Əsas İRİ PLANDA CƏFƏR AXUNDZADƏ: ““KƏKLİKOTU” VIP ZALLARI DA DOLDURAN İLK AZƏRBAYCAN FİLMİ OLDU”

CƏFƏR AXUNDZADƏ: ““KƏKLİKOTU” VIP ZALLARI DA DOLDURAN İLK AZƏRBAYCAN FİLMİ OLDU”

by editor

Kinoinfo.az “Cinemazadeh” şirkətinin direktoru, prodüser, rejissor Cəfər Axundzadə ilə müsahibəni təqdim edir.

Azərbaycan filmlərinin yüksək bilet satışı qazanması üçün bu üç amildən hansı əsasdır: ssenari, ulduz yoxsa aktyor və prodüser?

– Hər şey. Filmin keyfiyyətinə hər şey daxildir. Ulduz aktyor niyə populyar ulduz olur? Yəqin ki, rolunu yaxşı oynayır və həm də istedadlıdır. Prodüserinsə təbii ki, öz yeri var. Amma bəzən görürük ki, keyfiyyətli filmə prodüsersiz də baxılır. Məsələn biz “Zona” filmini istehsalata buraxanda bunun şahidi olmuşuq. “Kəklikotu”, “Qış nağılı”, “Qış nağılı-2” filmlərimizlə müqayisədə “Zona”ya prodüser üçün çox pul xərcləmədik. Amma filmə izləyici rəğbəti böyük oldu.

– “Kəklikotu” filmi yüksək reyting qazandı. Bu uğurunuzun səbəblərini açıqlaya bilərsinizmi?

– Keyfiyyətli iş görmək istədik. Mən elə həmin il Moskvadan qayıtmışdım. On altı il ərzində Azərbaycanda deyildim. Filmə başlamaq istəyəndə hamı deyirdi ki “burada başqa cürdür, başqa filmləri sevirlər tamaşaçılar. Ağlın Moskvaya getməsin. Tutmayacaq, alınmayacaq”. Onlara cavab olaraq ancaq bunu dedim ki, “əlavə heç nə etməyəcəyik, eyni formada, sadəcə indiyədək olan işlərdən bir qədər keyfiyyətli çəkəcəyik”. Yəni, sadəcə olaraq bu filmə keyfiyyətli çəkilişlər niyyəti ilə yanaşdıq. O vaxt kommersiya filmləri bir o qədər də çox deyildi. Bir-iki film çıxmışdı. Mən də elə onları nəzərə aldım. Potensialı gördüm və tam əmin oldum ki, ortaya keyfiyyətli bir iş çıxara bilsək, mütləq tamaşaçılar gəlib baxacaqlar. Bir də mən kinoteatrda işləyirdim axı. Hər zaman müşahidə aparırdım ki, gəlib-gedənlər nə istəyir, daha çox nəylə maraqlanırlar. Onu da yəqinləşdirdim ki, camaatımız bizlərdən ana dilində kino istəyir. Çünki böyük bir nəsil rus dilini bilmir. Burada qəribə bir şey yoxdur. Onlar savadsız deyillər. İngilis dilini, fransız dilini bilirlər, amma rus dilini bilmirlər. Bir də ki, bu məsələnin spesifikası var. Ümumiyyətlə bütün dünyada yerli filmlər həmişə birinci yerdədir. Hər ölkə, hər xalq birinci öz dilində filmə baxmaq istəyir. Onlar daim belə bir axtarışda bulunurlar.

– Sizin rejissorluq etdiyiniz  və ssenarisini yazdığınız “Dmitrov küçəsi 86” fikrimcə uğurlu melodramdır. Sizcə niyə bizim kinoda komediyaya üstünlük verilir?

