Kinoinfo.az “Azərbaycan Kino Mərkəzi”nin təsisçisi, prodüser, rejissor Orxan Mərdanla müsahibəni təqdim edir.
– Filmlərinizə öz vəsaitinizlə paralel iş adamlarının da vəsaitini cəlb edirsiz. İş aləmi ilə tanışsınız. Azərbaycanın iş adamlarını kinoya yatırıma nə sövq edə bilər? Məsələyə kompleks yanaşsaq, sizcə yatırımların azlığına səbəb qanunlardır, yoxsa iş adamlarının mədəniyyətə meylli olmaması?
– Qanunlarla bağlıdır. Ümumiyyətlə, müxtəlif biznes adamlarının kinoya inteqrasiya olunmamasının təməlində qanun dayanır. Gəlin sadə bir müqayisə edək. Hazırda Azərbaycana Çin avtomobillərini daşıyırlar. Amma onların gətirilməsi fərqli investorların hesabına baş tutur. Səbəb birdir. Gömrük güzəştləri var və bu əsnada da bazar tələbatları formalaşmağa başlayıb. Daha az investisiya ilə daha böyük gəlir əldə etmək mümkündür. Tutaq ki, normalda bir avtomobili gətirmək 50 minə başa gəlirdisə, indi 50 minə iki avtomobil gətirmək mümkündür. Kinoda da məsələ eynidir. Biz kənar investorları, yəni fərqli biznesmenləri kino sahəsinə cəlb etmək üçün hər şeydən öncə yaxşı dövlət güzəştləri əldə etməliyik. Güzəştlər bütünlüklə tətbiq olunsa, eyni zamanda da böyük marketlər yaransa, nəticədə kinoteatr şəbəkələri regionallaşmağa başlayar və biz rahatlıqla investorları kinoya cəlb edə bilərik.
– Bilet satışına təsir edən əsas amillər sırasında marketinqin və prodüserlərin də rolu var. Prodüserlərimiz bu sahəyə az vəsait ayırırlar. Səbəb maliyyəsizlik, ya bu sahəyə lazımınca əhəmiyyət verilməməsidir?
– Yox, əslində beynəlxalq standartlarda istehsalçı prodüserliklə məşğul olmur. İstehsalçının işi istehsal etməkdir. Bunun üçün o, bazarı araşdırmalı, araşdırma nəticəsində həmin dönəmdə tamaşaçının psixoloji, sosioloji vəziyyətini nəzərə almalı və buna əsasən istehsalın konturlarını müəyyənləşdirməlidir. Beynəlxalq standartlarda prodüserliklə məşğul olan ayrıca bir qurum var. Bu, əsasən distribütor şirkətinə maraqlıdır ki, filmin daha yaxşı prodüserliyi nəticəsində şirkət daha çox faiz qazanmaq şansına sahib olsun. Bizdə hələ ki, distribütorluq tamamilə formalaşmayıb deyə, istehsalçı dolayısı ilə prodüserliyi də öz üzərinə götürməyə çalışır. Lakin onun da büdcəsi böyük həcmdə istehsala zorla çatdığı üçün prodüserlikdə maliyyə qısaltmalarına gedə bilir. Amma nəzərə alsaq ki, ölkəmiz balacadır və bizim ölkə üçün elə də böyük prodüser pullarına ehtiyac yoxdur, o zaman yaxşı fikirləşilmiş strategiyayla daha yaxşı nəticələr əldə edə bilərik.
– Ssenari, ulduz, prodüser… Bu üç faktoru vacibliyinə görə faizlərə bölsək, satışlara hansı amil daha çox təsir edir?
