlərin beynəlxalq layihələrdə iştirakının məqsədi əlaqələr qurmaq və sonra onları yaxşı mənada istifadə etməkdir. Mən həmişə deyirəm ki, beynəlxalq platformalarda mütəmadi iştirak vacibdir. Məsələn, bu gün Sarajevoya getdim, sonra iki ay heç yerə getməsəm, zəncir qırılır. Getdiyim festivallarda görürəm ki, xarici həmkarların vətənə qayıtmağa vaxtı olmur, oradan-bura gedərək 6-7 ay bir layihə ilə gəzirlər. Bu müddətdə festivallarda eyni insanlar bir-birini görür və müəyyən bir etibar yaranır. Mən inanıram ki, bu iş ünsiyyətə və əlaqələrə dayanır. Muradın da dediyi kimi, Azərbaycan kimi ekzotik ölkələrin filmlərinə xarici prodüser qoşulanda onların çevrələrində tanınmaq asanlaşır. Ancaq birdən-birə 7-8 festival gəzmək çox vəsait tələb edir. Ona görə də, dövlət dəstəyi vacibdir. Müəyyən bir fond yaradılmalıdır ki, incəsənət adamlarının səfər xərclərini qarşılasın. Bu da filmin reklamına xidmət edən amildir. Bir il ərzində 20-30 min avro pul xərclənir. Yenə də hər şey maddi dəstəkdən asılıdır. Maddi dəstək, keyfiyyətli film və yaxşı əlaqələr olarsa, bundan istifadə etmək olar.

– Afaq, siz də bu fikirlə razısınız?

A.Y: Mən həm Nicatla, həm də Muradla tam razıyam. Əlavə olaraq deyim ki, “Beldocs”da bizdən 5 dəqiqəlik video istəmişdilər. Amma bizdən başqa heç kim hazırlamamışdı. Onlar özlərinə arxayın idilər. Nicatın da dediyi kimi, oradakı simalar bir-birilə tanışdır, bəziləri artıq 2-3 film çəkib və təcrübəlidir. Məsələn, bir film hələ inkişaf mərhələsində idi, amma rejissor bir neçə nüfuzlu festivalda müəllif kimi iştirak etmişdi. Əsas çətinlik budur: Sən yaxşı prodüser ola bilərsən, amma neçə film istehsal etmisən? Neçə uğurlu filmin olub? Deyəndə ki, heç bir tammetrajlı filmim yoxdur, nüfuzlu festivallarda iştirak etməmişəm, səni öz arşınları ilə ölçüb təəccüblənirlər. Amma onlar Azərbaycan reallığını bilmirlər, başa düşmürlər ki, bir tammetrajlı film istehsal etmək burada nə qədər çətindir. Bir də bizdə belə bir düşüncə var: “Bir film çəkəcəyəm, birbaşa Oskar alacağam”.  Məncə, biz əvvəlcə film çəkməyə fokuslanmalıyıq. Tutaq ki, 2015-ci ildən 2025-ci ilə qədər Azərbaycanda on ədəd yaxşı sənədli film çəkilib. İkinci məsələ bu filmlərin festivallara nə dərəcədə uyğun olmasıdır. Nicat və Muradın da qeyd etdiyi kimi, bizim möhkəm əlaqələrimiz yoxdur, dünyanın aparıcı festivallarında nüfuzlu prodüserlər bizi tanımırlar. Buna görə də düşünürlər ki, sənin bir tammetrajlı filmin yoxdursa, niyə mən səninlə əməkdaşlıq edim? Ona görə də, imkan daxilində çox film çəkib tanınmalıyıq ki, növbəti filmlərə maliyyə tapa bilək.

Maliyyədən başqa gənc rejissorların qarşılaşdığı çətinliklər nələrdir?

A.Y: Şəxsən mən istəyərdim ki, sənədli film sahəsində ixtisaslaşma olsun. Fərqi yoxdur, biz prodüser, montajçı və ya digər sahədə olaq, amma bunu öyrənək. “AKIDocs” layihəsində gördük ki, sənədli film çəkmək istəyən çoxdur, amma əlçatan təhsil azdır. Təhsil olmalıdır. Təhsil olmadığı üçün bilmirik, sinopsisi necə  yazaq, yaxşı loqlaynı necə hazırlamaq lazımdır və bunları hardan öyrənək.  Beynəlxalq layihələrdən asılıyıq, orada da rəqabət çoxdur. Nicat da deyir ki, xarici həmkarlar çox festivallara gedir, biz isə birinə seçiləndə sevinirik. Amma təhsil olsa, bizdə də inam olar ki, klassik 150 sənədli film izləyib, sənədli film nəzəriyyəsini bilirik. Dünyada sənədli film inkişaf etsə də, bizdə bilik çatışmazlığı var.

N.D: Tək prodüserlik məsələsi deyil. Prodüser film layihəsini festivallara aparır. Uğur filmin keyfiyyətindən asılıdır. Festivalların sayı artdıqca seçim də çətinləşir və keyfiyyət yüksəlir. Bu prosesə dayanıqlı heyət və kadrlar lazımdır. Məhsulun keyfiyyəti təkcə rejissordan asılı deyil. Zaman önəmlidir. Ola bilər ki, 5 il çəkirsən, amma nəticə yalnız 6-cı ilin əvvəlində gəlir. Səbr, inam və davamlı çalışma vacibdir.

M.A: Mən Afaqın dediklərinə qoşuluram. Azərbaycanda çox az film təlimləri və ustad dərsləri keçirilir, əsasən, AKİ tərəfindən təşkil olunur. Bu il “Sevil Fest” yaxşı mütəxəssislər dəvət edib master-klasslar keçirir. Nəzəriyyədə irəliləsək də, praktikada geri olduğumuzu düşünürəm. Məncə, Azərbaycan böyük məşq meydançası olmalıdır ki, Avropaya gedəndə rejissorlarımız daha peşəkar görünsün. Bizim festivallarımız da vörkşoplar, təlimlər keçirməlidir. Məsələn, “Cinedoc”da ildə 4-5 praktiki “workshop” var idi. Mən, Afaq və bir neçə həmkarım “Cinedoc”un layihələrində iştirak etmişik. “Cinedocs” yay məktəbi, “Young Workshop” və müəllimlər üçün film təlimi kimi. Praktiki təlimlərdə mentorların məsləhəti ilə sinopsis yazır, treyler hazırlayırdıq. Orada sənədli film sahəsində tanınmış prodüser və rejissorlarla birbaşa əlaqə qurmaq olurdu.

Bizdə ilk dəfə “AKİdocs”a Tue gəlmişdi. Sənədli film sahəsi sürətlə inkişaf edir. Məsələn, “Kür” və “Əmanət” filmlərinin prodüserlərinə yaxınlaşdıq. Onlar bazarda aktiv deyildilər, deyirdilər ki, bu filmlə bağlı yaxşı məsləhət verə bilməyəcəyik, baxmayaraq ki, Kann festivalına getmişdilər. Ona görə də, bu insanlarla daim əlaqə qurmalı, mümkün olsa Azərbaycana gətirməli, yoxsa onlayn vörkşoplar təşkil edib əlaqə saxlamalıyıq.

Müsahibəni aldı: Aynur Kazımova

Əlaqədar Yazılar