Əsas ARKA-DAAZƏRBAYCANLI İŞTİRAKÇIDAN JIHLAVA FESTİVALI TƏƏSSÜRATLARI: “PAYIZ YARPAQLARI ARASINDA SƏNƏDLİ FİLMLƏRİN NƏFƏSİ”

AZƏRBAYCANLI İŞTİRAKÇIDAN JIHLAVA FESTİVALI TƏƏSSÜRATLARI: “PAYIZ YARPAQLARI ARASINDA SƏNƏDLİ FİLMLƏRİN NƏFƏSİ”

by editor

Kinoinfo.az saytının əməkdaşı, rejissor Aynur Kazımova iştirak etdiyi 29-cu Ji.hlava Beynəlxalq Sənədli Film Festivalı Akademiyasındakı təlimlərlə bağlı təəssüratlarını bölüşüb.

Azərbaycan Respublikası Kino Agentliyinin dəstəyi ilə mən 29-cu Ji.hlava Beynəlxalq Sənədli Film Festivalı Akademiyasında iştirak etdim. Festival Çexiya Respublikasının sakit, lakin mədəni enerjisi ilə dolu Jihlava şəhərində keçirilir. Ora Praqadan təxminən 1 saat 35 dəqiqəlik məsafədə yerləşir. Tarixi binaları, dar daş küçələri və payızın sarı-narıncı yarpaqları ilə Jihlava sanki filmlərin içində yaşamaq üçün yaradılmış bir şəhərdir. Hər il oktyabr ayında bu kiçik şəhər sənədli filmlərin paytaxtına çevrilir — dünyanın dörd bir tərəfindən gələn rejissorlar, prodüserlər, jurnalistlər və kino tələbələri burada toplanır.

Festivalın təsisçisi Marek Hovorka deyir ki, gənclik illərində sənədli filmlərə o qədər bağlı idi ki, bir vaxtlar özü rejissor olmaq istəyib. Lakin o dövrdə, Azərbaycanda olduğu kimi, Çexiyada da sənədli filmə qarşı münasibət bir qədər soyuq idi. O, bu boşluğu doldurmaq və sənədli filmə səs vermək üçün festival yaratmağa qərar verir. “İlk müraciətlər o qədər çox idi ki, başa düşdük: sənədli filmi sevən təkcə bir neçə gənc deyil,” – deyə Hovorka gülümsəyərək xatırlayır. Bu gün isə Ji.hlava sadəcə film nümayişləri ilə kifayətlənmir – təlimlər, diskussiyalar, akademiyalar və sənədli filmin gələcəyinə həsr olunmuş tədbirlərlə dolu bir mədəni platformadır.

Mən festivalın Akademiya proqramında iştirak etdim. Bu proqram sənədli film sahəsində öz səsini axtaran gənc rejissorlar üçün nəzərdə tutulub. Akademiyada iki əsas mentorla işlədik: filippinli rejissor, yazıçı, şair və musiqiçi Khavn De La Cruz və bosniyalı rejissor Una Gunjak. Khavn çox enerjili və sərhəd tanımayan bir sənətçidir. O, bizə haiku, sonet və rondel kimi poetik formalardan istifadə edərək film çəkməyi öyrətdi. Hər bir iştirakçı bu formalar əsasında qısa film çəkdi, onu montaj etdi və təqdim etdi. Onun dərslərində film poetik mətn kimi qəbul edilirdi — hər kadr bir misra, hər səs bir heca idi.

Una Gunjak isə bizə pitçinq (layihə təqdimatı) təlimi keçdi. Akademiyada hər kəs inkişaf mərhələsində olan filmini təqdim etdi, mentorlar və digər iştirakçılar isə filmlərin strukturuna, ideyasına, tonuna dair dəyərli qeydlər paylaşdılar. Hər bir rəy filmi bir az da aydınlaşdırır, bəzən isə yeni istiqamət açırdı.

