2026-cı ildə Kinobiz Film tərəfindən istehsal olunan yeni qısametrajlı bədii film üzərində son tamamlama işləri aparılır. Dram janrında çəkilən və 23 dəqiqə davam edən ekran işi 12+ yaş kateqoriyasına uyğun nəzərdə tutulub. Filmin çəkilişləri Füzuli rayonunun Zobucuq qəsəbəsində, eləcə də azad olunmuş Füzuli və Cəbrayıl rayonlarında həyata keçirilib ki, bu da ekran işinə həm vizual, həm də emosional baxımdan xüsusi dəyər qatır.
Filmdə əsas rolları Loğman Kərimov, Rövşən Ağayev və Güşvər Şərifova canlandırırlar. Layihənin quruluşçu rejissoru və ssenari müəllifi Elşad Ərşadoğludur. Təsvir rejissoru kimi Vasif Vəlizadə çıxış edir, quruluşçu rəssam işi isə Arif Niftiyevə məxsusdur. Montaj rejissoru Ağarza Əsgərov olan filmin rejissoru eyni zamanda aktyor heyətində də yer alan Rövşən Ağayevdir. Layihənin redaktoru Yusif Şeyxov, rejissor assistenti Elşən Budaqov, səs rejissoru Hafiz İbrahimli, xətt prodüseri Elnur Cəbrayılov, icraçı prodüseri Abbas Quliyev, prodüseri isə Ramil Ələkbərovdur.
Filmin rejissoru və ssenaristi Elşad Ərşadoğlu kinoinfo.az saytının suallarını cavablandırıb.
“İşıq” adı çox metaforik səslənir. Bu ad filmdə hansı mənanı daşıyır və tamaşaçıya hansı əsas mesajı ötürməyi hədəfləyir?
“Işıq” anlayışı burada çox geniş götürülür. Ümumiyyətlə, filmin ideyası odur ki, dünyanın ən böyük problemi insanların içindəki işığın azalmasıdır. Baş verən müharibələr də bununla bağlıdır. Bəşəriyyətin bütün bəlası insanların daxilindəki işığın azalmasıdır. Bu film də işıq axtaran insanların hekayəsidir. Burada təkcə fiziki yox, mənəvi işıqdan söhbət gedir. Filmdə işıq paralelləri çoxdur, ümumilikdə ekran işi bu anlayış üzərində qurulub və simvollara əsaslanır. Film müharibə mövzusundadır, amma konkret hansısa müharibədən bəhs etmir. Ümumiyyətlə, müharibəyə elə yanaşmışam ki, film digər ölkələrdə də rahat göstərilə bilsin. Bu, döyüş filmi deyil, müharibənin insan taleyinə təsirindən bəhs edir. İnsan həyatındakı ağrılar göstərilir. Bu mövzuya və üsluba əvvəllər də müraciət etmişik. “Açar” filmini çəkmişik, daha sonra “İşığa doğru” sənədli filmi çəkilib ki, o da “İşıq” filminin hazırlıq mərhələsi idi. “Açar” müharibədən əvvəl işğal altında olan Qarabağın hekayəsidirsə, “İşıq” bugünkü Qarabağın hekayəsidir. Amma Qarabağ burada şərtidir. Bu, dünyanın istənilən yerində müharibədən əziyyət çəkmiş bir insanın taleyi ola bilər. Film birbaşa Azərbaycana aid deyil, daha çox bəşəri məna daşıyır.
Film müxtəlif məkanlarda çəkilib. Çəkiliş zamanı qarşılaşdığınız ən böyük çətinliklər nələr oldu?
Biz filmi soyuq mövsümdə çəkməyi planlaşdırmışdıq. Torpaq yaşıllaşmadan çəkilişləri bitirməli idik. Sənədləşmə prosesləri isə vaxt aparırdı. Bundan əlavə, hava şəraiti tez-tez dəyişirdi. Məsələn, qəbiristanlıq səhnəsini çəkməli idik, bir gün dumanlı, digər gün isə günəşli hava olurdu. Çöl çəkilişlərini bitirib ev səhnələrini sonraya saxlamışdıq. Çöl çəkilişlərini tamamladıqdan sonra leysan yağış başladı. Yaxşı ki, çəkilişləri vaxtında bitirmişdik. Çünki yağışdan sonra hava açıldı, hər yer yaşıllaşdı və bu, film üçün uyğun deyildi. Film quraq dövrdə çəkilməli idi. Gələn payızda da çəkmək mümkün deyildi, çünki Qarabağda bərpa işləri çox sürətlə gedir. Məsələn, bizə dağılmış qəbiristanlıq lazım idi, amma əksəriyyəti artıq bərpa olunmuşdu. Birini tapmışdıq, lakin ora da daşlar gətirilmişdi. Xahiş etdik ki, çəkiliş bitənə qədər gözləsinlər.
