“Erkən hisslər” filmi böyümə hekayəsindən (“coming-of-age”) bəhs edir. Filmdəki hadisələr 2002-ci ildə Futbol üzrə Dünya Çempionatı zamanı baş verib. Əsərin baş qəhrəmanı, 11 yaşlı Ziya ilk dəfə ölümlə qarşılaşır. Qonşuluqda yaşayan bir qadının vəfatı onda insan həyatının sonluğu ilə bağlı suallar yaradır. Bu hissləri anlamağa çalışdığı vaxt şəhərdən gələn bir qıza aşiq olur. Lakin tezliklə öyrənir ki, məhəllədəki daha iki uşaq da həmin qızdan xoşu gəlir. Beləliklə, qəhrəman həm ölüm, həm də sevgi hisslərini anlamağa çalışır. Filmdə futbol mövzusu da xüsusi yer tutur. Bu detal müəyyən mənada avtobioqrafik xarakter daşıyır. 2002-ci il Dünya Çempionatı zamanı Azərbaycanda yaşlı nəslin böyük əksəriyyəti Türkiyə millisini dəstəkləyirdi. Uşaqlar isə daha çox güclü oyun nümayiş etdirən komandaların tərəfindəydi. Filmdə də ata Türkiyə, oğlu isə Braziliya millisinin azarkeşidir. Bu fərq ata ilə oğul arasında əlavə münaqişə yaradır. Filmin ssenari müəllifi və rejissoru Nurlan Həsənli vurğulayıb ki, “Erkən hisslər” filminin dünya premyerası Krakov Film Festivalında keçirilib. “Film daha sonra Bakı Beynəlxalq Film Festivalında yerli kateqoriya üzrə “Ən yaxşı film”, Qırğızıstanda keçirilən “Ümid” Yenilər Forumunda isə “Ən yaxşı rejissor” mükafatlarına layiq görülüb. Həmçinin Kann Film Festivalının “Short Film Corner” bölməsində nümayiş olunub və Klermon-Feran Film Festivalının marketinə daxil edilib. Sonuncu dəfə Qazaxıstanda keçirilən Baykonur Film Festivalında “Ən yaxşı film” mükafatını qazanıb. Film Avstriyada keçirilən Linz Film Festivalının əsas müsabiqəsində də nümayiş olunub və “Ən yaxşı rejissor” mükafatına layiq görülüb. Qısametrajlı filmlərin nümayişi və yayımı təkcə Azərbaycanda deyil, dünyada da müəyyən çətinliklərlə müşayiət olunur. Bununla belə, son illərdə yalnız qısametrajlı filmlərin nümayişinə yönələn onlayn platformalar da yaranıb. Belə filmlərin tamaşaçıya çatdırılmasında beynəlxalq festivallar mühüm rol oynayır”,- deyə o əlavə edib.
Nurlan Həsənli “Erkən hisslər” filminin festivallarda nümayişi və mükafatlar qazanmasının yaradıcı heyət üçün əhəmiyyətli uğur olduğunu deyib: “Filmin müəllifləri və istehsalçıları ekran əsərini tamaşaçıya çatdırmağa çalışırlar. Nüfuzlu festivallarda iştirak digər festivallara dəvət almaq və filmin satış imkanlarını genişləndirmək baxımından da əhəmiyyət daşıyır. Filmin festivallarda uğur qazanması müəllif üçün ərsəyə gətirdiyi işin dəyərləndirilməsi deməkdir. Eyni zamanda, bu uğur prodüser və istehsal şirkəti üçün gələcək layihələrin təqdimatı və satışına imkan yaradan bir növ vizit kartı rolunu oynayır. Ekran əsərinin beynəlxalq festivallarda nümayişi Azərbaycanın kino sahəsində təmsil olunması baxımından da əlamətdardır. “Erkən hisslər” filmi Azərbaycan Respublikası Kino Agentliyinin dəstəyi ilə çəkilib”.


