Azərbaycan Animasiya Assosiasiyasının üzvləri 8-14 iyun 2025-ci il tarixlərində Fransanın Ansi şəhərində keçirilən və dünyanın ən böyük animasiya festivalı olan Annecy Beynəlxalq Animasiya Filmləri Festivalında və MIFA marketində iştirak ediblər. Bu il Annecy festivalında Azərbaycan Animasiya Assosiasiyasının həmtəsisçisi, rejissor Nəzrin Ağamalıyeva və Assosiasiyanın üzvü, ANİMAFİLM Festivalının meneceri Aydan Kazımzadə iştirak ediblər. Onların səfəri Azərbaycan Respublikasının Kino Agentliyinin (ARKA) dəstəyi ilə mümkün olub.
Bu il Annecy festivalında animasiya rejissoru Zəhraxanım Quluzadə də iştirak edib. O, 7-ci ANİMAFİLM Beynəlxalq Animasiya Festivalında “Çox düşünərkən” filminə görə “Ən yaxşı Azərbaycan qısametrajlı animasiya filmi” mükafatını qazanıb və Annecy Festivalında iştirak hüququ qazanıb. Bu mükafat ənənəvi olaraq ANİMAFİLM festivalı, Annecy Festivalı, Fransanın Azərbaycandaki səfirliyi və Fransız İnstitutunun dəstəyi ilə təltif olunur.
Səfər zamanı animatorlar müxtəlif animasiya filmlərinin nümayişlərində iştirak edib, tanınmış animasiya ulduzları ilə görüşüblər. MİFA marketində gələcək əməkdaşlıq üçün fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, Azərbaycan istehsalı “Hədis” animasiya filmi 2023-cü ildə Annecy-də müsabiqədə yarışıb. Annecy festivalı ilə əməkdaşlıq yerli kinematoqrafiya üçün strateji əhəmiyyət kəsb edir.





