Əsas ÜMUMİ PLANDA AZƏRBAYCANDA “DOLBY ATMOS” TEXNOLOGİYASI İLƏ İLK SƏS STUDİYASI FƏALİYYƏTƏ BAŞLAYIB

AZƏRBAYCANDA “DOLBY ATMOS” TEXNOLOGİYASI İLƏ İLK SƏS STUDİYASI FƏALİYYƏTƏ BAŞLAYIB

by editor

Azərbaycanın kino və televiziya sənayesində ilk dəfə olaraq Dolby Atmos texnologiyasına sahib səs studiyası fəaliyyətə başlayıb. “Dolby Atmos” səs texnologiyasında inqilabi bir yenilikdir. Ənənəvi stereo və ya 5.1/7.1 səs sistemlərindən fərqli olaraq, Dolby Atmos səsi məkanda sərbəst hərəkət etdirir və tamaşaçıya üçölçülü bir təcrübə təqdim edir. Əsas fərqləndirici xüsusiyyəti səs obyektlərinə əsaslanmasıdır. Yəni, səs mənbələri yalnız müəyyən kanallarla məhdudlaşmır; əksinə, hər bir səs mənbəyi müstəqil bir obyekt kimi mövcuddur və bu obyektlər məkan daxilində istənilən nöqtədə yerləşdirilə bilər. Misal üçün, tamaşaçı fırtınanın, partlayışın və ya yuxarıdan uçan təyyarənin səsini dəqiq məkansal koordinatlarla eşidə bilər. Bu texnologiya yalnız kinoteatrlarda deyil, həmçinin ev kinoteatrlarında, qulaqlıqlarda və hətta mobil cihazlarda belə istifadə olunur.

“NM” studiyası səs rejissoru Nadir Mahmudovun rəhbərliyi altında fəaliyyət göstərir. Nadir Mahmudov bir müddətdir kino sahəsində çalışır. O, “Nabat”, “21 ci möcüzə” filmlərinin, “Şeyx Sənan”, “Körpü”, “Əqrəb mövsümü”, “Vətəndaş A” və “Mən, Lalə və Şerlok Holms” seriallarının, Azərbaycanda ilk animasiya serialı olan “Adil və Hudhud”un, “Baharın oğurlanması”, “Narqız” animasiya filmlərinin və digər audiovizual əsərlərin səs rejissorudur.

Nadir Mahmudov studiyanın beynəlxalq Dolby standartlarına tam uyğun şəkildə təchiz edildiyini və sertifikatlaşdırıldığını qeyd edib. Studiyanın yaradıcı komandası səs dizaynı və miksaj üçün qabaqcıl texnologiya və proqram təminatlarından istifadə edir.

Nadir Mahmudovun rəhbərliyi altında bu studiya Azərbaycan audiovizual sektorunda keyfiyyət standartlarını yüksəltməyi hədəfləyir. Onun sözlərinə görə, Dolby Atmos texnologiyası ilə təchiz edilmiş bu studiya həm yerli istehsalçılara geniş imkanlar yaradır, həm də beynəlxalq bazarlarda rəqabət gücünü artırır.

Studiyanın əsas məqsədi yerli kino, televiziya və digər audiovizual məhsulları beynəlxalq keyfiyyət standartlarına uyğunlaşdırmaq və yaradıcı məhsulların təqdimatını yeni səviyyəyə qaldırmaqdır.

Əlaqədar Yazılar