Çəkilişə başlamazdan əvvəl aktyorlarla xüsusi hazırlıq prosesi keçmişdinizmi?
Bir neçə dəfə aktyorlarla görüşmüşdük, amma mən dialoqların əzbərlənməsinin tərəfdarı deyiləm. Aktyor obrazın daxilinə girməli və onu yaşamalıdır. Bizim aktyorlar peşəkardır. Ümumiyyətlə, ssenarini yazmağa başlayanda artıq konkret aktyoru nəzərdə tuturam və ssenarini onun xarakterinə uyğun qururam. Bu da kastinq prosesini asanlaşdırır və vaxt itkisinin qarşısını alır.
Filmin prodüseri Ramil Ələkbərov kinoinfo.az saytına verdiyi müsahibədə sualları cavablandırıb.
Filmin festival həyatı barədə planlarınız nədir?
Film elə bir məhsuldur ki, hazır olana qədər və hazır olduqdan sonra müxtəlif mərhələlərdən keçir və ilk olaraq festival həyatı yaşamalıdır. Buna görə də əvvəlcə mövzuya uyğun festivallar seçiləcək və film həmin festivallara göndəriləcək. Film may ayında ARKA-ya təhvil veriləcək. Növbəti mərhələdə isə ilin sonunda tamaşaçılara təqdim olunması planlaşdırılır.
Film tamamilə ARKA-nın dəstəyi ilə çəkildiyi üçün satış məsələləri də onların öhdəliyindədir. Mən prodüser olaraq bu prosesdə ARKA ilə məsləhətləşərək fəaliyyət göstərəcəyəm.
Növbəti layihəniz nədir?
“Açar” filmini biz birlikdə işləməmişik. Amma sonrakı mərhələdə “İşıq” layihəsi yarananda düşündük ki, bu layihəni necə istehsal edə və ona necə dəstək tapa bilərik. Müxtəlif cəhdlər oldu və nəticədə filmi ARKA ilə birlikdə istehsal etdik. Hələ 2024-cü ildə, “İşıq” filminin çəkilişlərinə başlamazdan əvvəl hazırlıq prosesində qərara gəldik ki, ssenarini hamımız artıq əzbər bilirik. Operatorumuz Vasif Vəlizadə də layihənin əvvəlindən bu prosesdə idi. Dedik ki, həm məkan axtarışı edək, həm də filmin formasını tapaq: necə çəkə bilərik, hansı fəsildə, hansı bölgədə. Bu məqsədlə yola çıxdıq və prosesin özünü də çəkdik. Sanki bədii filmin sənədli versiyasını çəkmiş olduq. Filmin mövzusu belədir: 2022-ci ildə işğaldan azad olunmuş bir bölgədə bir ailənin həyatına daxil oluruq və onların axtarışını izləyirik. Bu axtarışı bədii filmdə göstərmişik. Sənədli filmdə isə biz özümüz axtarışa çıxırıq — nə baş verir, nə axtarılır, bunu araşdırırıq. Beləliklə, iki paralel xətt yaranır: həm çəkiləcək film üçün məkan axtarışı, həm də mövzu axtarışı. “İşığa doğru” sənədli filmini öz büdcəmiz hesabına istehsal etdik. Film ötən il Türkiyədə və İtaliyada keçirilən film festivallarında iştirak edib, mükafat qazanıb. Ümumilikdə, bu prosesə mərhələli şəkildə başlamışıq: “İşığa doğru”, sonra “İşıq” və bundan sonra da bu proses davam edəcək. Eyni zamanda, “İşıq” filminin kameraarxası məqamlarını da çəkmişik və onlar ARKA-ya təqdim olunacaq. Paralel olaraq sənədli film istiqamətində də iş gedir. Burada artıq həm filmin çəkiliş prosesini, həm də ümumilikdə işıq və kino anlayışını araşdıracağıq. Yəni işıq yalnız mövzu kimi yox, həm də kino sənəti kimi təqdim olunacaq — səhnə arxasında nələr baş verir, bunu göstərməyə çalışacağıq. Bu layihə də sənədli film olacaq, bir qədər eksperimental üslubda planlaşdırılır və trilogiyanın üçüncü filmi kimi istehsal olunacaq. “İşıq” filmi ilə bağlı işləri tamamladıqdan sonra bu layihə üzərində daha aktiv işləyəcəyik.
Aynur Kazımova





