– Bir filmin yaxşı alınması üçün hər şeyə diqqət edilməlidir. Eləcə yalnız ssenari yaxşı olsun və yaxud da yalnız aktyor yaxşı olsun düşüncəsi ilə yanaşsaq, bunun güclü rezonansı ola bilməz. Faiz meyarı ilə onların ölçüsü ümumiyyətlə mümkün deyil. Bilirsiniz, əslində məsələ necədir? Məsələn, çox yaxşı aktyoru pis bir ssenaridə oynatmaqla uğursuzluğa düçar ola bilərik. Yaxud çox yaxşı ssenarimiz olar, amma aktyor/aktrisalarımız ona uyğun gəlməz, yenə də uğursuzluqla üzləşərik. Bir layihənin ərsəyə gəlməsi üçün şəxsən mən nəinki ssenari, hətta ssenarini çəkəcək rejissordan tutmuş həmin hekayədə hansı aktyorun bu personaja uyğunlaşıb-uyğunlaşmayacağını da saatbasaat, günəbəgün hesablayıb analiz edirəm. Məsələn, mənim son filmimdə ölkənin beş məşhur aktyoru oynayır. Amma gəlin razılaşaq ki, bəzən məşhurluq da işin xeyrinə yaramır. Bir sözlə, hər şey düz hesablanıb, dəqiqliklə nəzərə alınmasa, uğur əldə etmək mümkün olmur.
– Bölgələrdə filmlərinizin nümayişlərinə diqqət ayırırsınız. Zalların kinoteatral nümayişə adaptasiya edilməsi təklifini də vermisiniz. Bölgə tamaşaçısının milli filmlərin seyrçisi kimi potensialını paytaxt əhalisi ilə müqayisədə necə görürsünüz?
– Ümumiyyətlə Azərbaycanın hər şeyi regionlardan ibarətdir. Azərbaycanın total mövcud sənət statusunu regionlar müəyyənləşdirir. Bizim üçün bayağı səslənən musiqi və ya sənət növləri var ki, onlar məşhurdurlar. Bu məşhurlaşmanın bazasını region əhalisi formalaşdırır. Mənim istədiyim odur ki, biz regionlarda yaşayan insanların sosial-mədəni inteqrasiyasiyasını təmin edək. Onlara çox minimal məbləğlərlə mədəniyyətin müxtəlif sahələrini təşviq edək. Nəticədə onlar çayxanadan, parkda qısa gəzintidən, yaxud passiv həyat tərzindən bir qədər uzaq duracaqlar. Bu ideya ilə çıxış edəndə mənə demişdilər ki, bizim orada teatrlarımız var, amma ora gedən yoxdur axı. Bilirsiniz, teatr kinodan bir az fərqlidir. Kino hər il yenilənən və təkcə bizdən ibarət olmayan bir sahədir. Kinoteatrlar işləsə, orada təkcə Azərbaycan filmlərinə baxılmayacaq. Türk, rus, amerikan və yaxud da müxtəlif Avropa ölkələrinin istehsal etdiyi filmlərə də baxılacaq. Əhali sosial mediadan gündəlik o filmlər barədə məlumat ala bildikləri üçün istər-istəməz onlarda o filmlərə baxmaq üçün kinoteatrlara getmək fikri formalaşacaq, ənənə yaranacaq. Təəssüf ki, 2024-cü ildə biz hələ də səyyar maşın prinsipi ilə kino göstəririk. Görünən odur ki, rayonlarda tamaşaçıların bu məsələlərə böyük marağı var. Hətta mən bununla bağlı biznes-təklif də yazıb göndərdim. Yaxın iki il ərzində regionlardan daha çox maddi gəlir əldə edə bilərik. Hətta regionlar bizim filmlərin bütöv büdcəsini bağlaya bilər. Bax, region əhalisi o dərəcədə həvəslidir film izləməyə.
– Orxan bəy, sirr deyilsə, prodüserlik etdiyiniz filmləri necə seçirsiniz? Layihəni hansı mərhələdə təsdiq edirsiniz: sinopsis mərhələsində, ya ssenari hazır olandan sonra? Pulu və vaxtı xərcləyə biləcəyinizi dəqiqləşdirəndə necə, bu zaman hansı kriteriyalar əsasında son qərarınızı verirsiniz?
– Mən inandığım hekayələrin üzərində işləyirəm. Cəmi bir dəfə belə olub ki, kənardan yaxşı hekayə gəlib məni həvəsləndirib və bunu çəkmişik. O da Emilin “İkinci pərdə” filmi idi. Onun heç ssenarisi də yox idi. Fikir səviyyəsində idi. Amma çox cəlbedici görünürdü.
