Bakı Media Mərkəzinin istehsalı olan, rejissor Fariz Əhmədovun “Sükut içində addımlar” adlı tammetrajlı sənədli filminin Avropanın ən qədim kino tədbirlərindən biri sayılan 66-cı Krakov Film Festivalının müsabiqəsində dünya premyerası baş tutub. İyunun 2-də keçirilən nümayiş festival iştirakçıları tərəfindən maraq və alqışlarla qarşılanıb.
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, ARKA və Polşa Kino İnstitutunun maliyyə dəstəyi ilə Bakı Media Mərkəzi, Drygas Film Production və Polşa Televiziyası (TVP) tərəfindən birgə istehsal oluan filmin baş prodüseri Bakı Media Mərkəzinin prezidenti Arzu Əliyeva, ko-prodüseri Vita Jelakeviçut (Polşa), prodüseri Orman Əliyev, ssenari müəllifləri Fariz Əhmədov və İsmayıl İman, quruluşçu operatoru Mateuş Çuxnovskidir.
Qeyd edək ki, sözügedən festival həm “Oskar” mükafatı, həm də Avropa Film Akademiyası üçün kvalifikasiya xarakteri daşıyır. Rejissor Fariz Əhmədovun və Cəmilə Qəhrəmanovanın bu mötəbər festivalda iştirakı Azərbaycan Respublikasının Kino Agentliyi (ARKA) tərəfindən dəstəklənib.
Filmin nümayişi ilə bağlı “Modern Times Review” da Berenika Balcerin resenziyası da yayımlanıb. Qeyd edək ki, “Modern Times Review” sənədli filmlər və kitablar üzrə ixtisaslaşmış, Avropa mərkəzli rəqəmsal və çap jurnalı platformasıdır.
Berenika Balcerin resenziyasında Fariz Əhmədovun “Steps in Silence” filmi Qarabağda mina təmizləmə işləri aparan qadınlardan ibarət qrupun gündəlik həyatını və fəaliyyətini müşahidəçi üslubda təqdim edən sənədli film kimi qiymətləndirilir. Müəllif filmin qəhrəmanlıq ritorikasından uzaq duraraq səbir, peşəkarlıq və müharibədən sonrakı bərpa prosesini sakit və təsirli şəkildə göstərdiyini vurğulayır. Resenziyaya görə, filmin ən güclü tərəfi səs tərtibatı və qadın minatəmizləyənlərin torpağı addım-addım həyata qaytarmaq missiyasını təbii və dramatizasiyasız təqdim etməsidir.
Məqalənin linki: https://www.moderntimes.review/steps-in-silence/




















