REJİSSOR TÜRKAN HÜSEYN: “İNSANLARI AĞLATMAQ GÜLDÜRMƏKDƏN DAHA ASANDIR”
Tamaşaçıların görüşünə Azərbaycan və Türkiyənin ortaq istehsalı olan yeni film – “Ölü Həsən” gəlir. “Ultra Production” və “Poetika Film” (Türkiyə) studiyaları, Azərbaycan Kinematoqrafçılar İttifaqı və İctimai televiziya ilə birlikdə filmin istehsalını reallaşdırırlar.
Prodüserləri Emil Nəcəfov, Pərviz Məmmədov, Əli İsa Cabbarov, ko-prodüserləri Emrah Kılıç və Sevinc Əliyeva, icraçı prodüserlərii Elməddin Alıyev və Duyğu Dəvəli olan filmin rejissorluğunu Türkan Hüseyn yerinə yetirir.
Birgə istehsal olunacaq ekran əsəri mistik realizm və dram janrlarının birləşdirilməsi əsasında ərsəyə gətirilir. Filmin ssenari müəllifi Türkan Hüseyn, həmmüəllifi İsmayıl İman, quruluşçu operatoru Vasif Vəlizadə, quruluşçu rəssamı Turan Yusifova, ikinci rejissoru Asif İsgəndərli, səs operatoru Emin Mahmudov, qafferi Əli Əbilov, fokus pulleri Ruhin Mirzəyev, qrim ustası Adilə Alıyevadır.
Filmin süjetinə görə, səhvən ölü bilinən Həsən gözlərini açır və kənd əhalisi onun mistik güclərə sahib olduğuna inanır. Hadisələrin sonrakı gedişatı Həsənin ətrafında cərəyan etməyə başlayır və ssenari bu mistik atmosfer əsasında inkişaf etdirilir. Eyni zamanda mistik realizmlə yanaşı film dram, triller və qara-yumor elementlərini də özündə birləşdirir.
Filmdə rollarda Qurban Əhmədov, Natavan Abbaslı, Qurban İsmayılov, Türkay Cəfərli, Orxan İskəndərli, Ülvi Həşim, Ramil Məmmədov, Mətləb Abuşov, Sevinc Əliyeva, Eltəkin Xan, Nigar Məmmədova, Əzizə Həşimli və Vaqif Kərimov çəkilirlər. Filmin kastinqi “Next Cast” Agentliyinə məxsusdur.
Çəkiliş prosesləri Şamaxı rayonunda, Bakının Qobustan, Zirə və Sahil qəsəbələri ilə yanaşı mərkəzi hissələrində də aparılır.
Filmə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Azərbaycan Kinematoqrafçılar İttifaqı (AKİ), İctimai televiziya və Özsüt restoranlar şəbəkəsi (ketrinq dəstəyi) tərəfindən dəstək göstərilir.
Xronometrajı 90-100 dəqiqə arasında olacaq film 13+ yaş kateqoriyası üçün nəzərdə tutulub. İstehsalı 2025-ci ildə başa çatacaq film əvvəlcə beynəlxalq festivallarda nümayiş olunacaq, daha sonra isə kinoteatrlarda tamaşaçılara təqdim ediləcək.
Filmin rejissoru Türkan Hüseyn dram və komediya janrları arasındakı fərqlə bağlı fikirlərini Kinoinfo.az saytının oxucuları ilə də bölüşüb: “Məncə, komediya çəkmək həmişə çətin olub. Çünki insanları ağlatmaq güldürməkdən daha asandır. 100-200 nəfəri eyni anda güldürmək böyük ustalıq tələb edir. Mənə elə gəlir ki, heç vaxt komediya filmi çəkə bilmərəm, çünki keyfiyyətli və gülməli komediya yaratmaq dramdan daha çətindir.”
Rejissor həmçinin çəkiliş prosesinin problemsiz keçdiyini, əsas çətinliklərin yalnız layihənin maliyyə dəstəyi və hazırlıq mərhələsində yaşandığını bildirdi.

