– Sovet dövründə prokatda melodramlar da gəlir gətirirdi. “Zəhər tuluğu” və “Səma ilə görüş”də də sosial dram və melodram elementləri var. Amma ümumilikdə Azərbaycan tamaşaçısını zallarda ağladaraq yüksək satış nümayiş etdirən filmlərin ərsəyə gəlməsi üçün nə lazımdır?
– Məsələ burasındadır ki, xalq, kütlə onsuz da öz həyatının müəyyən bir hissəsini sosial dramın içində yaşayır. Çıxaq çöldə bir sorğu keçirək. İnsanlar “Yol əhvalatı”, “Bəyin oğurlanması”, “Bəxt üzüyü” kimi üç filmin adını çəkəcək. Daha sonra əlavə olunacaq “Babək”, “Nəsimi”, bir də “Fəryad”. Dünyada da belədir: potensial tamaşaçı ya gülməyə, ya kədərlənməyə, ya əsəbiləşməyə, ya qorxub-qorxutmağa üstünlük verəcək. Biz indi qorxu kimi janrlarda filmlər çəkə bilmirik. Çünkü bizdə qorxu janrları əsasən daha çox dini motiv üzərində qurulmalıdır. Bu zaman da dini təbliğat kimi məsələlər ortaya çıxır. Ona görə də biz qorxu filmlərindən uzağıq. Belə olanda əlimizdə nə qalır? Qəhrəmanlıq? Ona büdcəmiz çatmır. Hal-hazırkı vəziyyətdə nə tarixi, nə müasir, nə müharibə filmləri çəkmək mümkün deyil. Əlimizdə ya melodram, ya da komediya qalır. Komediyanın da fərqli yanaşmaları var. Komedyalarda daha çox biz sözlü zarafata keçirik. Ona görə ki, bizim tamaşaçılar da “KVN”-dən qalma tamaşaçıdır. Azərbaycanda Şən və hazırcavablar klubu olub. Azərbaycanın ən fəxr olunası 15 nəfər komik adamları oradan çıxıb. Hələ də onların qırx ildir göstərdiyi konsertlərə həvəslə gedib baxırıq. Çünki bu məktəbdir. Biz bəzi filmlərimizdə bu situativ komedyalara keçid etməyə çalışmışıq, lakin onun tamaşaçılar tərəfindən geridönüşü qaneedici deyil. Çünki tamaşaçı eşitmək və o zarafatın nəticəsində gülmək istəyir. Amma komediya çəkməyək, hamımız ağlaşma çəkək deyə bir anlayış da yoxdur. Bunun nəzəri qrafası belə qurulub. Tamaşaçı gördüyü və ya eşitdiyi hekayədən bir hiss əldə etməlidir. Maliyyə çoxaldıqca biz istənilən fərqli janrlara keçid edə bilərikmi? Edə bilərik, niyə etmirik ki? Məsələn İctimai TV fərqli janrlarda seriallar çəkir və tamaşaçılar onların hamısına baxır. Biz axı dövlət deyilik ki, bizim eksperiment aparmaq kimi şansımız da olsun. “İkinci pərdə” filmi eksperimental olsa da, zərər etmişik. Amma “Zəhər tuluğu” filmi kimi daha yavaş, dodaq tərpədən gülüş üzərində qurulmuş, çox dramatik finala doğru gedən, faciəvi sonluqla bitən bir hekayə strukturuyla izləyici diqqətini cəlb etmişik. Lakin bunu hər dəfə etmək olmur.
– Hansı janrda filmlər izləməyi sevirsiniz?
– Mən avtobioqrafik hekayələri izləməyi sevirəm. Bir insanın, ya da tarixi bir dönəmdə kiminsə başına gəlmiş hekayələrdən ibarət süjet üzərində çəkilmiş film izləyəndə mənə daha maraqlı gəlir.
