“Çinar Film” şirkəti tərəfindən istehsal olunan “Açıq məktub” qısametrajlı eksperimental filminin 2026-cı ildə böyük ekranlara çıxması planlaşdırılır və 14 dəqiqə nəzərdə tutulub. Filmin ssenari müəllifləri İsmayıl İman və Türkan Hüseyn, quruluşçu rejissoru və operatoru, həmçinin prodüseri Türkan Hüseyndir. Baş rolda Orxan İsgəndərli çəkilib. Səs dizayneri isə Hafiz İbrahimlidir.
“Açıq məktub” filmi iki sevgilinin gündəlik həyat fonunda bir-birinə göndərdiyi səs yazıları üzərində qurulub. Rejissorun əvvəllər çəkdiyi Bakı görüntüləri arxiv materialı kimi filmə daxil edilib. Film hazırda montaj mərhələsindədir.
Rejissor və prodüser Türkan Hüseynin Kinoinfo.az saytına müsahibəsini təqdim edirik.
– Həm ssenarist, həm rejissor kimi işləyirsiniz. Bunlardan hansı sizin üçün daha asan və ya daha çətindir?
– Mənim üçün ən çətin mərhələ yazmaqdır. Fikirləri toparlamaq, onları yazıya çevirmək, sonra aktyorun necə səsləndirəcəyini düşünmək fiziki olaraq çətindir, xüsusilə, diqqət pozuntusu yaşadığım üçün. Ən çox zövq aldığım isə çəkiliş və montaj mərhələsidir.
– Mini-serial çəkmək barədə fikriniz olub. Bu istiqamətdə planlarınız varmı?
– Bəli, uzun serial çəkmək istəmirəm. Amma 5-10 seriyalı mini-serial fikrim var. Hələlik bu barədə fikirləşirəm.
– Festival müsabiqələrinə müraciət prosesi necə keçir? Çətinliklərlə qarşılaşırsınız?
– Bundan əvvəl prodüser kimi Ələmdar Faiq və Hacı Səfərovun filmləri üçün də müraciət etmişəm. Bu sahədə müəyyən təcrübəm var, artıq bir qədər öyrəşmişəm. Amma sənədləri toplamaq, festivallarla paralel bu prosesləri aparmaq çətin olur. Əgər il ərzində sabit tarixlər olsa, daha planlı hazırlaşmaq olar.
– Ssenari yazanda hansı mərhələ sizin üçün daha çətindir?
– İdeya tapmaq asandır. Amma hekayənin ortasını, əvvəllə sonu birləşdirən hissəni yazmaq mənim üçün həmişə çətin olub.
– Hansı duyğular sizə ilham verir?
– Ölüm və sevgi – məncə, incəsənətin iki əsas mövzusudur.
– Azərbaycan tamaşaçısının yerli filmlərə münasibətində dəyişiklik hiss edirsinizmi?
– Bəli, baxmaq istəyirlər, amma məlumatları azdır. Telekanallarda köhnə filmlər göstərilir, kinoteatrlarda isə biletlərin qiymətləri yüksəkdir və Azərbaycan filmləri Hollivudla eyni qiymətə satılır. İnsanlar seçim edəndə daha çox əyləncəyə zəmanət verdiyi üçün xarici filmə üstünlük verir.
– Müasir Azərbaycan kinosunda yeni nəsil rejissorların əsas problemi nədir?
– Əsas problem maliyyədir. Bu baxımdan debüt filmlərdə, demək olar ki, yalnız incəsənət universiteti tələbələrinə dəstək verilir. Digər tərəfdən təhsildə praktik biliklər azdır – məsələn, pitçinqə hazırlaşmaq, müraciət formalarını doldurmaq kimi bacarıqlar öyrədilmir.
– Azərbaycan kinosunun qonşu ölkələrin kinosundan fərqi nədədir?
– Gürcüstan kinosu deyəndə ağlımızda konkret bir üslub və imza canlanır. Azərbaycan kinosu isə hələlik tanınmır. Kopenhagendə bir nəfər mənə dedi ki, ilk dəfədir, Azərbaycandan rejissor görürəm. Bu, o deməkdir ki, biz hələ öz kinematoqrafik kimliyimizi dünyaya tanıda bilməmişik.
– Bu kimliyi tanıtmaq üçün nə etməliyik?
– Daha çox film çəkmək lazımdır. Biz əhali baxımından böyük ölkəyik, amma film sayı çox azdır. Kinoya ayrılan vəsait də çox deyil. Kino təkcə gəlir vasitəsi deyil, həm də ölkənin vizit kartıdır. İran kinosu, məsələn, Cəfər Pənahi, Kiyarüstəmi sayəsində İran xalqını tanıdır. Bizim yanaşmamış da belə olmalıdır.
– Kiçik büdcə rejissora azadlıq verir, yoxsa onu məhdudlaşdırır?
– Məncə, azadlıq vermir, çünki sən hər şeyi limitlərlə ölçməli olursan. “Sənədli film onsuz da ucuzdur” deyirlər, amma sənədli film illərlə çəkilə bilər. Mən azbüdcəli filmlər çəkmişəm, amma bu, azadlıq yox, sadəcə təcrübə qazandırıb.
– Gələcəkdə hansı janrlarda işləmək istərdiniz?
– Gələcək haqqında və ya tarixi film çəkmək istərdim. Amma müharibə yox, 15-16-cı əsrlərə aid bir dönüş nöqtəsini işləmək maraqlı olar. Komediyadan başqa hər janrda yazmaq istəyərəm.
– “Açıq məktub” filmi televiziyada yayımlanacaqmı?
– Kanallardan təklif olsa, əlbəttə istərdim. İndiyə qədər yalnız “Mədəniyyət TV” “Mən hələ də səninlə danışıram” filmini yayımlayıb.
– Sizcə, Azərbaycan filmlərini tamaşaçıya kim tanıtmalıdır?
– Əslində, TV əməkdaşları festivallarda film izləyib maraq göstərməlidirlər. Mən bilmirəm, hansı telekanala hansı janr maraqlıdır. Onlar təşəbbüs göstərsələr, filmlər də yayımlanar.
Aynur Kazımova













