Əsas ARKA-DAREJİSSOR EMİN ƏFƏNDİYEV FRANSADA FESTİVALDA İŞTİRAK EDİR

REJİSSOR EMİN ƏFƏNDİYEV FRANSADA FESTİVALDA İŞTİRAK EDİR

by editor

Briv festivalında Azərbaycan kinosu: rejissorun ilk Fransa təcrübəsi

Rejissor Emin Əfəndiyevin “Tənha insanın monoloqu” filmi Fransada keçirilən 23-cü Briv Beynəlxalq Ortametrajlı Filmlər Festivalında tamaşaçıların böyük rəğbətini qazanıb.

Azərbaycan Respublikasının Kino Agentliyinin dəstəyi ilə “Şahdağ Film” tərəfindən istehsal olunan filmin rejissoru və ssenari müəllifi Emin Əfəndiyevdir. Bu, rejissoru Fransada ilk təqdimatıdır.

Filmin nümayişindən sonra rejissor müzakirələrə qatılaraq tamaşaçıların suallarını cavablandırıb.

Film festival iştirakçıları tərəfindən yüksək qiymətləndirilib və rejissora festivalın sosial şəbəkələri üçün müsahibə vermək təklif olunub. Emin Əfəndiyev müsahibəsində filmin ərsəyə gəlməsi, süjet xətti və şəxsi motivasiyaları barədə ətraflı danışıb. O bildirib ki, filmdə şəxsi həyatından götürülmüş məqamlar yer aldığından bu layihə onun üçün xüsusi əhəmiyyət daşıyır və ən sevdiyi işlərdən biridir.

Fransız tamaşaçılarının yanaşmasının fərqli və tələbkar olduğun vurğulayan Emin Əfəndiyev qeyd edib ki, onlar filmin hər detalına diqqət yetirir, əsəri dərindən təhlil edirlər. Bu, rejissor üçün həm çətin, həm də maraqlı təcrübədir. Belə yanaşma filmi daha yaxşı təqdim etməyə və tamaşaçı ilə daha güclü emosional əlaqə qurmağa imkan verir.

Qeyd edək ki, ümumilikdə festival Azərbaycan kinosunun beynəlxalq arenada tanıdılması və yerli rejissorların yaradıcılığının geniş auditoriyaya çatdırılması baxımından mühüm əhəmiyyət kəsb edir.

Qeyd edək ki, Emin Əfəndiyevin festivalda iştirak xərcləri Azərbaycan Respublikasının Kino Agentliyi tərəfindən ödənilib.

“Festivalın seçki komitəsində Azərbaycanın təqdim etdiyi rejissor Emin Əfəndiyevin “Tənha insanın monoloqu” filmi ilə bağlı razılıq çox asan qəbul olundu. Belə ki, film festivalın seçki komitəsinin bütün üzvləri tərəfindən yekdilliklə müsbət qiymətləndirildi və festival üçün seçildi. Hər kəs filmin onun qəlbini fəth etdiyini vurğuladı. Hər bir komitə üzvü filmin təsir gücünü hiss etdi”. Bu fikirləri Brive Film Festivalının Baş meneceri, Briv və Turin beynəlxalq film festivalı seçki komitəsinin rəhbəri Culio Kassadini Azərbaycan filminin nümayişindən sonra deyib.

“Film həm mövzusu, həm də forması ilə izləyiciləri heyran qoyur. Mövzu, ata ilə oğul arasında demək olar ki, mümkünsüz bir qarşıdurmanı əks etdirir, forması tam nəzarət altında, ifadə qabiliyyəti yüksəkdir. Film gələcəkdə çox böyük istedadlı rejissor vəd edir. Əminəm ki, bu rejissor gələcəkdə çox gözəl uzunmetrajlı filmlər çəkəcək və onları izləməyi səbirsizliklə gözləyirəm”,- deyə Culio Kassadini vurğulayıb.

O bildirib ki, film eyni zamanda, müharibənin təsirlərini və onun insanların və ailələrin həyatına necə sirayət etdiyini də ustalıqla göstərir: “Rejissor müharibəni filmdə daim hiss etdirir, amma onu heç vaxt birbaşa göstərmir – nə televiziya görüntülərində, nə arxiv materiallarında. O, yalnız müəyyən bir müharibədən deyil, ümumi müharibə anlayışından bəhs etdiyini göstərir. Eyni zamanda, bu metaforik yanaşma, müharibə təsirinin ailə mühitinə necə transfer olunduğunu izləyici üçün daha maraqlı edir”.

Əlaqədar Yazılar