– Nəzəri olaraq 6 milyonluq fondun idarəçiliyinin sizə verildiyini təsəvvür edək. Kinonun hansı istiqamətlərinə yatırım edərdiniz: yayıma, istehsala, təhsilə ya festivallara?
– Gəlin məsələyə elə baxmayaq. Yəni mən özümü orda təsəvvür etməyim, amma doğru bildiyimi deyim. Doğru bildiyim odur ki, Azərbaycan kinoya pul ayırmağı tərgitməlidir. Ümumiyyətlə istehsala pul ayırmaq deyə bir şey ola bilməz. Dövlət istehsalçı olmamalıdır. Dövlət istehsalçıdır deyə Azərbaycan kinosu bu gündədir. Dövlət pulu verən tərəfdir. Aydın məsələdir ki, pulu verən tərəf kaprizləri həmişə özü müəyyənləşdirir. Hətta adam doğma valideynindən də pul alanda qarşılığında valideyn də səndən yaxşı oxumağı, dərsə davamiyyətli olmağı tələb edir. Etməyəndə pulunu kəsir. Bu yanaşma bitməsə, hara istəyirsiniz pul xərcləyək inkişaf olmayacaq. Ölkədə hər il kino çəkmək istəyən insan doğulur, böyüyür və o arzu ilə yaşayır. Dövlət il ərzində on rejissora pul vermək istəsə, yerdə qalan əlli rejissor şikayət edəcək ki, nə oldu yenə bunlar çəkdi. Ona görə də mənim inandığım budur ki, dövlət yaxşı bir struktur qurmalıdır. Güzəştlər tətbiq etməli və imkan verməlidir ki, kino işində var olmaq istəyən insanlar ora yatırımlar qoysunlar. Ondan sonra artıq dövlətin altı milyonuna ehtiyac olmayacaq. Kinonun hər istiqaməti o qədər bərəkətli, gəlirli sahədir ki, mən inanmıram belə infrastruktur qurulacağı təqdirdə Azərbaycanda kino işiylə məşğul olub yaxşı yaşamayan adam qalsın. Olacaqsa, o ya tənbəldir, ya da həyata başqa cür baxır. Əsas infrastruktur qurulmalıdır, vergi güzəştləri tətbiq olunmalıdır. Mümkündürsə, əllərindəki o altı milyonun çox hissəsini regionlarda kinoteatrlar açmağa sərf etsinlər. O daha ağlabatan bir addım olardı. Yoxsa müsabiqə elan etməklə vəziyyətin düzəlməsi… Mən ömür boyu müsabiqələri boykot etmişəm. Mən neçə ildir bu işin içindəyəm, heç vaxt Mədəniyyət Nazirliyinin rəhbərliyində kimin təmsilçiliyindən asılı olmayaraq istənilən dönəmdəki müsabiqələrə qatılmamışam. Tək səbəbim budur ki, əgər müsabiqədirsə, hamıya ədalətli yanaşılsın. Demirəm ədalətsiz yanaşırlar, amma yanaşma belədir ki, məmur istəyəndə müsabiqədən kənar hər hansı bir layihəni öz zövqünə uyğun maliyyələşdirə bilir. Mənim müsabiqələrdən imtina etmə səbəblərimdən biri budur. Gələn məmurun həyat eşqinə görə biz öz istehsalımızı və karyeramızı qura bilmərik. Məmurun oradaki hüquqi normativlərə arxalanma və ya arxalanmama istəklərinə görə biz bu işlərlə məşğul ola bilmərik. Çox qısa deyəcəm. Hər dəfə keçirilən müsabiqə var, müsabiqədə qaliblər var, amma müsabiqədən kənar məmurun özünün ödədiyi pullar da var. Misal üçün istəyir ki, filankəs çəksin. Bunu indi də edirlər, bundan öncəki dönəmdə də elə idi. Yəni, ya bu müsabiqə olacaq, başqa heç kim də udmayacaq, hər şey ədalətli olacaq, ya da çıxsınlar desinlər ki, mən ürəyim kimə istəyir, pulu ona verirəm. Əvvəlki iki nazirin dönəmlərində necə idi? Pulu kimə istəyirdilər, ona da verirdilər. Hamı da başa düşürdü ki, pul onlardadır. Birtəhər gedib ala bilirdilərsə alırdılar, ya da ala bilmirdilər. İndi yanaşmaları odur ki, biz müsabiqə edirik, amma hansısa məmur müsabiqədənkənar da kimə istəsə film vermək iqtidarında hiss edir özünü. O, inanır ki, buna qadirdir. Elə bir şey ola bilməz. Məmur hər dəfə yerini dəyişən, bu kresloda əbədi oturmağa məhkum olmayan bir şəxsdir. Onun kino istehsalı üçün özünün individual qərar vermək şansı ola bilməz. Mən ona görə əvvəldən sizə dedim ki, özümü orada təsəvvür ermək istəmirəm. Çünki onu təsəvvür etmək belə adam üçün təhlükəlidir. Sadəcə oturum orada iki min, üç min maaş alım və düşünüm ki, əşşi, kinodur da, hara qədər gedər, gedər. Elə deyil. Bu bir mənəvi məsuliyyətdir. Bu mənəvi məsuliyyəti vicdanla, ləyaqətlə icra etmək lazımdır. Məsələ bundadır.
