REJİSSOR, SSENARİST EMİN ƏFƏNDİYEVLƏ MÜSAHİBƏ
“ –Tənha insanın monoloqu” filminin ideyası necə yarandı?
– İdeya müharibə başa çatandan sonra yarandı. O dövrlərdə müharibənin görünməyən tərəfini əks etdirən bir hekayə yazmaq istəyirdim ki, az büdcə ilə çəkə bilim və özüm həyata keçirə bilim. Ata-oğul münasibətləri mövzusunda düşündüm, çünki bu məsələ məni həmişə narahat edib. Filmdə baş verən hadisələrin bir hissəsi şəxsi həyatımla bağlıdır. Məsələn, Qalibin ilk dəfə atasının yanına kazarmaya getməsi mənim yaşadıqlarıma oxşayır. Uşaq vaxtı bu hissləri yaşamışam. Sanki uşaqlığımı yada salıb yazmağa başladım. Amma yazdığım zaman hiss edirdim ki, hələ tam deyil, ona görə də bir müddət qaldı. Zamanı gələndə təqdim etdim və çəkdim. Əsas məsələ isə bu idi: Qələbəyə gedən yol haradan başlayır? Düşünürdüm ki, biz 44 gündə tam qələbəni necə qazandıq, bu necə oldu? Bu, çox sevindirici hal idi. Nəticədə başa düşdüm ki, qalibiyyətə aparan yol insanın öz travmalarını boğmasından keçir.
Mən özüm idmanla məşğul olmuşam, idman təmayüllü məktəbdə oxumuşam. Yarışlarda rəqiblə üz-üzə gələndə müəllimim deyirdi: “Uduzduğun döyüşü və o travmanı unut. O travma sənin beynində qalsa, növbəti yarışda qalib gələ bilməyəcəksən.” Məhz bu düşüncədən yola çıxaraq “Tənha insanın monoloqu“nu yazdım.
– Filmi çəkərkən və yazarkən hansı çətinliklərlə qarşılaşdınız?
– Ssenarini tez yaza bilmədim, çünki özüm düşünərək, analiz edərək yazırdım. Uşaqlığımı xatırlayırdım. 1992, ya da 1993-cü illər idi. O dövrdə insanları müharibəyə aparırdılar. Yadımdadır, qardaşımla birlikdə oyun oynayırdıq. Birdən qapı döyüldü, iki əsgər evə daxil oldu. Biz uşaq olduğumuz üçün sevinmişdik, çünki əsgər formasını görmək bizim üçün maraqlı idi. Onlar atama nəsə dedilər, atam geyinib çıxdı. Anam dərhal telefonu götürüb öz qardaşına zəng etdi və “İbrahimi apardılar” dedi, sonra ağladı. Mən anamın müharibə ilə bağlı ilk dəfə ağladığını o vaxt xatırlayıram. Gecə isə anam atam üçün yemək hazırlayırdı, çünki səhər onu kazarmaya aparacaqdılar.
Bu səhnəni də filmə salmışam. Yəni filmdəki bəzi hadisələr birbaşa mənim həyatımla bağlıdır. Bütün bunları düşünərək yazmaq vaxt aparırdı. Amma istehsal dövrü çox asan oldu. Ssenari bəyənildi. İki ay ərzində hazırlıq, çəkiliş və post-prodakşn mərhələlərini tamamladıq. Filmi Quba şəhərində çəkdik. Düzdür, məkan baxımından müəyyən çətinliklər vardı, amma komandamız güclü olduğu üçün işlər rahat getdi. Yeganə çətinlik personajlarla düzgün işləmək idi.
– Bu filmə görə „ən yaxşı rejissor işi“ nominasiyasında Azərbaycan Kinotənqidçilər və Kinoşünaslar Gildiyasının mükafatını qazandınız. Gözləyirdinizmi? Təəssüratlarınız necədir?
– Açığı, mükafatın təsisinin elan olunduğu vaxtdan iki ay keçmişdi, mən artıq unutmuşdum ki, təqdimat olacaq. Sonra Aygün xanım zəng etdi və qaliblərinin elan olunacağını dedi. “Gözləyirdim” deməzdim, amma təxmin edirdim. Filmimdən razı idim və inanırdım ki, nəsə mükafat ala bilər. Ən çox da “ən yaxşı aktyor” mükafatını gözləyirdim. Çünki Mahir müəllim çox yaxşı obraz yaradıb və rolu mükəmməl oynayıb. Filmi izləyən və onu tanımayan insanlar soruşurdular ki, insult keçirmiş xəstə ilə necə işləmisiniz? Tamaşaçı həqiqətən inanırdı ki, o aktyor iflic olub. Ona görə də, bu mükafatı alacağını gözləyirdim. Ümumiyyətlə, mən filmimə inanırdım. Hesab edirəm ki, bu film mənim karyeramda ən yaxşı işlərimdən biridir.
– Yeni film planlarınız varmı? Yenə öz ssenarinizi yazacaqsınız, yoxsa başqa müəlliflərlə də işləməyi düşünürsünüz?
– Mən hər zaman fərqli insanlarla işləməyə hazıram. Həmişə ancaq öz ssenarimi çəkmək kimi bir iddiam yoxdur. Sadəcə maraqlı təkliflər və yaxşı ssenarilər görmədiyim üçün özüm yazıram.
Hazırda üzərində işlədiyim ssenari yaxın dostumun başına gələn hadisəyə əsaslanır. Amma bu dəfə tək deyiləm, Nərgiz Bağırzadə ilə birlikdə yazıram.
– Dramdan başqa hansı janrlar sizə maraqlıdır və özünüzü o janrlarda sınamaq istəyərdiniz? Sosial dram, psixoloji triller, yoxsa daha eksperimental?
– Hazırda yazdığım hekayədə sosial dram da var, psixoloji detallar isə daha qabarıqdır. Eyni zamanda melodram elementi və müəyyən sevgi xətti də yer alır. Gələcəkdə çox istərdim ki, musiqili film janrında işləyim. Melodram və musiqili filmlər mənim üçün çox maraqlıdır.
– Azbüdcəli filmlərdə yaradıcılıq daha çox sınağa çəkilir. Siz büdcə məhdudiyyətlərini necə aşdınız? Bu sizi yaradıcı azadlıq baxımından məhdudlaşdırdı, yoxsa əksinə?
– Mən həmişə az büdcə ilə film çəkmişəm. Büdcə az olanda rejissor istər-istəməz müəyyən çərçivələrə uyğunlaşmalı olur. Amma məhz bu çərçivələrin içində yaradıcı axtarışlar baş verir. Əgər yaradıcı şəxsin deməyə sözü və dünyagörüşü, visual duyumu varsa, az büdcə belə onun qarşısını ala bilməz. Kiminsə “büdcəm az idi, ona görə zəif film çəkdim” deməsi mənə inandırıcı gəlmir. Bu, sadəcə zəif işin bəhanəsidir. Eləcə də əksinə: “Böyük büdcəm var, yaxşı film çəkəcəm” – bu da heç nəyə zəmanət vermir. Çox büdcə sənə vizual keyfiyyət və yaxşı post-prodakşn verə bilər, amma yaradıcılıq tamam başqa şeydir. Yaradıcılıq üçün əsas olan sənin daxili dünyandır və bu, az büdcə ilə də mümkündür.
Müsahibəni aldı
Aynur Kazımova