– Bizim böyük problemimiz əhali sayının az olmasıyla bağlıdır. Cəmi on milyonuq. Bakı olsun milyon yarım. İndi buradan təqaüdçünü, əlili, uşağı çıxsaq, yerdə nə qalır? Çox az bir kütlə. Kinoteatrlarsa sadəcə Bakıdadır. Məsələyə kompleks yanaşsaq, ümumiyyətlə dünyada birinci yerdə komediya filmləri dayanır. Səbəbi çox sadədir. Çünki camaat daha çox əylənmək üçün filmlərə tamaşa etməyə gəlir. Sonrakı yerləri melodram, qorxu filmi, dram bölüşdürür. Hərəsinə bir az düşür. Əhalisi böyük ölkə, məsələn, Türkiyəni götürək. Orada əhalinin sayı 80 milyondur. Drama az pay düşsə də, tamaşaçı çoxluğunun hesabına bu janr da öz pulunu çıxara bilir. Bizdə isə, məsələn, bu günə kimi ən çox baxılan film “Kəklikotu”dursa, onun tamaşaçı sayı da heç 170 min nəfərə çatmayıb. Yüz altmış mindən yuxarı tamaşaçı baxıb bu filmə. Nədir ki bu? Onu bölsək drama, nə qədər düşəcək? Heç bir şey. Pulunu da çıxara bilməyəcək. Türk dilli film olanda bunun coğrafiyası böyüyür. Türk dilində filmlər Türkiyədən başqa Avropada da izlənilir, baxılır. Almanya və Fransa kimi ölkələrdə onların filmləri elə doğma türk dilində nümayiş etdirilir. Rus dilində film istehsal olunanda isə rus dilli ölkələrdə daha çox izlənilir. Müharibəni nəzərə almasaq, Ukrayna, Belarus, Azərbaycan, Qazaxıstan, yəni bütün post-Sovet coğrafiyası belə filmlərin izlənilən məkanıdır. Azərbaycan dilində filmlərə isə ancaq biz özümüz, yəni çox kiçik bir kütlə tamaşa edir. Ona görə bizim bir yolumuz qalır: bacardıqca daha çox müştərək filmlər çəkmək. Mən “Cinemazadeh”in Türkiyə ilə “Çat kapı aşk” filmini çəkməsinə nail oldum. Bu işi davam etdirməyi planlaşdırmışdıq. Lakin pandemiyaya görə irəliyə apara bilmədik.

Azərbaycan kinosunun inkişafı üçün ilk üç addım nə olmalıdır?

– Bizim kinonun inkişafı üçün çox şey lazımdır. Ən birincisi, əlbəttə ki, peşəkar kadrlar. Onlar yox dərəcəsindədir ölkəmizdə. İstər prodüser, istər rəssam, istər operator olsun, hərəsindən ancaq bir-iki nəfər var. Rusların həmkarlarla ilgili maraqlı bir deyimi var. Deyirlər mərhumlar haqqında danışanda ya gərək yaxşı şeylər deyəsən, ya onu da deyə bilmirsənsə gərək heç bir şey deməyəsən…

– Belə bəhanələr var ki, tamaşaçı səviyyəli yumora hazır deyil…

– Xeyr. Onu kim deyir? Bilirsiniz necədi? Zəmanə də dəyişir. Məsələn, mən qızımla oturub bir köhnə filmə baxıram. Mən güldüyüm şeyə o gülmür. Yəqin ona maraqlı deyil. Çünkü o, artıq başqa nəsildir. Məsələn, mən “12 stul”a baxıram, yüz dəfə baxıram, yenə də gülürəm. Amma o mahiyyəti bilmədiyi üçün söhbətin nədən getdiyini başa düşmür. Normaldır bu.

Onu da deyim ki, mən çalışmışam filmlərimdə qurşaqdan aşağı zarafatlar minimum həddə olsun. Amma deyim ki, onlar yüksək intellektual yumordur, yox, o da deyil. Sadəcə insanların əylənməsi üçün yazılan komediyalardır.

– Sizcə prodüser tamaşaçının zövqünü formalaşdırmalı, ya tamaşaçının tələbatına tabe olmalıdır?

– Tamaşaçının zövqünü elə televiziya, kino formalaşdırır. Əslində heç tamaşaçının zövqü də pis deyil. Sadəcə tamaşaçıya bunu vermişik. Başqa bir şey verdik ki, deyək bəyənmədi? Başqasını veririk, onu da bəyənir. Mən çəkdiyim heç bir filmə görə utanmıram. Nə “Kəklikotu”,  nə “Qış nağılı”, nə “Zona”,“Çat kapı aşk”. Heç birinə görə utanmıram, hamısını da keyfiyyətli film sayıram. Məncə çəkdiyimiz filmlər çox filmlərdən fərqlənir. Tamaşaçı sarıdan da ən çox baxılan filmlərdir. Deməli, yaxşı, keyfiyyətli iş təqdim edəndə gəlib baxırlar.

Cinemaplus-da VIP zallar var və oranın bilet qiyməti iki dəfə bahadır. Biz o zallarda Azərbaycan filmlərini nümayiş etdirmirdik. Nümayiş etdirəndə də heç vaxt gəlmirdilər. VIP zala gələn adamlar Azərbaycan filmlərinə baxmırlar. “Kəklikotu” ilk Azərbaycan filmiydi ki, VIP zalları doldurdu. Ekonom zallar da doluydu. Hətta sizə deyim ki, kassadan oturacaq satırdılar. Adamlar vardı pul verirdilər ki, qoyun pilləkəndə oturub tamaşa edim. Deyirdik “sabah gəlib o biri seansa baxarsınız”, deyirdi “stul ver burada oturacağam”. Onu özüm görmüşəm. Eyni zamanda hər təbəqədən olan insanlar vardı “Kəklikotu”nun tamaşaçıları arasında. Naxçıvanda qala keçirdilər. Film artıq bitirdi, ancaq o qədər millət yığılmışdı ki, pilləkənlər də doluydu.