– Qırğız kinosunda pul çox azdır. Amma istehsal həcmləri böyükdür, xüsusilə qısametrajlıların. Tammetrajlılarının da büdcəsi çox olmur, festivallarda da çox aktivdirlər. Bizdə kino söhbəti bir qayda olaraq pul söhbətidir, azdır və ya düz istiqamətə xərclənmir? Kinomuzun bütün problemlərini həll edəcək dərman həqiqətənmi ancaq maliyyədir?
– Məni çox incidən sözlərdən biridir bu. Biz son dönəmlərdə belə müqayisələrə başlamışıq. Müxtəlif paylaşımlar, köşə yazıları oxuyuram qırğız kinosunda belə etdilər, qazax kinosunda elə etdilər. Biz nə vaxtdan qazax kinosu ilə müqayisə olunacaq vəziyyətə gəldik?! Hamı deyir ki, Özbəkistan kinematoqrafiyasının illik 30 milyon büdcəsi var. Bu yaxşı şeydirmi?! Özbək kinosu var? Sizin özbək kinosu haqqında məlumatınız varmı? Qazax kinematoqrafiyası nə vaxtsa “Tomris” deyə bir filmin çəkilməsi üçün 40 milyon pul xərcləyib. Budurmu kinematoqrafiya?! Deyil əslində. Mən sizə Qazax kinematoqrafiyasının son iki ildə istehsal etdiyi filmlərin arxivini verə bilərəm. Onların biri belə bizim ən zəif filmimizə çatmır. Hamısı da özəl sektorun hesabına çəkilib. Qazaxıstan kinematoqrafiyası nə qədər irəliləyə bilibsə, bu özəl sektorun hesabına mümkün olub. Qazaxıstanda hər iki kvartaldan birində kinoteatr var. Qazaxıstanda hər qapının ağzında bir proyektor var. Qazaxıstanda kino çəkəndə dövlət sənə güzəşt edir. Sistem var, struktur var. Heç olmasa qazaxlarla müqayisə edək. Qırğızıstan barədə təzə eşitməyə başlamışıq. Qırğızıstanın qısa və ya tammetraja çox pul verməsi məni narahat etmir. Qırğız dövləti bilər, xalqı bilər. Onun mənə nə aidiyyatı var.
Bu elə bir şeydir ki, sən daxildə hər şeyi düzəltməsən, məktəbin düz formalaşmasa, sistem düz işləməsə, bu pazllar yerinə oturmasa, qırğız kinosunda olduğu kimi biz də pullarımızı məsrəf edib eyni nəticəni alacağıq. Bir-iki nəfər əgər bacaracaqsa, gedəcək festivala həyatını dəyişəcək, oradan da çıxıb gedəcək xaricə. Bizim kino isə mənim kontrabasda tək çalmağım kimi bir şey olub qalacaq…
Müsahibəni aldı: Aynur Kazımova