“Cəmiyyətə çatdırmaq istədiyimiz mesaj əsasən “sevgisizlik” amili üzərində qurulub“.
Aktyor Hikmət Rəhimovun rejissorluğu ilə ərsəyə gətirilən “Apatiya-2” filmi tamaşaçılara təqdim olunub. Filmin istehsalçılarının yaydığı annotasiyadan bəlli olur ki, Akif adlı baş qəhrəman anasını tapmaq üçün “uşaq evi”ndən qaçır. Sonu dumanlı görünən bu əzablı yolda uşaq xeyli çətinliklərlə üzləşir. Prokurorluq əməkdaşının hadisələrə çevik müdaxiləsi isə filmin ideyasının mahiyyətini daha da yüksəklərə qaldıraraq tamaşaçı üçün “həyatın dibi”nə aid bir çox düşündürücü suallar yaradır. “Apatiya-2” hesab-kitabsız dünyaya uşaq gətirən zehniyyəti var gücü ilə qamçılayır.
Təqdimat zamanı rejissordan filmin ideyası və yaradıcı heyət barədə məlumatları Kinoinfo.az saytına açıqlamasını xahiş etdik. Hikmət Rəhimov öncə bildirdi ki, müəllif yaşadığı cəmiyyətdəki gördüyü və onu narahat edən problemlərin bədii inikasını görüntüyə gətirməlidir. Onun özünün yaradıcılıq üslubuna gəlincə, əsasən dram janrında filmlər çəkməyə üstünlük verir. “Apatiya” və “Apatiya 2” filmlərində cəmiyyətə çatdırmaq istədiyi mesajlarsa əsasən “sevgisizlik” amili üzərində qurulub. Çünki dünyaya gətirilən uşaqlara layiqli sevginin verilməməsi onu yaradıcı bir adam kimi daim narahat etdiyindən o, bu mövzunu filmləşdirmək istəyirmiş. Bu filmlər də elə bu məqsədə nail olunması üçün ekranlaşdırılıb.
“Bəs sizcə belə sosial mövzuları önə çıxaran filmlərin reytinq potensialı nə qədərdir?” sualımıza cavab olaraq Hikmət Rəhimov dedi ki, bu filmlərin reytinqlərinin özünü necə doğruldacağı barədə dəqiq məlumat verə bilməyəcək. Lakin filmdə verilən mesajların müəyyən insanlarda qıcıq yarada biləcəyi mümkündür. Amma əmindir ki, filmin ideya istiqaməti cəmiyyətin sağlam düşüncəli kəsiminə uşaqların sevgi və diqqətlə əhatə olunmasının vacibliyini anlada biləcək.
Söhbətimiz zamanı rejissordan bir növ ardıcıllıq olaraq “Apatiya 3” filminin də çəkilib-çəkilməyəcəyini soruşduq. Müsahibimiz hələlik başqa bir filmin çəkilişləri ilə məşğul olduğunu, lakin ondan sonda “Apatiya 3”ü də çəkməyi planlaşdırdığını söylədi.
Rejissor filmin istehsalçı şirkəti barədə də məlumat verərək bildirdi ki, dram janrında çəkilən filmin xronometrajı 95 dəqiqədir. Yaş həddi 18+ olan filmin ssenari müəllifi Hikmət Rəhimov, quruluşçu operatoru İman İmanov, quruluşçu rəssamı Zaur Abdullayev, bəstəkarı Qurban Abbaslı, montajçısı Ülvi Babayev, geyim rəssamı Aynur Əliyeva, səs rejissoru Teymur Kərimov, ikinci rejissoru Güllü İsmayılzadədir. Rolları Azər Aydəmir, Rasim Cəfər, Zülfiyyə Qurbanova, Vaqif Kərimov, Nəsibə Eldarova, Flora Hüseynova, Murad Şükürlü ifa edirlər. Film bəzi aktyorların debüt işidir. “HR Film Production” tərəfindən istehsal olunan “Apatiya 2”nin prodüseri də Hikmət Rəhimovdur.
10 yanvar 2025-ci il tarixindən filmin bütün kinoteatrlarda nümayişinə başlanılıb.
Aynur Kazımova