Bu yaxınlarda, haradasa bir həftə bundan əvvəl Buzovnada “Qış nağılı” nümayiş etdirildi. Camaat yığılıb gəlmişdi. Gördüm çox fərqli insanlar var. Artıq prokatda da olmuş bu filmin bileti ucuz da deyildi, haradasa 20-25 manat idi. Amma yenə baxırdılar. Əvvəlcə birinci bölümə, səhərisi gün ikinci bölümə tamaşa edirdilər. Çox fərqli insanlar idi. Sonda gəlib “çox sağ olun” dedilər. Mən gəldim iki günün ikisində də oturdum kənarda. Aktyorlar Elməddin Cəfərov, Kəmalə Piriyeva, Elcan Rəsulov, Elvin İbrahimzadə də gəlib gördülər ki, yaxşı işə camaat baxır. Demək, deyə bilmərik camaatın zövqü pisdir deyə biz də pis film çəkirik. Yox, sadəcə biz nə veririksə, ona da baxırlar.

– Prodüserlik etdiyiniz filmi necə seçməyiniz də maraqlıdır…

– Əgər kənardan ssenari və ya ideya təklif olunursa, təbii ki o ssenarini və ya o ideyanı oxuyuram. Amma əsasən çəkdiyimiz filmlər öz ideyalarımız əsasındadır. Lakin “Kəklikotu” filminin ideyası Ənvər Abbasova məxsusdur. Onu qəbul etdikdən sonra isə ssenarini özümüz yazmışıq. “Çat kapı aşk” isə türk ssenaristlərinin ideyası idi. Amma “Zona”, “Qış nağılı” öz ideyalarımız olub. Dram da çox çəkmək istəyərdim. Ümumiyyətlə, komediya çəkməyi düşünmürdüm, ağlıma belə gəlməzdi. Qorxurdum. Ona görə ki, çətin janrdır. Fikrimcə, komediya çəkmək çox çətindir. “Kəklikotu”nu məcbur çəkdim. Ondan sonra nə baxılır, onu çəkirik. Təbii ki, istədiyim ideyaları həyata keçirmək istəyərdim.

– Hansı janrlarda film izləməyi sevirsiniz?

– Fərqli janrlarda film izləyirəm. Əsas odur ki, film keyfiyyətli olsun. Lakin son zamanlar nadir hallarda film izləyirəm. İndi buna hövsələm çatmır. Əvvəllər günə 8-9 film izləyirdim, indi isə birinə güclə baxıram.

– Sevdiyiniz üç film hansıdır?

– Sevdiyim üç film? Yox, onların sayı azdır. Bəlkə sevdiyim rejissorları deyim? Məsələn, Luis Bunuel, Tarantino və Vaqif Mustafayev.

– Xarici ölkələrlə müştərək filmlər çəkməyin vacibliyini vurğuladınız. Bu fikir konkret planınlara əsaslanırmı?

– Hal-hazırda belə bir fakt yoxdur. Amma istəyərdim olsun. Biz Türkiyədə bir film çəkdik. Bu filmdə Elməddin Cəfərov, türk aktyorlardan Müge Boz, Ces Molho, İbrahim Selim, Nərgiz Kumbasar çəklilmişdi. Türkiyədə film çəkilməsinin bəzi üstünlüklərini yuxarıda söylədim. Digər üstünlüklərsə filmin kinoteatrlarda nümayişi, televiziya kanallarının onu pul verib alması və sairədir. Sənədlə verib üç dəfə göstərir, amma sonra yenə sata bilirsən. Bundan başqa Blu tv və Netflix kimi digital platformaları var. “Cinemazade” ilk və yeganə Azərbaycan şirkətidir ki, layihəsini  – “Çat kapı aşk” filmini  həm Amazona, həm də Netflixə satmışdı. Filmi Türkiyənin Fox kanalına satmışıq. Hətta “Qış nağılı” filmi də Avropada göstəriləcəkdi, pandemiyaya görə dayandı. Netflixlə də razılaşmışdıq, Avropa prokatı da hazır idi, artıq subtitrlərin hazırlanması prosesinə başlamışdıq. Təəssüf ki, film koronavirus pandemiyası səbəbindən heç Türkiyədə belə prokata çıxa bilmədi. Onu bəlkə bu il çıxara biləcəyimizə ümidliyik.

Əlaqədar Yazılar