Amerika Kino Akademiyası Mükafatları (“Oskar”) üzrə Azərbaycan Film Seçimi Komitəsinin sədri kinorejissor Şamil Əliyevin aki.az-a bildirdiyinə görə “Tağıyev: Neft” filmi Azərbaycanın “Ən yaxşı beynəlxalq bədii film” kateqoriyasında 98-ci Kino Akademiyasının Oskar Mükafatına namizəd təqdim edilib.
Film “Bakı Media Mərkəzi” tərəfindən Heydər Əliyev Fondu, Azərbaycan Mədəniyyət Nazirliyi və Kino Agentliyinin dəstəyilə istehsal olunub. Ekran əsəri Azərbaycan iqtisadi və mədəni həyatında mühüm rol oynamış görkəmli neft maqnatı və xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin həyatını və irsini işıqlandırır. Filmin prodüseri Arzu Əliyeva, quruluşçu rejisoru Zaur Qasımzadədir.
Kino Sənəti və Elmləri Akademiyası (“Oskar” Akademiyası) “Ən yaxşı beynəlxalq bədii film” kateqoriyası üzrə uzun siyahını oktyabr, qısa siyahını dekabrda, əsas nominasiyaları isə 2026-cı ilin yanvarında elan edəcək. 98-ci “Oskar” Kino Akademiyası Mükafatlarının təqdimetmə mərasimi isə 2026-cı ilin martında Los-Ancelesdə keçiriləcək.