Festivalın təşkili olduqca peşəkar idi. Akademiya iştirakçılarına həm kinoteatrlarda, həm də festivalın xüsusi onlayn platformasında filmləri izləmək imkanı yaradılmışdı. Bu, xüsusilə gərgin proqram zamanı çox faydalı idi — gün ərzində çəkiliş, montaj, dərslər və təqdimatlar arasında vaxt tapıb film izləmək üçün kompüter qarşısına keçmək böyük rahatlıq yaradırdı. Üstəlik, bu imkandan bir ay boyunca yararlanmaq olurdu. Festivalın detallara verdiyi diqqət xoş təəssürat buraxırdı: hətta enerji tükənəndə içmək üçün pulsuz kofe də təmin olunmuşdu.

Jihlava festivalı yalnız iştirakçılar üçün deyil, media nümayəndələri üçün də xüsusi şərait yaradıb. Onlar üçün ayrıca iş otaqları ayrılmışdı ki, orada rahat şəkildə məqalə yazsın, müsahibə alsın və festival təəssüratlarını bölüşsünlər. Şəhərin mərkəzində hər addımda festivalın rəngləri hiss olunurdu. Küçələr afişalarla, kataloqlarla dolu idi. Elə bil ki, şəhər bir aylığına festivala icarəyə verilmişdi. Mən o günlərdə dörd fərqli kinoteatrda film izlədim və hər biri fərqli atmosferə malik idi – biri qədim kilsə binasında, digəri müasir studiya şəraitində.

Festivalın market mərhələsində Azərbaycandan iki nümayəndə – Ələmdar Faiq Dadaşovrxan Cəfərli “Ümid bizi aparır” filmi ilə iştirak edirdilər. Onlar piçinqdən əvvəl beynəlxalq prodüserlərlə görüşlər keçirib filmləri barədə rəy və tövsiyələr aldılar. Bu, filmin təqdimatında onlara əlavə güvən qazandırdı. Ələmdar Faiq müsahibəsində bildirdi ki, artıq layihəsinə xarici prodüserin də qoşulmaq təklifi var. Bu cür platformalar gələcək əməkdaşlıqlar üçün real imkan yaradır.

Sənədli film yarışmasında isə Azərbaycanı rejissor Mətləb Muxtarov “Yaddaş sarayları” filmi ilə təmsil etdi. ARKA-nın dəstəyi ilə çəkilən film festivalda maraqla qarşılandı və tamaşaçılar tərəfindən yüksək qiymətləndirildi.

Ji.hlava mənə sənədli filmin əsl ruhunu hiss etdirdi. Burada film yalnız ekran əsəri deyil, həm də dialoqdur – müəlliflə tamaşaçı, keçmişlə bu gün, sənətlə həyat arasında qurulan dialoq. Festival göstərdi ki, sənədli kino hələ də düşündürən, təəccübləndirən və dəyişdirən qüvvəyə malikdir.

Azərbaycan kinosu üçün belə təcrübələr çox dəyərlidir. Bizim festivallar bəzən məhdud maliyyə resursları ilə keçirilir, amma bu, onları daha yaradıcı etməyə mane deyil. Sosial medianın gücündən istifadə etməklə festivallar daha geniş auditoriyaya tanıdıla bilər. Eyni zamanda kino sahəsində gənclər üçün təlimlərin, master-klassların və beynəlxalq mübadilələrin sayı artırılmalıdır.

Bu il Azərbaycan Kinematoqrafçılar İttifaqı danimarkalı təlimçi Tue Steen Müller ilə ssenari və sənədli film dramaturgiyası üzrə təlim təşkil etdi. Maraqlısı budur ki, Tue bu il Ji.hlava festivalında da münsiflər heyətində idi. Bundan başqa, AKİ hər il Oleq Səfərəliyevin ssenari dərslərini keçirir. Bu təşəbbüslər kino mühitinin inkişafı üçün vacibdir, lakin daha çox xarici təlimçilərin ölkəyə dəvət edilməsi və yerli gənclərlə birbaşa işləməsi çox faydalı olardı.

Festivalda keçirdiyim günlər mənim üçün həm peşəkar, həm də şəxsi baxımdan böyük təcrübə oldu. Ji.hlava yalnız filmlərin nümayiş olunduğu bir məkan deyil, həm də insanın sənətə olan inamını bərpa edən bir atmosferdir. Hər bir kadr, hər bir söhbət, hər bir fikir paylaşımı sənədli filmin nə qədər canlı və sərhədsiz olduğunu xatırladırdı.

Aynur Kazımova

Əlaqədar Yazılar