Bakı Media Mərkəzinin istehsal etdiyi “Sükut içində addımlar” filmi Avropanın nüfuzlu kino platformalarından biri olan NNW Beynəlxalq Film Festivalında iştirak edib. 1-4 oktyabr 2026-cı il tarixlərində Polşanın Gidnia şəhərində keçirilən 18-ci festivalda dünyanın bir çox yerlərindən seçilmiş 60 ekran əsəri iştirak edib. Film festivalın “Münsiflər heyətinin xüsusi qeydi” mükafatına layiq görülüb.
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Kino Agentliyi və Polşa Kino İnstitutunun maliyyə dəstəyi ilə Bakı Media Mərkəzi, Drygas Film Production və Polşa Televiziyası (TVP) tərəfindən birgə istehsal olunan film Qarabağda, işğaldan azad olunmuş ərazilərin minalardan təmizlənməsi prosesini əks etdirir.
Filmin qəhrəmanları qadınlardan ibarət minaaxtaran qrupudur. Minaxtarma fəaliyyəti bəzən “gizli müharibə” də adlandırılır, çünki təhlükə hər yerdə ola bilər, lakin görünməzdir. Kamera davamlı olaraq bu qadınların həyatını izləyir. Onlar nə qədər təhlükəli və riskli bir işlə məşğul olsalar da, eyni zamanda həm qayğıkeş ana, həm də zərif və baxımlı qadın kimi təsvir olunurlar. Onların gündəlik həyatında texniki siqnallar, təhlükə, iradə, kövrəklik və güc, ölüm və qalım mövzuları sükutla birləşərək tamaşaçıya çatdırılır.
Filmin baş prodüseri Bakı Media Mərkəzinin prezidenti Arzu Əliyeva, ko-prodüseri Vita Jelakeviçut (Polşa), prodüseri Orman Əliyev, rejissoru Fariz Əhmədov, ssenari müəllifləri Fariz Əhmədov və İsmayıl İman, operatoru Mateuş Çuxnovski, redaktoru Rasim İsmayılov, kreativ prodüserləri Maçey Driqas (Polşa) və Tahir Əliyevdir.
Qeyd edək ki, Fariz Əhmədovun tammetrajlı sənədli filmi daha öncə 66-cı Krakov Film Festivalında “Ən yaxşı təsvir həlli” mükafatına layiq görülmüşdü.
Film tezliklə, 17-25 oktyabr 2026-cı il tarixlərində Rumıniyada keçiriləcək Astra Film Festivalında da iştirak edəcək. Festivallar həm də rejissorların, tarixçilərin və real həyatda tarixi dəyişən qəhrəmanların bir araya gəldiyi unikal müzakirə məkanıdır. Azərbaycan kinosunun belə nüfuzlu beynəlxalq platformalarda təmsil olunması ölkəmizin mədəni irsinin və sənədli kino potensialının qlobal miqyasda tanıdılması baxımından mühüm əhəmiyyət daşıyır.


