Əsas ARKA-DA“SÖZÜN VARSA DE!” FİLMİNİN ÇƏKİLİŞLƏRİ DAVAM EDİR

“SÖZÜN VARSA DE!” FİLMİNİN ÇƏKİLİŞLƏRİ DAVAM EDİR

by editor

Rejissor Samir Kərimoğlunun “Sözün varsa de!” adlı tammetrajlı bədii filmi hazırda çəkiliş mərhələsindədir. “Seyidbəyli film” tərəfindən istehsal olunan ekran əsərinin xronometrajı 120 dəqiqə olaraq nəzərdə tutulub. Dram janrında olan layihənin rejissoru və ssenari müəllifi Samir Kərimoğlu, quruluşçu operatoru İman İmanov, quruluşçu rəssamı Səbuhi Atababayev, bəstəkarı Nazim Məmmədov, baş prodüser Seymur Seyidbəyli, icraçı prodüser Hacıağa Qurbanov, xətt prodüseri Murad Muradov, qrim rəssamı Səda Cəlil, geyim rəssamı Olqa Şabanovadır. Rollarda Gülzar Qurbanova, Rəşad Mikayılzadə, Aygün Fətullayeva, İffət Əsgərov, Səmimi Fərhad, Niyaz İlyasoğlu və digər aktyorlar çəkilirlər.

Filmin qısa məzmununa görə, “Sözün varsa de!” milli-mənəvi dəyərləri, klassik söz ədəbiyyatını və zəngin folklor irsini müasir kino dili ilə təqdim edən dramdır. Süjetin mərkəzində səmimi və çətin sınaqlardan keçən bir sevgi hekayəsi dayanır. Bu sevgi yalnız qəhrəmanların taleyini deyil, illərdir davam edən köhnə düşmənçiliyin gedişatını da dəyişir. Film göstərir ki, nifrətdən doğulan münaqişələr yalnız səmimi söz, anlayış və bağışlamaqla sona çata bilər.

40 gün davam etməsi planlaşdırılan çəkilişlərin altıncı günündə rejissor Samir Kərimoğlu kinoinfo.az-ın suallarını cavablandırıb.

– Ssenarini yazanda sizi nə ilhamlandırdı?

Mən çox istəyirdim Azərbaycan ab-havasını əks etdirən bir film çəkim. Kriminal filmlər çəkilir, amma bu hadisələr bizdə baş versə də, bizə bir qədər yad görünür. Azərbaycan milli-mənəvi dəyərlərinə üstünlük verən bir film çəkmək istəyirdim. Bunun üzərində düşündüm və qərara gəldim ki, Azərbaycan mədəniyyətini, ədəbiyyatını və folklorunu əks etdirən bir film çəkim.

– Filmin müxtəlif məkanlarda çəkilməsi çəkiliş prosesinə maneə yaradırmı?

Çəkilişlər Bakı kəndlərində – Buzovna, Maştağa, Bayıl və Badamdarda nəzərdə tutulub. Çətinlik yoxdur, çünki komanda çox yaxşıdır.

Filmin festival həyatı ilə bağlı hansı planlarınız var?

Filmin çəkilişindən əvvəl düşünmüşdük ki, bu film həm müəllif, həm də kommersiya filmi olsun. Çünki gələn Novruz bayramı ərəfəsində filmi kinoteatrlarda tamaşaçılara təqdim etməyi planlaşdırırıq.

– Filminiz dram janrındadır, komediya filmlərinin daha çox izlənildiyi bir mühitdə tamaşaçıdan nə gözləyirsiniz?

Artıq bu stereotipi sındırmaq lazımdır. Xarici filmlər gələndə janrından asılı olmayaraq, film yaxşıdırsa tamaşaçı baxır. Azərbaycan filminə gələn tamaşaçı da maraqlı film izləmək istəyir. Komediya filmlərinin istehsalı çoxdur. Düşünürəm ki, bu dəyişiklik peşəkar yanaşan izləyici üçün də maraqlı olacaq.

– Bizim kinomuzun inkişafı üçün rejissor kimi nələrin lazım olduğunu düşünürsünüz?

İnkişaf üçün istehsal lazımdır. Azərbaycan Respublikasının Kino Agentliyinin (ARKA) artıq bir neçə ildir təşkil etdiyi film müsabiqələri prosesi sürətləndirir. İşlədikcə bütün çatışmazlıqlar görünür və onlar aradan qaldırıldıqca keyfiyyət də artır. Əsas odur ki, proses gedir və görürük ki, çoxlu bədii-sənədli filmlər çəkilir. Mən özüm çəkilən beş filmin üçündən razı qalıram.

– Növbəti film layihəniz varmı və nədən bəhs edir?

Türkiyə ilə ortaq çəkmək istədiyim film var. Dirijorun həyatından bəhs edən bədii film çəkmək istəyirəm. Baş qəhrəmanı daha öncə rəhmətlik Yaşar Nuri oynamağa söz vermişdi, amma alternativ olaraq Haluk Bilginerin oynamasını istəyirəm.

Filmin quruluşçu operatoru İman İmanov da kinoinfo.az saytının suallarını cavablandırıb.

– Siz və rejissor əvvəllər qısa film üzərində də birgə işləmisiniz. İkinci əməkdaşlığınız olan Sözün varsa de!” filmində əvvəlki təcrübə iş prosesinə necə təsir etdi və komanda olaraq bu dəfə nələr daha asan, nələr isə daha fərqli və ya çətin oldu?

Biz rejissorla artıq bir qısa film üzərində işlədiyimiz üçün bir-birimizi yarı sözdən anlayırdıq. Bu, prosesə ciddi şəkildə sürət və rahatlıq qatdı. Əvvəlki təcrübədən sonra artıq estetik baxışımızın harada üst-üstə düşdüyünü, harada isə bir-birimizi balanslaşdırdığımızı bilirdik. Ona görə də bu dəfə texniki və yaradıcı qərarları daha tez verə bildik.

– Filmdə meyxana deyişmələri var. Operator olaraq bu səhnələrin ritmini və gərginliyini vizual dildə necə qurmusunuz ki, həm emosiyanı, həm də qarşıdurmanı tamaşaçıya ötürə biləsiniz?

Meyxana səhnələrində əsas məqsəd ritmi hiss etdirmək idi — çünki meyxana sadəcə söz deyil, daxili temp və qarşıdurmadır. Buna görə kameranı mümkün qədər hərəkətli istifadə etdik. Statik kadrlardan çox, yüngül əl kamerası ilə işləyərək o anın enerjisini və spontanlığını qorumağa çalışdıq. Kadr quruluşunda tez-tez yaxın planlardan istifadə etdik, üz ifadələri, baxışlar. Paralel olaraq, bəzi anlarda geniş planlara keçərək məkanın və auditoriyanın reaksiyasını göstərdik ki, qarşıdurma daha böyük hiss olunsun.

Aynur Kazımova

Əlaqədar Yazılar